Məşqdə əsnəmək və işdən getmək barədə ərizə Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

BARAT ŞƏKİNSKAYA

(1914-1999)

***

Yetmişinci illərin ortaları idi. Bir gün teatrda yeni tamaşanın məşqi gedirdi. Bir də hiss etdim ki, yuxu mənə güc gəlir. Qəfildən əsnədim. Oğrun-oğrun sağıma soluma baxdım. Məşqin bitməyini səbirlə gözlədim. Məşqdən sonra öz otağıma çəkilib güzgü qarşısına keçdim. Bir qədər fikirləşdim. Öz-özümə dedim: “Barat, səninki bura qədərmiş”. Nə qədər ağır da olsa səhnəyə, teatra olan sevgimə xəyanət etməmək üçün qələm kağız götürüb ərizə yazdım.

Ərizəni teatrın rəhbərliyinə təqdim edəndə, hamı çaşıb qaldı. Səbəbini soruşdular. Konkret cavab verdim:

– Əgər bir aktrisa məşqdə əsnəyirsə, demək, onun teatra olan hissləri də mürgüləməyə başlayıb. Bura mənim üçün müqəddəs yerdir, mən bura həmişə işləməyə gəlmişəm, yuxulamağa yox.

Müdir məni dilə tutmağa çalışdı:

– Barat xanım, hamı yorulur, yaş da öz işini görür, bu teatrın sizə hələ çox ehtiyacı var, – dedi.

– Teatrda istedadlı gənclər var, öz işlərini bilən aktyorlardır hamısı. Qoy onlara da dərs olsun, əgər bir aktyor məşqdə, tamaşada mürgüləyirsə, demək, bu sənətdə bitib…

 “Ədəbiyyat və incəsənət”

(22.12.2022)