“Külək əsmədi…”, yaxud, bu səhər Bişkekdə bizə qarşı erməni təxribatının qarşısı alındı Featured

Rate this item
(0 votes)

 

Qırğızıstan paytaxtı Bişkekdə erməni təxribatının qarşısı alınıb. Belə ki, Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun müdaxiləsi nəticəsində Bişkek şəhərindəki Kino Evində Fransa-Ermənistan-Belçika istehsalı olan təxribat xarakterli “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filminin nümayişi baş tutmayıb. Xatırlayırsınızsa, ermənilər bu filmi Kann kinofestivalına qədər daşımışdılar. 

 

“Alliance Francaise Bişkek” şirkətinin təşkilatçılığı ilə fransız dilində çəkilən filmin rusca alt yazısı ilə bu gün yerli vaxtla saat 11:00-da Bişkek şəhərində yerləşən Kino Evində tamaşaçılara təqdim olunması nəzərdə tutulmuşdu.

Bu xəbəri “Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə məlumatı çatdıran “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyevə və Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyinin sədri Xansıvar Baxşəliyevə istinadən yayır. Xəbərdə qeyd edilir ki, nümayişi dayandırmaq diaspor rəhbərlərinin ölkənin mədəniyyət, informasiya və turizm naziri Cavankul Azamat, “İssık-Kul Forumu” Beynəlxalq İctimai Birliyinin rəhbəri Askar Aytmatov və Çinqiz Aytmatov adına Respublika Kino Evinin direktoru Gülmira Kərimova ilə apardıqları danışıqlardan sonra mümkün olub. Soydaşlarımız təxribat xarakterli filmin türk dövlətində nümayiş olunmasına kəskin etirazlarını bildiriblər və diasporumuzun duruma uyğun müvafiq addımlar atacaqları barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, erməni rejissoru Nora Martirosyanın çəkdiyi filmdəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında cərəyan edir. Film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsi məqsədilə ərsəyə gətirilib.