Özbəkistanda “İpək Yolunun dürdanəsi” adlı Beynəlxalq kinofestivala yekun vurulub

Rate this item
(0 votes)

 

Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV-cü Daşkənd Beynəlxalq Kinofestivalının bağlanışına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə beynəlxalq festival çərçivəsində Özbəkistanın Daşkənd və Buxara şəhərlərində Azərbaycan Kino Günləri təşkil olunub, Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmlərinin nümayişi keçirilib. Həmçinin festivalın açılışında Özbəkistan Respublikasının Kino Agentliyi ilə birgə istehsalı nəzərdə tutulan, Xalq artisti Vaqif Müstafayevin "Molla Nəsrəddin" bədii film layihəsinin təqdimatı olub.  

Qeyd edək ki, bağlanış mərasimdə festivalın qonaqları, kinosevərlər, alimlər, sənətşünaslar, kino ulduzları, Azərbaycandan kinematoqrafçılar, rejissorlar, kino sahəsinin mütəxəssisləri, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlıları iştirak ediblər.

Çıxış edən Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov qonaqları salamlayaraq, ölkə başçısının təşəbbüsü ilə keçirilən Daşkənd Beynəlxalq Kinofestivalın yüksək əhval-ruhiyyə ilə tarixə düşəcəyini bildirib.

Özbəkistan Respublikası Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov ölkəsində kinematoqrafiyanın inkişafının dövlət başçısının birbaşa diqqətində olduğunu qeyd edib. 1968-ci ildə əsası qoyulmuş Daşkənd Beynəlxalq Kinofestivalının yenidən dirçəldilməsi ideyası və təşəbbüsünün Prezident Şavkat Mirziyoyevə məxsus olmasının Özbəkistanda kino sənətinə göstərilən böyük diqqətin əməli təsdiqi olduğunu vurğulayıb.

Bağlanış mərasimində kinofestival çərçivəsində “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Sözügedən mükafatlar 1-ci yer üçün “Kaset” qısametrajlı filminə görə Temur Murodova (Özbəkistan), 2-ci yer üçün “Torpaq” qısametrajlı filminə görə Nəriman Taktakulova (Qırğızıstan), 3-cü yer üçün “Günəşə mahnı” filminə görə Feliks Kalmensona təqdim edilib.

Azərbaycanlı gənc kinorejissor  Aleksandr Hacıyevskinin “Turan” adlı qısametrajlı filmi müsabiqənin xüsusi mükafatına layiq görülüb.

Ümumilikdə müsabiqədə dünyanın 19 kino məktəbinin nümayəndəsi olan 1500-dən çox gənc kinorejissor iştirak edib.

Özbəkistan Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov qaliblərə mükafatlar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edib.  

Qeyd edək ki, “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalı sentyabrın 13-dən 18-dək keçirilib. Kinofestivalda  dünyanın Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Rusiya, Hindistan, Polşa, Kanada və s. 40 ölkəsindən 500-dən çox kinematoqrafçı iştirak edib.

Kinofestival çərçivəsində Özbəkistan tamaşaçılarına 150 bədii, sənədli və qısametrajlı film nümayiş etdirilib.