Türkiyənin tanınmış ssenaristi, “Kurtlar vadisi. Pusu” nun ssenari müəllifi Tufan Bora Bakıdadır Featured

Rate this item
(0 votes)

 

Türkiyənin tanınmış ssenaristi, “Kuruluş Osman” və “Kurtlar vadisi. Pusu” kimi populyar teleserialların ssenari müəllifi Tufan Bora Azərbaycandadır. 

O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin və “Şahdağfilm” prodakşnın birgə çəkəcəyi “Atabəylər: Şəmsəddin Eldəniz” tarixi serialının hazırlıq mərhələsi dönəminə qatılıb.

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları Tufan Bora ilə görüşərək ona bir neçə sual ünvanlayıblar.

 

-Tufan bəy, Bakıya xoş gəldiniz. Azərbaycanda iık tarixi teleserialın çəkilişinə başlanılır. Sizcə, hazırkı dönəmdə tarixi serial çəkilişinə çoxmu lüzum var?

 

- Əlbəttə. Zəngin tarixi materialların kino industriyası dilində geniş auditoriyaya çatdırılması hazırda dünya miqyasında böyük aktuallıq kəsb edir. Xüsusən teleserial janrı bu məsələdə hakim mövqe sərgiləməkdədir. Baxın, İnformasiya kommunikasiya texnologiyalarının yüksəliş mərhələsində dünya xalqlarında keçmişə marağın artması üçüncü minillik insanının xarakterik xüsusiyyətinə çevrilməkdədir. Bu fonda həmçinin, xalqların milli özünüdərki, öz genetik koduna uyğunlaşma istəyi aparıcı mövqe tutur. Tarixi tele-serialların dünyada populyarlıq qazanması da ilk növbədə bununla səciyyələnir.

Bildiyimiz kimi, türk xalqlarının dövlətçilik ənənələri dərin köklərə malikdir və dünya tarixinin enişli-yoxuşlu yollarında ortaq türk ailəsinin ən qədim qollarından biri olan Azərbaycan türklərinin də öz imzası, öz dəst-xətti var. Artıq bir neçə ildir ki, bizim Türkiyə Cümhuriyyəti, eləcə də Qazaxıstan və Özbəkistan kimi qardaş türkdilli ölkələr həm dövlət və özəl kanallar, həm də kino sənayesi ilə məşğul olan şirkətlər vasitəsilə ortaq türk tarixinin müəyyən fraqmentlərinə müraciət edir, türk mədəniyyəti, dövlətçilik tarixində keçilən çətin və şərəfli yol, tarixi şəxsiyyətlərin ekran təqdimatı, ortaq adət-ənənələrlə bağlı konkret işlər ortaya qoyaraq milyonlarla tamaşaçının diqqət və sevgisini qazanırlar. 

Bu xüsusda Türkiyə kinematoqrafiyasının çəkdiyi “Alparslan: Böyük Səlcuqlu”, “Diriliş Ərtoğrul”, “Oyanış: Böyük Səlcuqlu”, “Quruluş Osman”, eləcə də Qazaxıstan dövlətinin sifarişi ilə artıq yayıma buraxılan "Tomris", habelə Özbəkistan kinematoqrafiyasının qardaş Türkiyə istehsalçıları ilə müştərək ekranlaşdırdığı “Bozkır aslanı Cəlaləddin” kimi çoxseriyalı filmlər diqqət çəkir. Nə xoş ki, indi qardaş

Azərbaycan da by sıraya qoşulur. 

 

-Tufan bəy, ssenari qrupunda təmsil olunan bir şəxs kimi, sizcə, niyə məhz Atabəylər dövləti və Şəmsəddin Eldəniz? 

 

-Azərbaycan tarixində tamaşaçı auditoriyasının qarşısına çıxarmağa zəngin və maraqlı materiallar mövcuddur. Bu materiallara xronoloji ardıcıllıq baxımından yanaşıldıqda 12-ci əsr, Atabəylər dövrü müstəsna əhəmiyyət kəsb edir. Dövlətçilik uğurları ilə mədəniyyət intibahının sintezi nəticəsində hədsiz yüksəlişə nail olmuş bu dövlət, öz idarəçilik institutu, formalaşdırdığı sosial-ictimai, mədəni mühit orta əsrlər tarixində dünyanın inkişaf modelində əhəmiyyətli yer tutur. Eyni zamanda multikultural, tolerant mahiyyəti ilə seçilir. Filmin yaradıcı heyəti də bu fakta istinad edir. Layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, onun həyat yoldaşı, dövlət xadimi Möminə Xatun, dahi şair və mütəfəkkir Nizami Gəncəvi, Böyük Atabəy Qara Sunqur, Məhəmməd Cahan Pəhləvan, Məhsəti Gəncəvi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin maraqlı obrazları təqdim olunur, hadisələr kino dili ilə geniş tamaşaçı auditoriyasına çatdırılmaqla Azərbaycan tarixinin parlaq və keşməkeşli səhifələrinə ayna tutulur. 

 

-Tufan bəy, filmoqrafiyanız barədə məlumat verərdiniz.

 

-“Kuruluş Osman” və “Kurtlar vadisi. Pusu” kimi teıeaeriallardan və onlarca digər işlərimdən başqa Netfliksdə “Sesinde aşk var” və “Avlu” kimi iki filmlərin yayımlanır. Bu son iki filmdəki işimi çox bəyənirəm.

 

-Neçə ildir ssenari yazırsınız?

 

-İyirmi ildir. 

 

-Ssenarist olmaq asandırmı, yoxsa çətin?

 

-Əgər ki, kinonu sevərsənsə ssenarist olmaq gözəldir. Bu, yuxusuz gecələr, öz həyatını unutmaq, beynində daim yaratdığın obrazları yaşatmaq deməkdir. 

Mühəndis işini görür, iş saatı bitincə çıxıb evinə gedib dincəlir. Amma burda gördüyün işi əsla unutmaq yoxdur. Evə gedəndə də yaratdığın obrazlar səni təqib edir. 

Amma kinonu sevməyəndən əsla ssenarist çıxmaz. 

 

-Tufan bəy, “Kurtlar vadisi. Pusu” Azərbaycanda çox sevildi, həddindən böyük auditoriya qazandı, reytinqləri qırdı. O teleserialın ssenari komandasında yer almaq çoxmu çətin idi? 

 

-Filmin xarakterləri gerçək həyatda var idilər deyə süjeti yaratmaq bizə çox də çətin gəlmirdi. Amma iş rejimi çox ağır idi, bəzən  günlərlə evimizə gedə bilmirdik. Ortaya qoyulan işin populyarlığı, on milyonlarla izləyici sayı isə bizi işdən yormurdu və bizi qorxutmurdu.

 

-Sizə uğurlar arzulayırıq.

 

-Təşəkkür edirəm.