“Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filmi hansı zərurətdən çəkilir? Featured

Rate this item
(1 Vote)

Xəbər verdiyiniz kimi, Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. AzTV-də yayımlanacaq “Atabəylər: Şəmsəddin Eldəniz” adlanan serial Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə, AMEA Tarix İnstitutunun, İlahiyyat institutunun və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin dəstəyi ilə ərsəyə gələcək. 

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları layihənin rəhbəri Sərvər Bayramova və baş prodüsser Əlibala Məhərrəmzadəyə “Atabəylər: Şəmsəddin Eldəniz”  çoxseriyalı bədii televiziya filmi hansı zərurətdən çəkilir sualı ilə müraciət edərək onlardan cavablar alıblar. 

 

Sərvər Bayramov:

“İlk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulan “Atabəylər: Şəmsəddin Eldəniz”  çoxseriyalı bədii televiziya filmi sözün həqiqi mənasında bugünümüzün siyasi-sosial sifarişi hesab olunmalıdır. Zəngin tarixi materialların kino industriyası dilində geniş auditoriyaya çatdırılması hazırda dünya miqyasında böyük aktuallıq kəsb edir. İnformasiya kommunikasiya texnologiyalarının yüksəliş mərhələsində dünya xalqlarında keçmişə marağın artması üçüncü minillik insanının xarakterik xüsusiyyətinə çevrilməkdədir. Bu fonda həmçinin, xalqların milli özünüdərki, öz genetik koduna uyğunlaşma istəyi aparıcı mövqe tutur. Tarixi tele-serialların dünyada populyarlıq qazanması da ilk növbədə bununla səciyyələnir.

Azərbaycan tarixində tamaşaçı auditoriyasının qarşısına çıxarmağa zəngin və maraqlı materiallar mövcuddur. Bu materiallara xronoloji ardıcıllıq baxımından yanaşıldıqda 12-ci əsr, Atabəylər dövrü müstəsna əhəmiyyət kəsb edir. Dövlətçilik uğurları ilə mədəniyyət intibahının sintezi nəticəsində hədsiz yüksəlişə nail olmuş bu dövlət, öz idarəçilik institutu, formalaşdırdığı sosial-ictimai, mədəni mühit orta əsrlər tarixində dünyanın inkişaf modelində əhəmiyyətli yer tutur. Eyni zamanda multikultural, tolerant mahiyyəti ilə seçilir. Filmin yaradıcı heyəti də bu fakta istinad edir. Bu gün biz çəkinmədən deyə bilərik ki, “Atabəylər: Şəmsəddin Eldəniz" Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi kimi tarixə düşəcək. Hazırda Azərbaycan dövləti və xalqı tarixinin ən məsuliyyətli dövrünə qədəm qoyub. 44 günlük müharibədəki qalibiyyət ölkəmizdə həm ictimai-siyasi, həm mədəni intibah yaratmaqdadır. "Dəmir yumruq" ideologiyası bizi tariximizin qəhrəmanlıq səhifələrini daha əzmlə vərəqləməyə, vətənpərvərlik hislərini dərindən oyatmağa, gənc nəslin qürurlanması üçün böyük zəminlər hazırlamağa sövq edir. Bu cəhətdən, tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət etmək, Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkmək, həmin dövrün siyasi-hərbi müstəvisindən başqa həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazını yaratmaq, əlbəttə ki, olduqca vacib, əhəmiyyətli və şərəflidir. Çünki milli oyanış xalqların milli özünüqoruma instinktini həmişə daha güclü edir. 12-ci əsrdəki Şəmsəddin Eldənizin başçılığı altında Azərbaycan coğrafiyasında əldə edilən hərbi-siyasi uğurların ekrana daşınması, regional kontekstdə geniş tamaşaçı auditoriyasına çatdırılması müasir Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qazandığı qalibiyyət fonunda daha aktualdır. Bu gün siyasi leksikona daxil olan və qürur duyduğumuz Zəngəzur dəhlizi, Turan yolu kimi ifadələr məhz, həmin dövr üçün də strateji məqamlar idi. Bu baxımdan azərbaycançılıq ideologiyası, dövlətçilik anlayışının daha da gücləndirilməsi üçün müasir çağırışların film-layihələrdə yer alması, müxtəlif sloqonlar və həştəqlər vasitəsilə şüuraltı mesajların ötürülməsi əsas hədəflərdəndir. Şəmsəddin Eldənizin həyat yoldaşı, orta əsrlərin ümumiləşdirilmiş və milli-əxlaqi dəyərləri özündə ehtiva edən azərbaycanlı-türk ana obrazı, yüksək səviyyəli siyasi-hərbi-diplomatik biliklərə, vərdişlərə yiyələnmiş Möminə Xatunun humanizmi, mədəniyyət hamisi olması isə müasir dövrümüzlə səsləşən daha bir paraleldir. Bu faktor da yüz illər keçməsinə baxmayaraq, Azərbaycan xalqının böyük mədəniyyət və ənənələr daşıyıcısı olmasını, mövcud multikultural, tolerant məkan statusunu bir daha təsdiqləyir. Bax bunlardır əsas zərurətlər.”

 

Əlibala Məhərrəmzadə:

“İndi xalqların bir milli oyanış, intibah dövrüdür. Bildiyimiz kimi, türk xalqlarının dövlətçilik ənənələri dərin köklərə malikdir və dünya tarixinin enişli-yoxuşlu yollarında ortaq türk ailəsinin ən qədim qollarından biri olan Azərbaycan türklərinin də öz imzası, öz dəst-xətti var. Artıq bir neçə ildir ki, Türkiyə Cümhuriyyəti, Qazaxıstan və Özbəkistan kimi qardaş ölkələr həm dövlət və özəl kanallar, həm də kino sənayesi ilə məşğul olan şirkətlər vasitəsilə ortaq türk tarixinin müəyyən fraqmentlərinə müraciət edir, türk mədəniyyəti, dövlətçilik tarixində keçilən çətin və şərəfli yol, tarixi şəxsiyyətlərin ekran təqdimatı, ortaq adət-ənənələrlə bağlı konkret işlər ortaya qoyaraq milyonlarla tamaşaçının diqqət və sevgisini qazanırlar. Eyni zamanda müasir dövrümüzün ən effektiv təbliğat vasitəsi kimi sözügedən sferada informasiya cəbhəsi yaradaraq öz dövlətçilik tarixlərini yüksək səviyyədə geniş auditoriyaya çatdırmış olurlar. Türk dünyasında növbəti mədəni oyanış müşahidə edildiyini nəzərə alsaq, həm də eyni soydan gələn xalqlar ortaq tarix və dəyərlərini bu üsulla paylaşırlar. Bu xüsusda Türkiyə kinematoqrafiyasının çəkdiyi “Alparslan: Böyük Səlcuqlu”, “Diriliş Ərtoğrul”, “Oyanış: Böyük Səlcuqlu”, “Quruluş Osman”, eləcə də Qazaxıstan dövlətinin sifarişi ilə artıq yayıma buraxılan "Tomris" habelə Özbəkistan kinematoqrafiyasının qardaş Türkiyə istehsalçıları ilə müştərək ekranlaşdırdığı “Bozkır aslanı Cəlaləddin” kimi çoxseriyalı filmlər diqqət çəkir. Biz də bu cür layihələrə qoşulmağın, Azərbaycan tarixini kino estetikası və ekran dramaturgiyası ilə ortaq türk tamaşaçısına təqdim etməyin zərurətini anlayırıq. Bu baxımdan XII-XIII əsrlərdə Azərbaycan coğrafiyasında öz tarixi ənənəsi ilə seçilən Azərbaycan Atabəylər Dövlətinin tarixi başlanğıc üçün uğurlu hesab oluna bilər. Müxtəlif feodal dövlətlərinin vahid hakimiyyət altında birləşdirilməsi, həmin dövrdə yaşamış tarixi şəxsiyyətlərin obrazlarının təqdimatı, bir sözlə dövlətçilik yollarında baş vermiş tarixi, dini, lirik, dramatik, diplomatik, siyasi və mədəni hadisələri çoxseriyalı televiziya filmində ekrana gətirmək əsas hədəfimizdir.

  Layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Nizami Gəncəvi, Böyük Atabəy Qara Sunqur, Məhəmməd Cahan Pəhləvan, Memar Əcəmi Naxçıvani, Nəsrəddin Tusi, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin maraqlı obrazları təqdim olunacaq, hadisələr kino dili ilə geniş tamaşaçı auditoriyasına çatdırılacaq, doğma tariximizin parlaq və keşməkeşli səhifələrinə ayna tutulacaq.

Çoxseriyalı televiziya filmindəki hadisələr həm birbaşa tarixi faktlar əsasında, həm də filmi tamaşaçıya daha da maraqlı çatdırmaq üçün yaradıcı heyətin bədii təxəyyülü üzrə ekranlaşdırılacaq. Qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA Tarix İnstitutu ilə özündə konkret öhdəlikləri ehtiva edən əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq məsləhətçi qismində cəlb olunması üçün sözügedən institutun baş direktoru Kərim Şükürovun rəhbərliyi ilə mütəxəssislərdən ibarət beş nəfərlik qrup yaradılıb. Film layihəsinə məsləhətçi qismində akademiklər - İsa Həbibbəyli, Nizami Cəfərov, professorlar Hikmət Babaoğlu, Kərəm Məmmədov, eyni zamanda yazıçı-publisist Yunus Oğuz da cəlb olunub. O dövrdə İslam dininin dominatlığı və müasir Azərbaycan dövlətinin dünyəvi modeli, multukultural, tolerant mahiyyəti, ideoloji siyasəti nəzərə alınaraq uzlaşdırılması üçün Azərbaycan İlahiyyat İnstitutu ilə tərəfdaşlıq qismində yaxından əməkdaşlıq edilir. Orta əsrlərin dil üslubu və ədəbi mühiti, sosial-mədəni həyatı barədə araşdırmalar aparılır. Ssenari qrupu  600 000 sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanıb. Məlumat üçün bildirək ki, Nizami Gəncəvinin “Xəmsə”si həmin dövrlə bağlıdır. Eyni zamanda Məmməd Səid Ordubadinin “Qılınc və Qələm" romanı, İsa Muğannanın “GurÖn’’ romanı, Nəriman Həsənzadənin “Atabəylər” poeması, Yunus Oğuzun “Şəmsəddin Eldəniz” romanı həmin dövrü əhatə edir. Xəqani Şirvanı, Mücirəddin Beyləqani, Ömər Xəyyam anoloji dövrdə yaşayıb-yaradıb. Bu baxımdan deyə bilərik ki, çox mötəbər və zəngin mənbələr var. Həşhaşilər və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyətlər, bir sözlə dinamik bir ssenari ərsəyə gətirilib.

Türkiyə Radio Televiziya Qurumu (TRT) və ATV telekanalı ilə ilkin razılaşma əsasında çoxseriyalı televiziya filmlərinin çəkilişi üçün formalaşdırılan yeni prodakşn - “Şahdağfilm”-in peşəkar kino işçilərindən ibarət yaradıcı heyəti treninqlər üçün qardaş ölkədə olub. "Bozdağ Film" və “Aklİ Film" kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarla təcrübə mübadiləsi aparılıb. Türkiyəli həmkarlarımızın bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün razılaşma əldə olunub. Bir sözlə, azərbaycanlı tamaşaçıların maraqla izləyəcəyi, həzz alacağı, qürurlanacağı, gənc nəslin vətən sevgisi alacağı bir layihə ərsəyə gətiririk.”