Opera və Balet Teatrında “Kənd namusu” operasının tamaşası nümayiş olunub

Rate this item
(0 votes)

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Pyetro Maskaninin “Kənd namusu” operasının tamaşası keçirilib.

Teatrın mətbuat xidmətindən “Ədəbiyyat və incəsənət” portalına bildirilib ki, tamaşada əsas rolları Xalq artisti Fidan Hacıyeva (Santutsa), Əməkdar artistlər Ramil Qasımov (Turiddu), Səbinə Vahabzadə (Lüçiya), aparıcı solistlər Nina Makarova (Lola) və Taleh Yahyayev (Alfio) ifa ediblər. 

Opera tamaşasında Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivinin və Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun idarə etdiyi simfonik orkestrin professional ifaları xüsusilə diqqəti cəlb edib.

Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsərinin əsas qəhrəmanları - öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında qələmə alınmış musiqisi, əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.

Anşlaqla baş tutan tamaşa boyu tamaşaçılar solistlərin ifalarını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, “Kənd namusu“ operasının ilk tamaşası 1890-cı ildə Romanın “Konstants” teatrında keçirilib. Bu opera son dərəcə gözəl musiqisi və kəskin dramatik süjeti ilə fərqlənir. Opera Maskani yaradıcılığının ən uğurlu əsərlərindən biri hesab edilir və bu günə kimi bir çox dünya teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “ Kənd namusu “ operası 2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyulmuş və repertuara daxil edilib.