Venesiya Film Festivalı başladı Featured

Rate this item
(0 votes)

 

Dünən gecə saatlarında İtaliyanın füsünkar Venesiya şəhərində 79-cu Venesiya Film Festivalına start verilib və festival 11 gün davam edəcək. 

 

Venesiya Film Festivalı Avropa daxil olmaqla, dünyanın ən qədim festivallarındandır. 

“Ədəbiyyat və incəsənət” portalı “Euronews”a istinadən  xəbər verir ki, 11 gün ərzində Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun yeni əsərləri ictimaiyyətə nümayiş etdiriləcək. Ümumilikdə müsabiqədə dünyanın müxtəlif ölkələrindən 23 ekran əsəri nümayiş olunacaq.

“Çoxlu ulduzlar gözlənilir, qırmızı xalça hər gün dolacaq. Timoti Şalame, Penelopa Kruz, Vircini Efira, Harri Stayls artıq iştiraklarını təsdiqləyiblər, təəssüf ki, iştirakçıların hamısını sadalamaq mümkün deyil”, - deyə festivalın direktoru Alberto Barbera vurğulayıb.

Festival müxtəlif qitələrdə çəkilmiş bir neçə filmin nümayişi ilə açılacaq. Onların arasında amerikalı rejissor Noa Baumbaxın “Ağ səs-küy” filmi də var. Ekran əsərinin süjeti Don Delillonun eyniadlı romanı əsasında qurulub. Əsas rollarda Adam Drayver və Qreta Qerviq çəkiliblər. Kann kinofestivalından fərqli olaraq, Venesiyada “Netflix” tərəfindən buraxılan filmlər də müsbət qarşılanır və bu, həmin filmlərə müsabiqədə iştirak etmək imkanı verir.

Festivalın əsas müsabiqəsində iştirak edən filmlər arasında ən çox gözlənilən filmlərdən biri də məşhur iranlı rejissor Cəfər Pənahinin “Ayılarsız” filmidir. Filmin baş qəhrəmanı C.Pənahinin özünün canlandırdığı rejissor obrazıdır. C.Pənahi uzun müddət təqiblərə məruz qalıb və bu, onun çəkdiyi ekran əsərində də əks olunub. 

Qeyd edək ki, 79-cu Venesiya Film Festivalı sentyabrın 10-dək davam edəcək.

 

Fotolarda 78-cu Venesiya festivalının keçirildiyi məkanı və Alberto Barberanı görürsünüz.