“Mən heç vaxt öz işim üçün hökumət qapısı açmamışam” Featured

Rate this item
(0 votes)

ƏSƏD CAHANGİRLƏ USTAD DƏRSLƏRİ

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasına başlayır. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunacaq. 

 

“HƏYAT MÜVƏQQƏTİ, İNCƏSƏNƏT DAİMİDİR”

 

O, 1917-ci ildə Şuşada anadan olub. Heç bir teatr təhsili almayıb. 1936-cı ildə istedadını və teatra olan sevgisini nəzərə alıb, onu Dram Teatrına qəbul ediblər. Əzizə Məmmədova, Sona Hacıyeva və Barat Şəkinskayadan sonra teatr səhnəsinə çıxan dördüncü milli aktrisamızdır. 1936-1991-ci illərdə fasiləsiz olaraq Azərbaycan Dövlət Akademik Dram Teatrında işləyib. Mirzə İbrahimovun “Həyat”ında Tərlan, C.Cabbarlının 1905-ci ildə” pyesində Sona, “Solğun çiçəklər”ində Pəri, “Sevil”ində Gülüş, S.Vurğunun “Fərhad və Şirin”ində Fitnə, “Vaqifi”ində Yengə, Ə.Haqverdiyevin “Pəri Cadu”sunda Səlimə, M.F.Axundovun “Hacı Qara”sında Sona, B.Nuşiçin “Nazirin xanımı”nda Nata, V.Şekspirin “Qış nağılı”nda Paulina, A.Ostrovskinin “Günahsız müqəssir”lərində Qalçixa, M.Qorkinin “Vassa Jeleznova”sında Liza və sair  kimi saysız-hesabsız rollar oynayıb. Bir neçə ildən bəridir fəaliyyət göstərdiyi Bakı Şəhər Bələdiyyə Teatrında Rauf İçərişəhərlinin “Vətənə igidlər gərəkdir” əsərində Fatma nənə, Əziz Nesinin “Tənha qadınlar”ında Dihabəyim obrazlarını yaradıb. Səhnədə yaratdığı rolların ümumi sayı 300-ü keçir. Bir neçə bədii filmə çəkilib. İyirmi ildən artıqdır ki, dövlət radiosunda “Bulaq” verilişinin aparıcısı kimi xalq arasında böyük rəğbət qazanıb. 1948-ci ildə Əməkdar, 1976-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. “Qızıl Bayraq” və “Şərəf” ordenləri ilə təltif olunub.

Müsahibimiz görkəmli aktrisa, Xalq artisti Məhluqə Sadıqovadır.

 

-Məhluqə xanım, bununla ikinci dəfədir ki, Respublika Prezidentinin mədəniyyət xadimlərinə qayğısının ifadəsi kimi fərdi təqaüdlər müəyyən olundu. Amma nədənsə, sizin adınız siyahıya düşmədi.

-Mən heç vaxt öz işim üçün hökumət qapısı açmamışam. Nəyə nail olmuşamsa, öz istedadım və qanacağımla nail olmuşam. Heç vədə, heç kimə arxalanmamışam. Mənim 80 illik yubileyimi təşkil etməyi “Azərbaycan qadını” jurnalının əməkdaşları öz öhdələrinə götürmüşdülər. Jurmalın redaktoru Flora Xəlilzadə özü zəng vurub bunu mənə bildirdi. Özüm yubiley istəmədim. Fatma Abdullazadəyə xəbər göndərdim ki, yubiley istəmirəm. Amma əgər 60 illik səhnə fəaliyyətimə qiymət vermək istəyirlərsə, mənə fərdi təqaüd versinlər. Eləyərik, eləyərik, deməkdən başqa heç nə eləmədilər.

 

-Sizcə, bu etinazsızlığın səbəbi nədir?

-Səbəbi oldur ki, ümumiyyətlə incəsənətdən xəbəri olmayan adamlar bu sahəyə rəhbərlik edirlər. Bu nə dərəcədə ədalətə sığan bir hərəkətdir ki, 60 il səhnədə can qoyan bir adamın fəailiyyəti Mədəniyyət naziri Polad Bülbüloğlunun bircə teleqramı ilə qeyd olunur.

 

-Bəs, yubileyinizdən nə gözləyirdiniz?

-Mən heç nə istəmirdim, heç nə də gözləmirdim. Bütün təbriklər, təltiflər özü gəlib məni tapmalı idi. Yəni bunu başa düşmək belə çətindirmi? İkinci elə bir aktrisa varmı ki, fasiləsiz olaraq 55 il bir teatrda işləsin, Azərbaycanın ən ucqar kəndlərində belə milli poeziya nümunələrimizi təbliğ etsin. Harada olmuşamsa, üzdən məni tanımayanlar belə, səsimi eşidən kimi başıma yığılıblar. Fərdi təqaüdlər müəyyənləşdiriləndə mənim adımı yuxarıda oturanların yadına salmaq, Fatma xanım üçün belə çətin idimi? Elə bilməyin ki, təkcə özümü nəzərdə tuturam. Muxtar Afşarovun 85 yaşı var. Cavanlarla birlikdə tankın üstünə minib, döyüş bölgələrinə gedir. Hələ Abbasmirzə ilə Mərziyə xanımın yadigarı Firənfiz Şərifovanı demirəm. Məgər ömrünü-gününü səhnəyə həsr etmiş belə sənətkarları unutmaq olarmı?

 

-Siz səhnəyə gələndə Abbasmirzə hələ öldürülməmişdi. Onunla səhnəyə çıxmısınızmı? Ümumiyyətlə, o illərin aktyorlarını necə xatırlayırsınız?

-(kövrəlir, gözləri dolur, əllərini yelləyərək) Onlar bir nağıl kimi gəlib getdilər, ay oğul, bir nağıl kimi... Abbasmirzə Şərifzadə, Sona Hacıyeva, Fatma Qədri, Əjdər Sultanov, Sidqi Ruhulla... Mən onların bir çoxu ilə 30-40 il çiyin-çiyinə işləmişəm. Həyat yoldaşım, Xalq artisti Ələsgər Şərifov Moskvada təhsil almış ilk milli rejisoor idi. O, Azərbaycan dramaturqları ilə bərabər, rus və Avropa klassiklərini də böyük uğurla səhnələşdirib. Ələsgərin quruluşunda A.Ostrovskinin “Cehizsiz qız” və “Tufan” əsərlərinə baxan Moskva tamaşaçıları heyran qalmışdılar. Xüsusən də, Fatma xanımın Larisa və Katerina obrazları haqqında Moskva qəzetləri elə ürəkaçan sözlər yazmışdılar ki... İndi belə bir rejissorun yaşadığı binaya bir xatirə lövhəsi vurmağı da ona çox görürlər.

 

-Akademik Teatrdan çıxmağınıza səbəb nə oldu?

-(gözləri dolur) Bunu yadıma salma, qanım qaralır. Gəl, ora qayıtmayaq.

 

-İki Xalq artistinin övladları valideynlərinin yolunu davam etdirdilərmi?

-Yox, davam etdirmədilər. Çünki sənətkar olmaq asan deyil. Bir də əgər istedad yoxdursa, sənətə gəlməyin nə mənası var ki? Oğullarımdan Ceyhun uzun müddət idman şərhçisi işləyib. O biri oğlum neftçidir. Qızlarım evdar qadındırlar.

 

-Həyatda nə ilə fəxr edirsiniz?

-Övladlarımın tərbiyəsi ilə, təmiz adla fəxr edirəm.

 

-Gənc aktyorlardan kimləri daha çox bəyənirsiniz?

-Mən cavanlardan Nuriyyənin istedadına çox inanıram. Onun oyun tərzi mənə məşhur aktrisa Faina Ranevskayanı xatırladır. Əgər yaxşı rejissoru olsa, Nuriyyə gələcəkdə daha uğurlu rollar oynaya bilər.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

-Mən mikrafon götürərdim.

 

-Mikrafon nə üçün?

-Car çəkmək üçün. Mən o uzaq planetdən yer kürəsinə həmin mikrafonla car çəkib deyərdim ki, ey insanlar, həyat müvəqqəti, incəsənət daimidir. Sənəti sevin, sənətkarları qiymətləndirin, həyatdan zövq almağı bacarın, paxıllıq, həsəd, başqasının səadətinə göz dikmək kimi insana yaraşmayan hisslərə uymayın!!!

 

-Məhluqə xanım, arzu edirəm ki, car çəkdiyiniz bu sözlər Polad Bülbüloğlu, Fatma Abdullazadə və digər səlahiyyətli şəxslərə də gedib çatsın və onlar fərdi təqaüdlə bağlı üçüncü dəfə siyahı tutmaq fikrinə düşsələr, sizi də yada salsınlar. Axı, atalar üçəcən deyib.

-Ehh, ay oğul, nə qoyub, nə axtarırsan, onu atalar deyib.

 

-Ataların sözü əvvəl-axır düz olur.

-(gülümsəyir) Təki sən deyən olsun...

03.03.1998

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)