“Qoşulmusan bir ovuc kafirə, orda-burda oyunbazlıq eləyirsən...” Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

MÖHSÜN SƏNANİ 

(1900-1981)

 

***

Tiflisdə fəaliyyət göstərən Mirzəli Abbasov,  Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi aktyorlar ifalarıma tamaşa edir, istedadıma, gələcəyimə ümidlə baxırdılar. Bu ümid səhnəyə olan marağımı daha da artırdı. Sənətimə paxıllıq edən və içimdə baş qaldıran həvəsi söndürmək istəyənlər də tapıldı və bunlar atam molla Sadığın dostları idi. 

– Sən rəhmətlik molla Sadığın oğlu deyilsən, a bala?

– Bəli, Sadığın oğluyam, necə bəyəm?

– Sənin atan, savadlı ruhani idi, özü də sənin ruhani olmağını istəyirdi. Sənsə qoşulmusan bir ovuc kafirə, orda-burda oyunbazlıq eləyirsən. Nə qədər gec deyil, daşı ətəyindən tök, atanın yolunu tut. Atanın da ruhu şad olsun.

– Sərvaz əmi, məsləhətin üçün çox sağ ol, amma mən öz yolumu tutmuşam. Bir gün gələcək, atamın ruhu da bu yolu tutduğum üçün şad olacaq…

 

***

Tez-tez məktəblərdə, pioner düşərgələrində görüşlərimiz olurdu. Belə görüşlərdən biri də Bilgəhdəki pioner düşərgəsində baş tutdu. Əlisəttar Atakişiyev,  Əlağa Ağayev, mən, bir neçə gənc aktyorla birlikdə uşaqlarla görüşə getdik. Daha da maraqlı olsun deyə, gedərkən “sehrli xalat”ı da kinostudiyadan götürdük. Uşaqlar xalatı görəndə çox sevindilər. Onu əyninə geymək istəyənlərin, sirli səyahətə uçmaq arzusunda olanların sayı-hesabı yox idi. Bir də ayıldıq ki, xalat yoxa çıxıb. Düşərgə bir-birinə dəydi. Bir qədər sonra arıq, çəlimsiz bir oğlan bizə yaxınlaşdı:

– Xalatı axtarmayın, – dedi, – Rizvan həmin xalatla keçmişə uçdu.

Sən demə bu Rizvan deyilən oğlanın nənəsi də düşərgədə aşpaz işləyirmiş. Arvad bunu eşidən kimi dizlərinə döyməyə başladı.

– Vay, evim yıxıldı. Tez olun nəvəmi mənə qaytarın, – deyib, üstümüzə gəldi.

Çox gərgin vəziyyət yaranmışdı. Uşaqlar da, nənə də Rizvanın doğrudan da keçmişə uçduğuna inanmışdılar. 

Düşərgə rəhbərliyi hər yerdə “itkin səyyah”ı axtarırdı. Birdən həmin o Rizvan deyilən oğlan haradansa peyda olub xalatı birbaşa mənim üstümə atdı:

– Bu kinodakı xalat deyil. Əfsunu neçə dəfə təkrar eləsəm də xalat işləmədi.

Əlisəttar xalatı məndən alıb oğlana yaxınlaşdı, başını sığallayb dedi:

– İo Kio baba əfsunun sözlərini dəyişib ki, xan bir də oğurlayıb eləsə, xalat onu heç yerə aparmasın.

Hamımız vəziyyətdən çıxdıq. Uşaq dünyasına xəyanət etmək olmazdı. Həmin görüş uzun illər xatirəmizdə yaşadı. 

 

 

 “Ədəbiyyat və incəsənət” 

(09.12.2022)