Karlovı Varı kinofestivalında baş mükafat 5 ölkənin birgə istehsal etdikləri filmə verildi Featured

Rate this item
(1 Vote)

Çexiyanın qərbində Karlovı Varı şəhərində keçirilən beynəlxalq kinofestival bazar günü yekunlaşıb.
Festivalın əsas qonaqları amerikalı aktyor Conni Depp, britaniyalı aktyor Maykl Keyn, həmçinin amerikalı kino aktyoru, rejissor və yazıçı Etan Houk olub. Houk Karlovı Varıda "Çoban  gündəliyi" trillerini (First Reformed) təqdim edib. Keynə və Xouka festivalın xüsusi mükafatları təqdim edilib.
Beynəlxalq münsiflər heyəti Serb rejissoru Stefan Arseneviçin “Strahinja” bədii filmini baxışın əsas kateqoriyasında qalib müəyyən edib. Bu, Serbiya, Fransa, Lüksemburq, Bolqarıstan və Litvanın birgə istehsal etdikləri filmdir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Qərb mətbuatına istinadən bildirir. Kinofestivalın qalibi olan filmin uduş fondu 25 min dollar təşkil edir .
“Qərbdən şərqə doğru" ən nüfuzlu müsabiqə seksiyalarından birində rusiyalı rejissor Vladimir Munkuyevin "Nuuçça" bədii filmi Qran-Priyə layiq görülüb. “Qran-Priyə isə 15 min dollar məbləğində maliyyə təşviqi əlavə olunur.
Bu bölmədə Qran-Pri uğrunda 12 bədii film mübarizə aparıb. “Nuuçça" - Polşa yazıçısı və etnoqraf Vatslav Seroşevskinin əsərlərinin motivləri əsasında çəkilmiş psixoloji dramdır. Hadisələr  XIX əsrin sonlarında Yakutiyada baş verir. Habji və həyat yoldaşı Keremes ikinci uşaqlarını dəfn edərək sərt və ac qışa hazırlaşırlar. Yerli knyaz vəd edilən yardım əvəzinə onları rus katorjnik Kostyanı evlərində yerləşdirməyə məcbur edir…
 "Mənim üçün bu filmdə ən başlıca vəzifə bütün qəhrəmanların birmənalı olmadığını göstərmək idi", - deyə filmin süjetini şərh edən Munkuyev bildirib.
Məlumat üçün bildirək ki, Karlovı Varı Festivalı artıq 55-ci dəfə keçirilib. Avqustun 20-də açılan festival böyük maraq doğurub. Kurort şəhərində nümayişlərdə 104 681 bilet satılıb. Festivala gələn qonaqlara 127 bədii və sənədli film nümayiş etdiriblər. 32 premyera olub, bu filmlərin əksəriyyəti əsas müsabiqə bölməsində və "Qərbdən Şərqə" bölməsində təqdim edilib.
Karlovı Varı festivalı Avropada ən qədimlərdən biridir. O, Kann kinofestivalının həmyaşıdıdır-hər ikisi öz tarixini 1946-cı ildən aparır. 1960-cı ildə festival ən nüfuzlu beynəlxalq "a" kateqoriyasına keçmişdir. Elə həmin vaxt Karlovı Varı və Moskva kinofestivallarını növbələmək qərarı verilmişdir. 1994-cü ilə qədər Dünya kinosu inciləri tək ildə-Moskvada, çüt ildə Karlovı Varıda nümayiş olunurdu. Bundan sonra hər iki festivalı hər il keçirməyə başladılar.
Onu da qeyd edək ki, cəmi 127 film nümayişi heç də qənaətbəxş nəticə sayıla bilməz. Pandemiyanın kino industriyasını sarsıtması nəticəsində Karlovı Varı təqribən 30 film itkisinə məruz qalıb.