Bu gün Aktyor Nurəddin Mehdixanlının 65 illik yubileyidir

Rate this item
(0 votes)

 

Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. 1974-cü ildə  M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, böyük rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub, təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb, saysız-hesabsız obrazlar yaradıb. Aktyor Azərbaycan Dövlət Teleziziyasında Ə.Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), C.Cabbarlının “Solğun çiçəklər” (Bəhram), N.Həsənzadənin “Kimin sualı var?” (İlham), B.Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) teletamaşalarında iştirak edib, “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev, “Cavid ömrü”ndə Əhməd Cavad, “Məhkumlar”da Polkovnik Hacıyev, alman rejissoru F.Xelmerin “Susuzluq və sevgi”sində Zaza, ABŞ rejissoru A.Helencerin “Burulğan”ında Kişi, “Təlatüm” bədii-televiziya filmində İlyas Şahdağlı, “Cavad xan”da Cavad xan rollarına çəkilib. N.Mehdixanlı 1986-cı ildə Naxçıvan MR-nın “Əməkdar artisti”, 1998- ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2016-cı ildə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Biz onu həm də gözəl qiraət ustası kimi tanıyırıq. Səs tembri insanı büsbütün alüdə edə bilir. Yubileyin mübarək, sənətkar, - deyirik.