“Nəfəs” Amerikada, “Çılpaq" Estoniyada

Rate this item
(0 votes)

Azərbaycan kinosu sərhədlər aşmaqdadır. “Ədəbiyyat və incəsənət”in növbəti xəbəri iki filmimizin beynəlxalq nümayişi barədədir. “Nəfəs” filmi Amerikada, “Çılpaq" fiımi isə Estoniyada nümayiş olunub. 

 

Gəlin öncə kinodramaturq Ülviyyə Heydərovanın bu açıqlamasına diqqət edək: 

-Böyük qürur hissi ilə kinorejissor Elmar Bayramovla uğurumuzu sizinlə bölüşürük. Amerikada yaşayan kinorejissor Elmar Bayramovla həmmüəllifi olduğum "Nəfəs" tammetrajlı bədii filmi nəhayət böyük ekrana çıxdı. Film ilk dəfə Nyu-Yorkun qədim "Village East by Angelika" kinoteatrında Diasporla İş üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun dəstəyi ilə nümayiş etdirildi.  Ekran əsəri vaxtilə müharibədə əsir düşmüş, işğaldan azad olunmuş kəndinə çox illər sonra qayıdan, hər daşı, suyu, torpağı, ağacı ona bütün keçmişini xatırladan insandan bəhs edir. "Nəfəs" müharibədə əsir düşmüş insanların əziz xatirəsinə ithaf olunub.

 

Qeyd edək ki, bu ekran əsərinin quruluşçu rejissoru və prodüseri Elmar Bayramov, ssenari müəllifi Ülviyyə Heydərova, Elmar Bayramov, təsvir rejissoru Ruslan Ağazadədir. "Nəfəs" filmində Vüsal Hacıqədir, Rasim Cəfər, Tural Əhməd, Günay Əhməd çəkiliblər. 

 

İndi isə gəlin Nyu-Yorkdan Estoniyanın paytaxtı Tallin şəhərinə adlayaq. Orada  Baltik Film Akademiyasının (BFA) Supernova zalında azərbaycanlı rejissor Hikmət Rəhimovun "Çılpaq" filmi nümayiş olunub. Rejissor Hikmət Rəhimovun açıqlamasına görə, nümayişdə BFA-nın tələbə və müəllim heyəti, mədəniyyət sahəsinin nümayəndələri və kinosevərlər, Estoniyada yaşayan azərbaycanlılar iştirak ediblər. 

BFA-nın layihə rəhbəri Elaro Lend və Supernova zalın kuratoru Jaak Lohmus qonaqları salamlayaraq, filmin Estoniyada nümayişini mühüm hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, belə təqdimatlar nümayişlər həm də xalqların bir-birini tanımasına dəstək olur və mədəniyyətləri yaxınlaşdırır. 

Sonra filmin Estoniyada nümayişini təşkil edən Karyera Təhsil Akademiyasının həmsədrləri Sənəm Əliyeva və Kadir Tanış ekran əsəri barədə məlumat veriblər. Filmin rejissoru Hikmət Rəhimov film barədə fikirlərini bildirərək bu günə qədər bu ekran əsərinin Kann, İstanbul və Praqa film festivallarında yüksək mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb. 

Tədbirdə filmin rejissoru iştirakçıların suallarını da cavablandırıb. 

Qeyd edək ki, İctimai Televiziyanın məhsulu olan “Çılpaq" filminin nümayişi İctimai TV, Karyera Təhsil Akademiyası və BFA-nın işbirliyi ilə "Kino sənəti birləşdirir və öyrədir" layihəsi çərçivəsində göstərilib.

 

“Ədəbiyyat və incəsənət” portalı sizə milli kinomuz barədə 2 sevindirici xəbəri çatdırdı. Amma bu hələ hamısı deyil. Daha möhtəşəm xəbəri isə Fransadan almışıq. 

Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) mükafatlandırma mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi  birdən-birə festivalın 3 mükafatına layiq görülüb. Təfsilatı növbəti xəbərlərdə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)