“Musiqili Komediya Teatrında istedadsız, həm də araqarışdıran bir aktyor var idi...” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

 

MÜNƏVVƏR KƏLƏNTƏRLİ

(1912-1963)

 

***

Musiqili Komediya Teatrında istedadsız, həm də araqarışdıran bir aktyor var idi. Yaxşı ki, tezliklə sənətdən uzaqlaşdı. Bir-neçə dəfə onun-bunun arxasınca danışmış, gedib rəhbərliyə xəbərçilik etmiş, aləmi bir-birinə qatmışdı. Teatrda az qala hamı onun ucbatından üz-göz olmuşdu. Nəsə… Bir gün dözə bilməyib onun üçün “teatr” qurduq. Direktoru pərdənin arxasında gizlədib adamı o ki, var danışdırdıq. “Baş rolda” da özüm idim. Nəhayət, direktor pərdənin arxasından çıxıb həmin aktyorun dərsini verdi. Adama son xəbərdarlıq olundu, hər kəsdən üzr istədi, məsələ belə də qurtardı.

Mən kinli adam deyiləm. Adamdı, şeytan aldadıb, səhvini başa düşdü, məsələ bitdi, amma sən demə, bunun içində şeytan yatırmış, hələ bir kin də saxlayırmış.

Bir neçə gündən sonra teatrda üz-üzə gəldik. Pərt olmasın deyə, heç nə olmamış kimi ona salam verdim. Adam:

– Mən satqınlara salam vermirəm, – deyib, üzünü yana çevirdi.

Halımı pozmadım:

– Təsəvvür eləyirsən, – dedim, – mən hər gün satqılara da salam verirəm ki, onların kim olduğunu unutmayam.  

Elə o gün ərizəsini yazıb işdən çıxdı.

 

***

 

Hüseyn Seyidzadənin çəkdiyi “O olmasın, bu olsun” komediyasında dövrün ən müqtədir aktyorları ilə bir yerdə yengə roluna çəkildim. Rolun özü balaca olsa da, tamaşaçılar tərəfindən çox böyük sevgi ilə qarşılandı.

Bir dəfə kinostudiyanın direktoru, görkəmli sənətkar Adil İsgəndərov çəkiliş meydançasına gəlmişdi. Növbəti epizoda bir dubla çəkilib qurtaranda mənə yaxınlaşıb səmimiyyətlə dedi.

– Mina, bu rejissorlar, rejissor assistentləri, operatorlar ən çox sənin yerlərini çəkəndə istirahət edirlər.

Mən də böyük sənətkarın bu sözlərinə eyni səmimiyyətlə cavab verdim:

– Elə mən də kinoya çəkiləndə, teatrda oynayanda istirahət edirəm. 

1953-cü ildə Vətən kinoteatrına direktor müavini təyin olunduğum üçün, teatrdan uzaqlaşdım və ancaq filmlərə çəkilməyə başladım.

 

 

 “Ədəbiyyat və incəsənət”

(17.12.2022)