Moşunu niyə narazı salıblar? Featured

Rate this item
(0 votes)

 

Aktyorların təqaüdə yola salınması geniş vüsət almaqda, aktyorlar narazı qalmaqda, səhnə keyfiyyəti aşağı düşməkdə davam edir. Nə baş verir? 

 

“Ədəbiyyat və incəsənət” portalı yaşına görə teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən sənətçilərimizdən bəziləri barədə sizlərə məlumat vermişdi. Narazılardan biri də Xalq artisti Valeh Kərimovdur. Ömrünün 45 ilini Sumqayıt teatrında çalışan aktyor bu günlərdə dərdini media ilə bölüşüb, onu sənətdən güclə ayırdıqlarını bildirib:

"8 ildir teatrdan təqaüdə çıxarıblar məni. Soruşan olmadı bunu istəyirəm, ya yox. Teatrın direktoru mənə dedi ki, “Valeh müəllim, yanvarın 1-dən daha işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik”. O qədər 70 yaşında işləyənlər var ki, biri də mən olardım da...Dilim, beynim, əl-ayağım işləyir. Daha nə lazımdır? İncimişəm... Bu sənətə girdinsə, ayrıla bilmirsən. Məni sənətdən güclə ayırdılar."

Məsələ ilə əlaqədar  Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə mediaya bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər. Bu da ki, necə deyərlər, nağdını qoyub nisyənin dalınca getməkdir. 

Dövlət qulluğunu, idmanı, daha nələri gəncləşdirmək başa düşüləndir. Amma teatrda, kinoda bunu etmək olmaz. Çünki burda qocalar və cavanlar qocaları və cavanları canlandırırlar. Bu qədər bəsit.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)