Ensar Altayın filmi İranda mükafata layiq görülüb

Rate this item
(0 votes)

 

Türk rejissor və ssenarist Ensar Altayın “Kodokushi” filmi İranda keçirilən 8-ci Şəhr Beynəlxalq Film Festivalında "Ən yaxşı beynəlxalq sənədli film" mükafatına layiq görülüb.

 

Yaponiyadakı tənha adamlardan bəhs edən bu ekran əsəri bir çox beynəlxalq festivallarda nümayiş olunub və müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb. 

Qeyd edək ki, “TRT World” istehsalı olan “Kodokushi”nin 8-ci Boğaziçi Film Festivalında milli premyerası olub və beynəlxalq münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Beynəlxalq premyerasını 24-cü Beynəlxalq Şanxay Film Festivalında edən film festivalın baş mükafatına -“Qızıl Qədəh”ə namizəd olub.

“Müasir həyat tərzi insanları tək qoyur” ideyasından ilhamlanan sənədli film, ölümündən həftələr sonra diqqət çəkən insanlardan bəhs edir.

Ekran əsərinin hekayəsi qısaca belədir: "Qarşılaşdığı tənha insanların ölümündən təsirlənən Norihito keçmişində etdiyi səhvləri düzəltməyə qərar verir. Amma bu səy onun həyatında gözlənilməz yeni problemlərə gətirib çıxarır. Ağsaqqal Muramatsu isə sosial təcrid vəziyyətində sakitcə həyatını yaşayır. Qarşıdan gələn Sakura Festivalı onun taleyini dəyişdirmək üçün ümid işığına çevrilir. O, dünyada mövcud olmaq üçün bir səbəb tapacaqmı?".