Mədəniyyət Nazirliyinin layihəsi bu dəfə Lənkəranda

Rate this item
(0 votes)

 

Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrınının aktyoru, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rusiyanın B.Şukin adına Teatr İnstitutunda təhsil almış Abdulla Elşadlının 16-21 oktyabr tarixlərində Lənkəran Dövlət Dram Teatrında təlimləri olmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlimlər  “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda idi.

K.S.Stanislavskinin sistemi əsasında keçirilən təlimlər beş gün davam edib və bu günlər ərzində Stanislavski sisteminin 8 psixofizik elementləri və Vaxtanqov məktəbinin əsasında "Obraza ilkin addım" kimi "Təxmin olunmuş vəziyyətlər"də obraza etüdlər bölməsi keçirilib. İlkin variant kimi Abdulla Elşadlı A.P.Çexovun "Təklif" vodevilindəki təklif olunmuş vəziyyətlərin içində teatrın gənc aktyorları ilə "təxmin edilmiş vəziyyətlər"in etüd prosesinin içində "Bədii səhnə obrazı necə yaradılmalı" texnikası üzrə məşqlər aparıb.

Dərslərin beşinci günündə yekun imtahan olub. İmtahanda yuxarıda adı çəkilən vodevilin əsasında "Təxmin edilmiş vəziyyətlər" əsasında improvizə etüdlər oynanılıb.

Xatırladaq ki, “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində cari ilin yanvar ayında Bakıda Xalq artisti, Prezident təqaüdçüsü Bəxtiyar Xanızadənin, aprel ayında Xalq artisti Pərviz Məmmədrzayevin Füzulidə ustad dərsləri baş tutub.

Noyabr-dekabr aylarında Salyan Dövlət Kukla, Qax Dövlət Kukla, Füzuli, Qazax, Sumqayıt Dövlət Dram Teatrlarında da “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində təlimlərin keçirilməsi planlaşdırılır.