“Qonşu gəldi ki, mənimçün sabun bişir...” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

SÜLEYMAN ƏLƏSGƏROV 

(1915-1998)

 

***

Bizim dövrün adamları çox həssas, səmimi, hətta bəzən lap çox səmimi idilər.

“Bizim Cəbiş müəllim” filmi ekranlara çıxandan bir müddət sonra həyat yoldaşım məni qapıya çağırdı. 

– Qonşu səninlə görüşmək istəyir. 

Qapıya getdim. Tanıyırdım, qonşuluqda yaşayan 55-60 yaşlı kişi idi. Qapının ağzında bir yeşik, içində də şüşə qablarda nəsə vardı.

Salamlaşdıq. 

– Qapıda nəyə dayanmısan, ay qonşu, evə keç də, – mehribanlıqla dedim. 

– Yox qonşu, çox sağ ol. Səndən bir xahişim var.

– Buyur, amma qapıda danışmayaq, – bir də israrla təklif etdim. Yenə evə keçməyə razı olmadı.

– Qonşu, mən tindəki dükanın müdiriyəm. Bir-iki alıcım var, söz vermişəm ki, onlara sənin kinoda bişirdiyin sabundan verəcəyəm. Narahat olma, burda hər şey var, nədir o, kaustik soda, əlif, ətir… hər şey… Nə olar, sözümü yerə salma. Mənimçün də o sabundan bişir.

Ürəyimdə məni gülmək tutdu, tam ciddi bir görkəm alıb eynən filmdəki kimi dedim:

– Mən sabun bişirməyəcəyəm. 

Sonra qonşunu zorla evə salıb bir stəkan çaya qonaq elədim, başa saldım ki, Cəbiş müəllim kimi filmdə sabun bişirə bilsəm də, həyatda sabunla ancaq əllərimi yuyuram…

 

 

 “Ədəbiyyat və incəsənət” 

(23.12.2022)