“Elə oldu, həqiqətən mən səhnədə yaralandım…” - Zəroş Həməyeva Featured

Rate this item
(1 Vote)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

 

 

GETMƏYƏYDİN KAŞ SƏHNƏDƏN

 

 Böyük rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədovun “Azərbaycan qadınının səhnəyə gəlişi qəhrəmanlıq dastanıdır” sözlərini aktrisalarımızdan ən çox, yəqin ki,  Xalq artisti Zəroş Həmzəyevaya aid etmək olar.

 

- Zəroş xanım, biz bu söhbəti martın 22-də - sizin anadan olduğunuz gün etməliydik. Amma dəfələrlə zəng etməyimizə baxmayaraq, sizi müxtəlif tədbirlərə dəvət etdiklərindən söhbətimiz həmin gün baş tutmadı.

- Bu, məni sevindirir. Düz on üç ildir ki, səhnəni tərk etmişəm, amma tamaşaçılar hələ də məni unutmayıblar.

 

- Siz səhnəyə fanatik Nehrəm mühitinin təzyiq və təhqirlərinə sinə gərib gəlmisiniz. Bu qeyri-adi cəsarəti sizə verən nə idi?

- Mən səhnəyə çıxanda on altı yaşım varıydı. Heç bir teatr təhsili almamışam. İndi-indi dərk edirəm ki, səhnəyə çıxmağım Allahın qismətiymiş. Mənim içimdə elə bir vulkan var idi ki, istəsəm də, istəməsəm də üzə çıxmalı idi.

 

- Prezident Heydər Əliyevlə orta məktəbdə bir sinifdə oxumusunuz. Prezidentimizin məktəb illəri yadınızda necə qalıb?

- O hələ o vaxtdan hər cəhətdən ideal idi. Səliqəli geyinər, dərslərini hamıdan yaxşı hazırlayardı. Sinif yoldaşlarına dərslərini hazırlamaqda əlindən gələn köməyi əsirgəməzdi. Biz sinfimizin iki ən yaxşı oxuyan şagirdi idik. Bir yerdə İbrahim Həmzəyevin  teatr dərnəyinə gedirdik. O, teatrı, ümumən sənəti çox sevərdi. Təsəvvür etmək çətindir ki, incəsənəti, ədəbiyyatı onun qədər sevən ikinci dövlət başçısı olsun. O bu gün də sənət adamlarına böyük qayğı ilə yanaşır.

 

- Sinif yoldaşınızın bir gün ölkə başçısı olacağınım gözləyirdiniz?

- Biz onun daha çox elm, sənət sahəsinin başçısı olacağını gözləyirdik, amma o dövlət başçısı oldu. Dövlət başçısı oldu ki, bütün elm və sənət adamalrına diqqət, qayğı göstərsin.

 

- İlk dəfə səhnəyə çıxdığınız günü necə xatırlayırsınız?

- Mən yeganə aktrisayam ki, səhnəyə dramaturq sözü ilə deyil, öz sözümlə çıxmışam. Gəncə teatrından Naxçıvana gələn məşhur aktyor İbrahim Həmzəyev dram dərnəyi təşkil etmişdi. Dram dərnəyinin üzvlərinə qoşulub, “Oqtay Eloğlu” tamaşasına gizlicə baxdım. Oqtayın bacısı Firəngizin tamaşada heç nədən çəkinməyərək, cəsarətlə səhnəyə çıxması beynimdə elə bil ki, şimşək kimi çaxdı, qərarım qətiləşdi -  aktrisa olmalıydım! Lakin səhnəyə çıxmaq üçün kimsə mənə dayaq olmalıydı. Belə bir dayaq dram dərnəyinin rəhbəri İbrahim Həmzəyevdən yaxşı kim ola bilərdi? Biz onunla ailə qurduq və yalnız bundan sonra səhnəyə çıxa bildim. Artistə getdiyim bəs deyil, hələ bir səhnəyə də çıxmışdım. Nehrəmlilər düz on il mənimlə küsülü qaldılar.

 

- Demək, siz İbrahim bəylə sevib ailə qurmamısınız. Axı, deyilənlərə görə o çox yarlı-yaraşıqlı bir adam olub.

- Mən onun o vaxtlarını görmədim. Mənimlə ailə quranda o artıq otuz yaşlarında idi.

 

- Səhnəyə öz sözümlə çıxmışam dediniz, bunu necə başa düşək? Pyesmi yazmışdınız?

- (gülür) Yox, mən səhnəyə ilk dəfə “Əsli və Kərəm” tamaşasında sözsüz bir rolda çıxmışam. Rejissor İbrahim Həmzəyev mənə dedi ki, sən şahın taxtının yanında oturmalısan, mən də oturdum. Qızlar oxuyur, şah keşişə deyirdi: “Qızı ver Kərəmə!”. Keşiş isə deyirdi: Vermərəm! Vermərəm! Vermərəm!” Gördüm hamı səhnədə danışır, öz-özümə dedim ki, yaxşı, mən biabır olub, səhnəyə çıxmışam, barı, heç olmasa, bir söz deyim. Keşişə yaxınlaşıb, - “Əşi, duzsuz olma, bu qədər adam sənə ağız açır, ver qızı, getsin”, - dedim. Zalda əvvəl gülüş, sonra isə alqış qopdu. Səhnədəkilər uğunub özlərindən getmişdilər. Tamaşa pozulmuşdu. İbrahim əlindəki əsa ilə böyrümdən vurdu. Ağrıdan, pərtlikdən, ağlaya-ağlaya səhnədən qaçdım. Bunun üstündə İbrahimlə bir həftə küsülü qaldıq.

 

- Səhnədə oynadığınız rollar arasında ən çox hansı sizə yaxındır?

- İndiyədək 400-ə yaxın rol oynamışam. Mən yeganə aktrisayam ki, Cəfər Cabbarlının 11 pyesinin 11-də də baş rolda səhnəyə çıxmışam. İlk rolum Nəcəfbəy Vəzirovun “Hacı Qəmbər”ində Yetər olub. Haqverdiyevin “Pəri Cadu”sunda Səlimə və Hafizə xanım, Süleyman Rüstəmin “Qaçaq Nəbi”sində Həcər, Mirzə Fətəli Axundovun “”Xırs-Quldurbasan”ında Pəricahan, Cəlil Məmmədquluzadənin “Ölülər”ində Nazlı, Səməd Vurğunun “Vaqif”ində Xuraman, “Fərhad və Şirin”ində Şirin, Sabit Rəhmanın “Toy”unda Zalxa, Mirzə İbrahimovun “Həyat”ında Həyat, İslam Səfərlinin “Göz həkimi”ndə Nərminə, İyas Əfəndiyevin “Atayevlər ailəsi”də Reyhan, Hüseyn Cavidin “Şeyx Sənan”ında Xumar, Səyavuş”unda Südabə, Kəmalə Ağayevanın “Məhsəti”sində Məhsəti, Şıxəli Qurbanovun “Sənsiz”ində Sevinc, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”sında Nihal, Anarın “Adamın adamı”nda Atbalaxanım, Ostrovskinin “Günahsız müqəssir”lərində Kruçinina, Şekspirin “Otello”sunda Dezdemona, Şillerin “Məkr və məhəbbət”ində Luiza, Şirvanzadənin “Namus”unda Süsən, Lope De Veqanın “Seviliya ulduzu”nda Estreliya, Qoqolun “Evlənmə”sində Aqafiya, Əziz Nesinin “Toros canavarı”nda Münəvvər... İndi çox çətin gəlir deyim ki, bunlardan hansı mənə ən yaxındır. Hamısı əzizdir... (kövrəlir)

 

- Siz Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Həsənağa Salayev kimi böyük sənətkarlarla tərəf müqabili olmusunuz. Onlarla bağlı nə xatirəniz var?

- Naxçıvana sənət mübadiləsinə gələn Sidqi Ruhulla mənim səhnədə çox ağladığımı görüb, həmişə zarafatla deyirdi: “Sən axırda səhnədə öləcəksən!” Bir dəfə o, “Namus”da məni xəncərlə vurmalıydı. Amma elə oldu ki, mən doğrudan yaralandım. Rola elə qapılmışdım ki, isti-isti bunu hiss etməmişdim. Demə, məni qan aparırmış, xəbərim yox imiş. Birdən dəhşətli ağrı hiss etdim, məni xəstəxanaya götürdülər. Bütün Naxçıvan görüşümə gəlirdi. Fəxr edirdim ki, Sidqi kimi bir sənətkar məni xəncərlə vurub. O xəncər yarasının yeri hələ də durur.

 

- İbrahim Həmzəyevin bu il anadan olmasının 90 ili tamam olur. Naxçıvan, Füzuli və Ağdam teatrlarının yaranması və inkişafında misilsiz xidmətləri olan bu sənət fədaisinin yubileyi dövlət səviyyəsində qeyd olunacaqmı?

- Əlaqədar şəxslərin yadına düşsə, yəqin ki, qeyd olunar.

 

- Sənətini yüksək qiymətləndirdiyiniz aktrisa varmı?

- Hökümə Qurbanova, sonra gələnlərdən Şəfiqə Məmmədova. Şəfiqə səhnədən tez getdiyi üçün mən ondan incidim. Teatr bununla çox şey itirdi.

 

- Bəs gənc aktrisalardan...

- Gənclərin bir cəhəti mənə xoş gəlmir ki, hər şeyə birdən-birə nail olmaq istəyirlər. Mən “Fərhad və Şirin”də Fitnə və Məryəm oynayandan sonra Şirinə keçmişəm. İndi görürsən birdən-birə gənc bir qıza verirlər Şirini, sonra nə inkişaf edib irəli gedə bilir, nə də aşağı düşə bilir, qalır ortada.

 

- Bu yaxınlarda “Nəqşi Cahan” adlı şeirlər kitabınız dərc olundu. Bu hansı zərurətdən doğdu?

- Bu şeirlər mənim səhnəsiz günlərimdəki fikir və duyğularımın bəhrəsidir. Axı, sənətkar nəyləsə məşğul olmalıdır... Bir çox rollarımı da yenidən hazırlamışam.

 

- Deməli, sizi səhnədə yenidən görəcəyik.

- İbrahim Həmzəyevin vəfatından sonra mən təkcə həyat yoldaşımı deyil, rejissorumu, əvəzsiz tərəf müqabilimi və sənət müəllimimi itirmişəm. Səhnə onsuz mənə mənə ögeyləşib. Yoxsa mən bu gün də, bu yaşımda da səhnədə allahlıq edərəm!

 

- Bakıya gələndən sonra niyə milli Teatra getmədiniz?

- O vaxtkı Mədəniyyət naziri Zakir Bağırov çox təkid etdi, razı olmadım. İllər boyu min bir zəhmət bahasına qalxdığım zirvədən enmək istəmədim. İstəmədim ki, tamaşaçının mənə yazığı gəlsin.

 

- Şeirlərinizdən birində özünüzə müraciətlə deyirsiniz:

Getməyəydim kaş səhnədən.

Bəyəm, səhnədə qalmaq öz əlinizdə deyildimi?

- Hər şey yalnız Allahın əlində ola bilər.

 

- Təsəvvür edin ki, sehrli xalçaya minib, başqa planetə gedirsiniz. Bir daha geri qayıtmayacaqsınız. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

- Bir ovuc Naxçıvan duzu.

- Maraqlıdır, duz nə üçün?

- Birdən o planetin də adamları duzsuz olar.

 

P.S.Coşğun temperamenti və təbii ifası ilə Azərbaycan aktyor məktəbinin klassikləri sırasına daxil olan Zəroş xanımla söhbətimiz bununla qurtarmadı. O ötən günlərdən danışdıqca, mən onun coşğun səsini, daxilindən bir vulkan kimi püskürən sənət ehtirasını görüb, nə vaxtsa onu səhnədə izləyənlərə qibtə etdim. Və onu səhnədə görməyən tamaşaçılar nəsli adından demək istəyirəm ki, Zəroş xanım, kaş ki,  səhnədən getməyəydiniz...

(05.05.1998)

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)