Ötkəm İskəndərovun şəhid Babək Ramaldanovdan bəhs edən filmi təqdim olundu

Rate this item
(0 votes)

Şəhidlərın xatirəsinin əbədiləşdirilməsi amalı son vaxtlar yazıçıları, bəstəkarları, rejissorları əsl səfərbərliyə alıb. Növbəti belə iş sənədli-bədii filmin çəkilməsi olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Gənclər Mərkəzində “Kitab yayımı işinin inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə rejissor Ötkəm İskəndərovun “Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filminin təqdimatı olub. Təqdimatda Vətən müharibəsi qaziləri, şəhid ailəsinin üzvləri, hərbçilər, mədəniyyət işçiləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndiriləndən, Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra çıxışlar dinlənilib. Filmin ssenari müəllifi Sənan Əlibəyov Vətən müharibəsi döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş polkovnik-leytenant Babək Ramaldanovun həyat və döyüş yolundan bəhs edən qısametrajlı sənədli-bədii filmin əsas məqsədinin gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək, xalqımızın haqq işinin təbliği, erməni vandalizminin ifşa edilməsi olduğunu bildirib. 

Filmin təqdimatından sonra Babək Ramaldanovun həyat yoldaşı Aygün Ramaldanova və ailə üzvləri, eləcə də Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü və sədr müavini Şahin Qədirov, Sabunçu rayon Qazilər Birliyinin sədri Sadiq Quliyev, Sabunçu rayon Şəhid ailələri, “Qarabağ əlilləri və veteranları” İctimai Birliyin sədri Çingiz Tağıyev, “Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyin sədri İradə Rzazadə, “Qarabağ əlilləri və veteranları” İctimai Birliyin sədri Növrəstə Yusifova, “Milli mədəniyyətin təbliği” İctimai Birliyin sədri Jalə Cəfərova və başqaları film haqqında təəssüratlarını bölüşüblər. 

“Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filminin layihənin rəhbəri Afət Alışova, operatoru Rais Bəhramidir.