Bu gün görkəmli balet ustası Çimnaz Babayevanın anım günüdür

Rate this item
(0 votes)

 

Çimnaz Babayeva görkəmli balet ustamızdır, 1954-1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Qəmər Almaszadənin sinfində təhsil almışdır, böyük səhnəyə doqquz yaşında, Boris Zeydmanın “Qızıl açar” baletində Buratino rolu ilə qədəm basmışdır.

Öz həyat yoldaşı, xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.Qarayevin “Yeddi gözəl”ində Aişə, “İldırımlı yollarla”da Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastan” baletində Nəsiminin sevgilisi kimi obrazları yaratmaqla Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaltmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri kimi gənc balet artistlərinin yetişdirilməsində zəhməti də əvəzsizdir.

O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir. Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə “Əməkdar artist” və “Xalq artisti” kimi yüksək fəxri adlara, Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.

Çimnaz Babayeva 2019-cu il dekabr ayının 23-də vəfat etmişdir. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)