Anar Kərimov: “Çalışacağıq ki, davamlı olaraq milli kinomuzun inkişafı naminə əlimizdən gələni əsirgəməyək”

Rate this item
(0 votes)

“Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən və milli kinomuza həsr olunan tədbirlər artıq ənənəyə çevrilib. Hamının sərbəst şəkildə iştirakı mümkün olan kino təqdimatlarını keçiririk. Bildiyimiz kimi, milli kinomuz 124-cü ilini yaşayır. Bu özlüyündə fəxr edilməyə layiq bir rəqəmdir ki, hətta dünyada olan bir çox cəmiyyətlər belə bir kino tarixinə sahib deyillər. Bu 124 il ərzində Azərbaycan kinosu şərəfli inkişaf yolu keçib. Əminliklə demək olar ki, hər bir xalqın inkişafında və zənginləşməsində kino böyük rol oynayır.”

 

Bu fikirləri jurnalistlərə mədəniyyət naziri Anar Kərimov bildirib.

“Bizim kinomuz məhz o sənət növlərindəndir ki, cəmiyyətimizin inkişafına öz tövhəsini verməkdə davam edir. Hazırda da fəxrlə deyə bilərik ki, milli kinomuz intibah dövrünü yaşamaqdadır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Kino Agentliynin yaradılması da milli kinomuzun inkişaf etdirilməsində təkan verici bir qərardır. Milli kinomuz bizim sərvətimizdir, kinomuzu qorumaq hər birimizin borcu və vəzifəsidir. Çalışacağıq ki, davamlı olaraq milli kinomuzun inkişafı naminə əlimizdən gələni əsirgəməyək”, - deyə nazir vurğulayıb.

Cəmiyyətdə bu gün Qarabağ mövzusu ilə bağlı filmlərin nə vaxt ərsəyə gələcəyinin maraq dairəsində olduğunu deyən nazir, bütün kinosevərləri bir az səbirli olmağa çağırıb: “Xüsusən vurğulamaq istərdim ki, Mədəniyyət Nazirliyi üçün Vətən müharibəsi ilə bağlı film və serialların çəkilməsi gündəmdədir, prioritet məsələdir. Hazırda bununla bağlı işlər aparılır və nazirlik tərəfindən dəfələrlə anonslar da verilib. Türkiyədən məşhur film şirkəti ilə birgə film istehsalı ilə bağlı hazırda işlər davam etdirilir və əminik ki, bu ilin sonuna kimi həmin filmin bir neçə bölümlərini cəmiyyətimizə təqdim edəcəyik. Bununla yanaşı, bədii və sənədli filmlərin çəkilişləri üzərində də işlər gedir. Digər belə çoxsaylı layihələr var ki, yaxın zamanlarda onları ictimaiətə təqdim edəcəyik”.