Kişinin altına pişik qoydular... Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

AGASADIQ GƏRAYBƏYLİ

(1897-1988)

***

“Bəxtiyar” filmində maraqlı epizod var. “Kirpi” jurnalında öz karikaturasını görən klub müdiri Ağabala sarsılıb kresloya çökür və “Atova lənət kirpi” deyir. Bir neçə dubl çəksək də bu, rejissor Lətif Kərimovu qane etmədi. Qısa fasilə elan olundu. Fasilə vaxtı Lətif mənə yaxınlaşıb dedi:

  Ağa, əslində hər şey yaxşıdır, ancaq elə bil yenə nəsə çatmır, o qorxu, təlaş, sarsıntı hiss olunmur.

– Yaxşı, bəs nə fikirləşirsən, bəlkə bir dubl da çəkək. Bu dəfə də oturanda kreslonu aşırdım. Hə nə deyirsən?

Lətif bir qədər fikrə gedib əlavə etdi:

– Çəkməyinə bir dubl da çəkəcəyik. Ancaq sən hər şeyə hazır ol. Nəsə qeyri-adi, gözləmədiyin bir şey baş versə, dayanma, oyunu davam elə.

Çiyinlərimi çəkib razılaşdım. Lətif məndən ayrılıb çəkiliş gedəcək otağa tərəf addımladı. Bir qədər sonra rejissor köməkçisi məni çəkiliş meydançasına dəvət etdi. Lətif son tapşırıqlarını verdi:

– Ağa, demək, jurnala baxırsan, sarsılırsan, yavaş-yavaş, tələsmədən kresloya çöküb, atova lənət kirpi deyirsən! Motor!

Dediyi kimi də elədim. Elə astaca kresloya çökmək istəyirdim ki, birdən altımdan bir pişik miyoltusu qalxdı. Az qala çaşacaqdım, amma Lətifin sözlərini xatırlayıb epizodu sona qədər oynadım.

“Stop” komandası verilən kimi ətrafı gülüş səsləri bürüdü. Sən demə Lətif otağa qayıdanda mənim oturacağım kresloda yatmış pişiyi görüb, tapşırıb ora valerian məhlulu töksünlər, pişiyin başı qarısın. Mənə də yavaş-yavaş kresloya çökərsən deyəndə, pişiyi əzəcəyimdən ehtiyat edirmiş.  Pişik də həm valeriandan ayrılmaq istəmir, həm də mənim onun üstünə getdiyimi görüb qorxur.

Ona görə ən son anda atılıb qaçdı.

 

***

“Bəxtiyar” filmi çəkiləndə havalar soyumuşdu. Orada sərinkeşlə bir epizod var. Bir dubl – alınmır, iki dubl – alınmır, bu yandan da sərinkeşin küləyi kələyimi kəsir. Hirslənib necə qapaz vurdumsa sərinkeşə, həm dubl alındı, həm də sərinkeş xarab oldu.

 

 “Ədəbiyyat və incəsənət”

(6.12.2022)