Rafiq Əzimovun qaşı necə zədələndi… Featured

Rate this item
(0 votes)

 

“Yeddi oğul istərəm” filmindəki Şahsuvar obrazını bir yada salıbın. Onun irili-xırdalı onlarca rolu olub, di gəl, yaddaşlara bu rolla həkk olunub. 85 illiyinin nailiyyət baqajında da əsas yük Şahsuvarındır. 

Ötən gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti, teatr və kino aktyoru Rafiq Əzimovun anadan olmasının 85 illiyi qeyd edilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy" (Dibdat bəy), "Göz həkimi" (İvanov), "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb. Eləcə də çoxsaylı film və tamaşalarda rol alıb. 

Prezident təqaüdçüsüdür.

2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş "Sənət sevgisi" filmi çəkilib. 

İndi də qayıdaq yubiley tədbirinə. Tədbiri giriş sözü ilə muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq, sənətkarı yubileyi münasibətilə təbrik edib, onun yaradıcılığı haqqında danışıb. 

Xalq artistləri Hacı İsmayılov, Şeyx Əbdül Mahmudbəyov, Əli Nurzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Rüstəmov, Elxan Quliyev, Anar Heybətov, mədəniyyət yazarı Vasif Ayan çıxış edərək yubilyarla bağlı öz xatirələrini bölüşüb və onun kino və teatr mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıblar. 

Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan və aktyorun yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşa və filmlərdən kadrlar nümayiş olunub.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri konsert proqramı ilə çıxış ediblər. 

Sonra Rafiq Əzimovun yubileyi münasibətilə çəkilmiş portret rəssam Vüsal Tərlanoğlu tərəfindən ona hədiyyə olunub.

Tədbirdə incəsənət xadimləri, aktyorun ailə və sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Yubilyar hamıya minnətdarlıq bildirib. 85 - ömrün çox ahıl və çox məsuliyyətli dövrüdür. Həm də hesabat dövrüdür. 

Necə ki, Rafiq Əzimov öz hesabatını verdi. 

 

Elə bu yerdə Rafiq Əzimovun Şahsuvar obrazını yaratması ilə bağlı xatirəsinə də nəzər yetirək. Ömründə at minməyən, buna baxmayaraq çəkilişdən əvvəl at çapmağı öyrənməklə filmdə peşəkarlıq nümayiş etdirən Rafiq Əzimov qeyd edir ki, Cıdır meydançasında ay yarım məşq edərək at üzərində dayanmağı, ümumiyyətlə atı idarə etməyi öyrəniblər: “Məşq prosesindən sonra Tofiq Tağızadə bizə göstəriş verdi ki, həmin atlar ilə Cıdır meydançasından kinostudiyaya gedək. Yeddimiz də atın belində şəhərin mərkəzi küçələri ilə gəlib kinostudiyanın həyətində cərgə ilə dayandıq. Sən demə, rejissor istəyirmiş təyin etsin, görsün ki, necə görünürük. 

Şahsuvar obrazının ilk çəkilişi kinostudiyanın pavilyonunda oldu. Mən səməni ilə kadra daxil oluram. Deyirəm ki, ”kənddə bir gəlin verdi”. İndi təsəvvür edin ki, filmin çəkilişinə az qalıb, səməni qoymağı unudublar. Heç kimə bir söz demədən çıxdım həyətə, həyətdə ot var idi, yeri qazıb xeyli ot çıxartdım. Torpağını yuyub, qayçıladım, qəşəng bir səməni düzəldib, qoydum boşqaba. Beləcə səməni yerinə otla çəkilişə qatıldım” 

Maraqlı məqamlardan biri də o olub ki, Bəxtiyarın Humayı döydüyü səhnənin çəkilişi zamanı at belində kənarda dayanıb səhnəni izləyən Şahsuvar-Rafiq Əzimov dözməyərək deyib ki, Tofiq müəllim, axı bu kişilikdən deyil ki, bir kişi günahsız qızı döyür, biz də durub baxırıq. Tofiq Tağızadə aktyorun nə təklif etdiyini soruşduqda, o, heç olmasa birimizdə bir qeyrət olsun , Bəxtiyara deyək ki, `Axı ayıbdır, niyə belə edirsən?` O, mənə qayıtdı ki, “motor” deyəndə sən Bəxtiyarı saxla. Beləliklə, çəkliş başlayanda atın üstündə çapıram və gəlib Bəxtiyara yaxınlaşıram, öz atımdan düşürəm, onun atının cilovun saxlayıram. Özümdən söz əlavə etdim: “Bəxtiyar, Bəxtiyar nə edirsən”. Bu dəmdə Bəxtiyarın atının cilovunu dartanda atın dişi qaşımın ortasına dəydi, zədələndi. Çəkiliş vaxtı belə hallar çox olduğu üçün artıq öyrənmişik”.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)