“Yuxumda gördüm ki, “Oqtay Eloğlu”nu hazırlayırsan...” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

 

 

RZA ƏFQANLI

(1899-1973)

 ***

Bir gün rayonda qastrolda idik. Qonaq evində qalırdıq. Çoxdan bəri Cəfər Cabbarlının “Oqtay Eloğlu” dramında Oqtayı oynamaq arzusuna düşmüşdüm. Axşam tamaşadan sonra otağımı dəyişib Xəlil Hüseynovla eyni otaqda qaldım. O vaxt bizim tamaşalara Xəlil quruluş verirdi.

– Xeyir ola, nə əcəb otağını dəyişdin? – Xəlil maraqla soruşdu. 

– İstəyirəm səninlə bir otaqda qalam.

– Nədir, yoxsa xətrinə dəyən var?

– Yox, iki gecədir yaxşı yuxu görürəm.

– Bunun otaq dəyişməyə nə dəxli var axı?  Nə görürdün yuxuda?

– Yuxumda gördüm ki, “Oqtay Eloğlu”nu hazırlayırsan, Oqtayı da mən oynayıram. Dedim bəlkə bir otaqda qalsaq, sən də görərsən…

Xəlil qəhqəhə çəkib məni bağrına basdı.

 

***

 

Böyük Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun “Vaqif” mənzum dramı milli teatrın tarixində xüsusi yerlərdən birini tutur. Məşqlərə bəzən şair özü də gələr, oturub baxardı. Bir dəfə Eldarla Kürd Musanın yerini işləyirdik. Mən:

– İndi də dişini qıcamış Qacar...

İranı talayan o qart canavar

Gəlir sürusüylə bizi soymağa,

Tökdüyü qanlardan içib doymağa, –deyəndə, ön sırada oturan şair üzr istəyib ayağa qalxdı.

– Əzizim, Rza, – dedi, – hər şey çox gözəldir, düzdür, sən dəstə başçısını oynayırsan, ancaq Eldarın dəstəsində müxtəlif millətlərin nümayəndələri var və mən onları bir yerə yığmaqla xalqlar arasındakı dostluğu tərənnüm etmək istəmişəm. Odur ki, bu yerdə sadəcə, dəstə başçısı kimi yox, düşmənə qarşı birgə mübarizə aparacaq müxtəlif millərin başçısı kimi qollarını yana açıb Kürd Musanı da, Şalikonu da bağrına bas.

Mən də belə etdim.

 

 “Ədəbiyyat və incəsənət”

(7.12.2022)