“TÜLU” – Orxan Fikrətoğlunun fantastik hekayəsi (3-cü - son paylaşım) Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

TÜLU

 

 

Fantastik hekayə

 

Atama ithaf

 

Zirzəminin nəm torpağı üstünə oturub: – İrəli! – dedi və birinci özü üzü işığa doğru süründü. Təzəcə tərpənmişdilər ki, bıçaqlının əli açıq qalmış elektrik naqilinə toxundu. Bircə anın içində bıçaqlı cərəyanvurmadan keçindi. Keşiş bıçaqlının ruhsuz bədənini torpağa gömüb: “İşıq yolunda ölənlər xoşbəxtdir!” – pıçıldadı. Bıçaqlı öləndən sonra “yuxarı” çıxanlara görə məsuliyyət daşıdığını anladı. Onları işığa çıxarmaq elə də asan iş deyildi. Bu canlıların üzləri yox idi. “Özlərini” tanımırdılar. İşıq onlara ən əvvəl “özlərini” tanıdacaqdı. Özünü görüb tanımaq isə asan iş deyildi. Bunun özünü bəyənməməyi də vardı. “Yuxarı”nın insanları da hədiyyə deyildilər. Onlar da arxasınca sürünənləri bəyənməyə bilərdilər. Cavabdeh olmaq ağır işdi. Səhv edə bilməzdi. Arxasınca apardıqlarını mütləq işığa çıxarmalıydı. Sonra nə olacaqdısa, qoy olsun. Nəfəsini dərmək üçün dayandı. Arxaya çevriləndə gözlərinə inanmadı. “Qaranlıq adamları” görünmürdülər, yoxa çıxmışdılar. Bunlar necə oldu belə? Ağzını qaranlığa dayayıb: – Hardasız? – qışqırdı.

Hay verən yox idi.

Bir dəfə də ucadan: – Müqəddəs ata, arxamca gəlirsiz? – bağırdı.

Keşişdən də səs çıxmadı. Bircə anda aldadıldığını anladı. Bəndələri onu atıb qaçmışdılar. Heyifsiləndi. Görəsən, onlar niyə belə etdi? Bu qədər çətin yükün altına girmək asan iş deyildi. Çox güman ki, əsl Allah da haçansa bu cür çətinə düşüb. “Yuxarı”nın insanları da haçansa əsl Allahın arxasınca işığa doğru sürünürlərmiş. Sonra yolda nə olubsa, onu tək qoyub qaçıblar. Təkləndiyini görən Allah da həmin andan göyə çəkilib. Göydə təkliyindən darıxmadığı üçün daha yerə enməyib. Yerdə sürünən insanlar da Allahsız qaldıqlarından qaranlıqda azıblar. Ayağa qalxdı. Allah olmadığı üçün təkliyindən darıxdı. İnsan olduğu yadına düşdü. İndi xatırlanan ancaq işlə ev arasındakı yol idi. Bu da ömür dediyin. Xatırlayanda adamın yadına heç nə düşmür. Nə düşəcək? Gəzdiyi şəhərlər? Aldığı bahalı hədiyyələr? İndi keçmişin heç bir sevinci yox idi. Hə, nə olsun ki, İstanbulun dolanbac küçələrində gözəl mulat qız ilə öpüşüb. Və ya Parisi görüb. İndi bunun nə əhəmiyyəti var? Bircə anlıq xoş xatirə insana əbədi rahatlıq vermir. “Yuxarı”da heç kəsi sevə bilmədi. Onu da heç kəs sevmədi. Başı hesablayıcı maşın təki dəqiq, heç kəsə inanmayan, heç kəsdən kömək ummayan quru bir insan olub da. Xatırlanmalı bir xoş günü yoxdur ki, yadına salıb öyünsün. Rəqabətdə təpikləyib bir kənara atdığı insanları xatırlayanda qanı qaraldı. Yadına düşdü ki, keçən il işdən qovduğu sarışın qız özünü öldürmüşdü. Əslində o qız pis işçi deyildi. Bir dəfə sənədlərinə qol çəkəndə əlini qızın yumru ombasına qoyub: “Səni işində bir-iki pillə yuxarı qaldırıb sonra aşağı sala bilərəm”, – demişdi. Sarışın qız bundan sonra onu görəndə hər dəfə yolunu dəyişmişdi. O da ilin axırı sarışını işdən qovmuşdu. Axırı da ki, belə. Qız zəhər içib özünü öldürmüşdü. Bütün bunlardan sonra hələ “qaranlıq insanları”nı xilas etmək haqqında düşünürdü də. Sən qatilsən. Bunu unutma! Allah olub mənimçün. “Yuxarı”nı xatırlamasa yaxşıydı!

Bir dəfə də: – Müqəddəs ata, – deyə qışqırdı. Keşişdən səs çıxmadı. İrəli boylandı. Divardakı işıq közərməyindəydi. İrəli getmək istəyirdi ki, qaranlığın içində gözlə görünən fərqli bir qaranlıq çiynindən aşağı basdı.

Qaranlığın qaraltısına əliylə toxunub: – Nə istəyirsən? – soruşdu.

Qaraltı ucadan: – Arxanca sürünənləri mən azdırmışam. Onlar hələ işığa hazır deyillər! – dedi.

Artıq zirzəmidəki qəribəliklərə öyrəşmişdi. Sakit səslə qaraltıdan:  – Sən kimsən axı? – xəbər aldı.

Qaraltı: – Mən obrazam! – dedi.

– Kimin obrazısan?

Qaraltı: – Yəqin, “div” adımı eşitmisən. Poseydonu da! Mən həm də Təpəgözəm. Lütsifer də mənəm. Üzlərim, adlarım çox olsa da, əslində yoxam, – dedi.

– Mənimlə danışırsan axı.

Qaraltı: – Danışan mən deyiləm! Obrazdır. Mən lazım olanda oluram, olmayanda xatirəyə çevrilirəm. Sən də, mənim kimi, obrazsan. Şeytan da obrazdır. Ölümün özü də obrazdır. Nə “yuxarı”da, nə də “aşağı”da həmişə yaşayan heç kim yoxdur! – dedi.

– Məni Allah bilib arxamca sürünənləri aldatmırdım. Onları, həqiqətən də, “yuxarı” çıxaracaqdım. Nahaq belə etdin. Onlar mənə inanmışdı!

Qaraltı: – Səndən Allah olar? İddiasına bax! Nə düşmüsən qabağa? Səni kim darğa seçib? Başa düşmürsən ki, onlar səni aldadır? – söylədi.

– Mən onlara möcüzə göstərmişəm!

– Axı sən onları arxanca hara aparırdın?

– Yuxarı!

– Nəyə görə?

– Onları xoşbəxt etmək istəyirəm!

– Özün xoşbəxtsən?

– Onlara cavabdeh olandan hə!

– Xoşbəxtlik nədir?

– Hara getdiyini bilmək! Sənə inananları sevmək!

– Dediklərin ilğımdır! Onlar sənin yox, möcüzənin arxasınca gəlirlər.

– İndi onlar hardadırlar?

– Ağızlarını dirəmişəm qaranlığa. Bir-birlərini təpikləyə-təpikləyə məqsədsiz sürünürlər. Çıxış yolu tapmasalar, içlərindən bir günahkar tapıb öldürəcəklər! Bununla da “yuxarı” qalxmaq istəkləri soyuyacaq. Birinci dəfə deyil ki... İnsanlar sabit fikirli deyillər. Heç zaman da olmayıblar.

– “Yuxarı”da onlar qədər sadiq insanlar qalmayıb. Onlar “yuxarı”nı da xilas edəcəkdilər! – dedi.

– Sənin gördüyün o işıq da işıq deyil, ilğımdır, obrazdır!

– Mən onlarla birgə yeni dünya yaradacaqdım!

– Sənin özünü xilas etmək lazımdır!

Əlini qaldırıb obrazın qaramtıl üzünə şillə vurmaq istədi. Əli havadakı boşluğu yardı. Haradansa çox uzaqdan obrazın indi də ağımtıl görünən görüntüsünün “cingiltili” səsi eşidildi.

– İndi mən “Gəlincik” obrazıyam. Xırda uşaqların başını qatıram. Sənin allahlığın bura qədər idi. Bəndəsiz Allah kimə lazımdır? Bəndəsiz Allah olmur!

Obraz düz deyirdi. Ona Allah deyənləri görməyəndən “yuxarı” çıxmaq həvəsi ölmüşdü. Artıq işığa doğru sürünmək də istəmirdi. Kimi xilas edəcəkdi? Özünü? Özünü tanımırdı. Nə istədiyini bilmirdi. Bir xeyli beləcə oturdu. Boşluqdan darıxdı. Yəqin, insanlar olmasa, Allah da Allah olmaqdan darıxar. Axı onu öyüb qiymətləndirən insanlardır.

– Allahım, hardasan? Dualarımı eşidirsənmi? – Keşişin səsi qaranlığı xəncər təki yardı.

Ayağa qalxıb sevinə-sevinə: – Burdayam, – qışqırdı.

“Burdayam” nidası vurulan zaman anladı ki, göydə Allah da keşişin duası kimi, bütün duaları eşidirmiş.

Əllərini irəli açıb işığa doğru gedə-gedə yenə özünü xilaskar hiss etdi. Bir-iki addım atmışdı ki, ayağı siçan tələsinə düşdü. Tələnin bircə anda qapanmış dişli dəmiri ayağını kəsdi. Əyilib rəzələri açdı. Burnuna qan qoxusu gəldi. Ayağı qanamışdı.

– Tələmə Allah düşdü? – soruşan səs “ov”undan razı idi.

– Sən kimsən?

Tələ sahibi: – Boz adamam, – dedi.

– Ovçusan? – soruşdu.

Tələ sahibi: – Xeyr! Adəmdən Xatəmə dünyaya dəb salıram! –cavab verdi.

– Üzünü görmək istərdim, – dedi.

– Mən dəbəm! Üzüm də xasiyyətim kimidir. Gəldi-gedər. Mən olan yerdə yaxşılar pislərə xidmət edir. Allahlar tələyə düşür.

– Bu zirzəmidə də dəb var?

– Dəb hər yerdə var!

– Dünya dəbdir?

– Xoşuna gəldi-gəlmədi, mən də peyğəmbər kimi elçiyəm. İşim budur! Mən mizan-tərəziyəm. Yaxşılar dünyanı tutub dursa, yaxşı olmaz. Pislər dünyanı tutsa, heç yaxşı olmaz. Dünya yaxşı ilə pisin arasında seçim edən insanın tələyə düşdüyü yerdir. Yaxşı ilə pisi isə qurduğum tələlərlə mən dəb salıram! Nə yalxı yaxşı var, nə də yalxı pis var! Nə varsa dəbdir!

– Sən rahibsən?

– Rahibin mövqeyi olur. Mən mövqesizəm!

Ayağı qanadığından gedə bilməyəcəkdi. Aşağı çöməldi. Boz adam da dincini almaq üçün qaranlığın üstünə oturdu.

– Ağrıyır?

– Ağrıyır!

– İcazə ver ayağına tüpürüm.

– Elə niyə?

– Dəb salıram!

Boz adam ağzını ayağına dayayıb yaranı sümürməyə başladı. Ayağı boz adama toxunanda bədəni ürpəndi. Sən demə, onunla danışan boz adam deyilmiş, zirzəmiyə endiyi gün gördüyü çəhrayı siçan imış.

Çəhrayı siçandan: – Sən siçansan? – soruşdu.

Siçan: – Siçanam! – dedi.

– Onda belə çıxır ki, siçanın qurduğu tələyə düşmüşəm!

– Nə bilmişdin! Siçan sən qurduğun tələyə düşməyəcəkdi ki...

Siçanın son sözü ona yer elədi. Əlinin altına keçən daşı onun başına vurdu. Siçanın canı dili qədər deyilmiş. Ordaca çıxdı. Yenə irəli süründü. Qabaqda yol sola burulurdu. Közərən işıq da yol kimi qıvrılıb sola döndü. Deməli, məsələ işıqda deyilmiş. Məsələ işığa doğru getməkdə imiş. Yolu tutub gedirsənsə, mütləq gözünə bir işıq görünəcək. Bütün yolların axırında bir işıq var. Məsələ bu işığı görüb-görməməkdədir.

Yol qırağında işaran ağımtıl rəngin avazlığında kompüterə oxşar bir qutu gördü. Əlinə götürüb ağzını açdı. İçində noxud boyda bir kişi vardı. Oyuncaq deyildi. Miz arxasında oturub özü kimi xırda kompüterində nəsə yazırdı. Qutunun açıldığını görüb gülümsündü. Salamlaşmaq üçün sağ əlini kəmali-ədəblə irəli uzatdı.

– Açdığın qutu Yer adlı planetdir. Mənim adım Ustaddır. Yazıçıyam, – kişinin sözləri özü qədər kiçik deyildi.

Kişidən: – Niyə belə balacasan? – soruşdu.

Kişi: – Dünya kiçilib. İki əsrdir ki, insanların ən hündürü mənim boyda doğulur. Daha doğrusu, satılır, – dedi.

– Necə yəni satılır? – soruşdu.

– Yer adlı planetdə daha uşaqlar doğulmurlar. Qutularda satılırlar!

– Bəs qadınlar necə oldu? – xəbər aldı.

– Qadınlar qalmağına qalıblar! Amma nə faydası...

– Necə yəni nə faydası?

– İndi hamı eynidir!

– Hamı kişidir?

– Hamıya qadın da demək olar, kişi də. Seçim azaddır. Məsələn, mən kişiyəm.

– Qadından seçilmirsənsə, kişi olduğunu hardan bilirsən?

– Özümü kişi kimi hiss edirəm!

– Bunu bildim! Yaxşı, o yekəlikdə dünyanı niyə kiçiltdiniz?

– İki min ildir dünya bu boydadır!

– İnsanların kəramətindən kiçilib?

– Böyük fikirli böyük adamlar bir gün dünyaya gərək olmadı. Mənim kimi xırdalar işi belə görüb böyükləri alçaltdılar. Böyüklər kiçiləndən sonra dünyanı da boyumuza uyğun şəklə saldıq.

– Belə xırda olmaq sənə ləzzət eləyir?

– Eləyir deyəndə ki, hara istəsəm, girirəm də. Dərdim də elə böyük deyil. Boyuma uyğundur. İstəyim heç yoxdur. İçimə sığışmayıb. Xırdayam axı. Uşağımı, sərhədimi düşünmürəm. Heç nə fikirləşmirəm. Heç nə arzulamıram da. Balacayam. Fikirləşmək üçün çox xırdayam!

– Nə yazırdın indi?

– Səndən yazırdım!

– Nə yazırdın ki?

– Yazırdım, dünyanı nəhəng bir adam dəyişməyə çalışır. Ölçü götürün.

– Ölçünü kim götürəcək?

– Kompüter!

– Böyüyünüz odur?

– Dünyada daha ölkə, sərhəd qalmayıb. Heç kim heç kəsi seçib eləmir də. Bütün dünyanı idarə edən cənab kompüterdir.

– Sizin bu kompüterin neçə yaşı olar?

– O, həmişə cavandır!

– İndi o məni görür?

– Əlbəttə görür.

– Ondan söz soruşa bilərəm?

– Soruşa bilərsən.

– Cənab kompüter, məni yuxarı çıxara bilərsiz? Evimə qayıtmaq istəyirəm!

Xırıltı altından kompüterin səsi eşidilir: – Yuxarı ancaq sənin ağlında qalıb. Əslində yuxarı yoxdur. Yer adlı planetdə daha yuxarı yoxdur. Hər şey aşağıdır!

– Çox sağ ol!

Balaca yazıçı ondan əl çəkmək istəmirdi: – Sən necə belə böyük qalmısan? Dünya ovcuna yerləşir. Nəhəng olmaq səninçün çətin deyil ki? Yeməyini necə çatdırırsan?

– Xırdaların içində böyük olmaq çox çətindir!

– Biz xırda deyilik. Sən çox böyüksən. Böyük olduğun üçün də bizə lazım deyilsən.

– Sən niyə belə düşünürsən?

– Sənə yemək çatdırmaq qədər ağıl çatdırmaq da çətin olar.

– Yeməyin necədir, çatdırırsan?

– Biz dörd nəfərik. Mənəm, atamdır, iki dənə də, Allah sizinkiləri saxlasın, fermadan qız uşağı almışam. İlə dörd xiyar, altı pomidor yeyirik. İki stəkan da su içirik.

– Elə bu?

– Heyvanlarla quşlar çox böyük idilər. Onları da öldürdük getdi. Taxıl əkməyə də yerimiz yoxdur. Ancaq xiyarla pomidor əkirik!

– Harda əkirsiz?

– Ağlımızda!

– Sən nə iş görürsən?

– Yazıçılıqdan başqa əlimlə havada xəritələr cızıram. Atam isə insanları bir-bir sayır. Böyük qızımın “uşaq ferması” var. Kiçik qızım isə hələ məktəblidir.

– Atan insanları niyə sayır?

– Bu, dövlət sirridir, sənə deyə bilmərəm.

– Nəyə görə əlinlə havada xəritə cızırsan?

– Elə edirəm, havada çəkdiyim xəritəni başqaları görüb köçürməsin!

– Xəritəni də oğurlayan olur?

– Niyə olmur? Keçən il xəritəmdən iki şəhər oğurlamışdılar.

– Kim oğurlamışdı?

– Bu da dövlət sirridir.

– Dünya necə idarə olunur?

– Öz-özünə. Hər səhər küçələr süpürüləndən sonra nə olmalıdırsa, olur. Ertəsi gün də elə. Nə olacaqsa, o da mütləq olacaq. Dünən də elə olub! Nə olmalıydısa, artıq olub.

– Bəs sizin iradəniz?

– Bizim iradəmiz yoxdur!

– Müharibələr necə?

– Müharibələr milli sərvətimizdir! Müharibə olmayanda insanlar özlərini öldürürlər. Dünyada adam çox olsa, yemək qıtlığı yaranar. Müharibə xilasdır. Bayaqdan məni sorğu-suala tutmusan. Bir az özündən danış görək sən kimsən?

– Mən işığa doğru gedirəm. Bura zəlzələ olan gün düşdüm. İndi “yuxarı” qalxa bilmirəm. İstəyirsən səni də xilas edib “yuxarı” çıxarım?

– Haqqında çox eşitmişdim. Üzünü də gördüm. Səni nağıl kimi təbliğ edirdilər. Demə, varmışsan. Belə böyük olduğunu təxmin etmirdim. Sən, həqiqətən də, çox böyüksən. Bizim dünyamız sənin “arxan” boyda olar.

Kiçik adama daha heç nə demədi. Qutunun ağzını bağlayıb cibinə qoydu. Yer adlı planeti də yuxarı çıxarmaq istəyirdi. İrəlidəki işıq közərməkdəydi. Görəsən, onu “yuxarı”da xatırlayırlarmı? İrəli sürünə-sürünə bunu düşündü. Birdən zirzəmiyə haradansa su gəldi. Çox keçmədi, zirzəmi suyla doldu. Yaxşı ki, üzə bilirdi. Paltarlarını soyunub işığa doğru üzdü. Bir qədər üzmüşdü ki, qarşısına taxta sal çıxdı. Salın tutacağından tutub üstünə qalxdı. İki qara qul avar çəkirdi. Salın ortasına qoyulmuş yellənən kresloda yaşlı bir kişi oturmuşdu. Demis çəkirdi. Onu görüb ayağa qalxdı. Salamlaşmaq üçün əlini irəli uzadıb gülə-gülə: – Səni görməyim də görməməyim qədərdir! – dedi. Kişinin əlini geri itələyib: – Mənim ac adamla filosof kimi danışanlardan zəhləm gedir, – söylədi.

Yaşlı adam heç nə deməyib gülümsündü.

Qabın içindəki bütün meyvələri yeyib qurtarandan sonra salın döşəməsinə çökdü. Bir az rahatlanmışdı. Yaşlı adamın ona doğru uzalı əlini indi gördü. Utana-ytana kişinin əlini sıxdı.

– Sən kimsən? – soruşdu.

Yaşlı adam: – Mən sənin bəxtinəm, – söylədi.

– Mənim bəxtim də varmış?

– Mən olmasaydım, suda boğulub öləcəkdin. Heç xəbərin də olmayıb, “yuxarı”da səni azı min dəfə ölümdən qurtarmışam. Heç bilməmisən də!

– Sanırdım çətinliklərdən öz ağlımla çıxıram.

– Ağlın özü də bəxtdir!

– Bura düşməyim də səndəndir?

– Dağıntılar altında qalıb ölmək istəyirdin?

Sal zirvənin quru yerinə çatdı.

Yaşlı adam onu qucağına qaldırıb quruya qoydu. Sal uzaqlaşanda: – Hələ yuxarıda çox görüşəcəyik. Özünə yaxşı bax! – dedi.

Közərən işıq şüləyinin düşdüyü divarın qarşısındaydı. Titrəyən əlləri ilə divardakı çata toxundu. Təmasdan divar aralandı. Aralanmış yarıqdan zirzəmiyə yanğınsöndürənlər girdilər. Onlardan biri əlində yanan fənər tutmuşdu. Yaxınlaşıb ucadan: “Burda sağ adam var. Aşağı enin!” – qışqırdı.

Xilas olunduğunu anladı. Çölə çıxarılanda başına toplaşanların içində qızını da gördü. Dinməzcə ağlayırdı.

Onu xilas edən yanğınsöndürəndən: – Necə ildi burdaydım? – soruşdu.

Yanğınsöndürən: – Altı gündür! – dedi.

Keşişin “Allah dünyanı altı günə yaratdı” sözlərini xatırladı və sevdiklərini yuxarı çıxara bilmədiyinə görə pis oldu. Allah kimi altı günə yaratdığı yeni dünyanın bəndələri aşağıda qalmışdılar. Onlar üçün darıxdı. Xərəkdən ayağa qalxmaq istəyəndə cibindən tanış səs eşidildi. Əlini cibinə salıb qutunu çıxartdı. Qutunun ağzı açılanda balaca yazıçını görən tibb bacıları gözlərinə inanmadılar.

Balaca yazıçı: – Məni allahların yaşadığı yerə gətirdiyin üçün çox sağ ol! – dedi.

– Sən də sağ ol! – deyib qutunun ağzını bağladı.

Xərəkdəydi. Tibb bacıları onu təcili yardım maşınına doğru aparırdılar. Nə düşündüsə, uzaqda dayanıb ağlayan qızını yanına çağırdı. Qızı qaça-qaça xərəyə yaxınlaşdı. Ata-bala qucaqlaşdılar.

Qızı ağlaya-ağlaya: – Ata, ölməyəcəyini bilirdim. Hər gecə yuxuma girirdin, – dedi.

Qızını sinəsinə sıxıb: – Seyfin içində çoxlu pulum vardı, onu götürməmisən? – soruşdu.

Qızı yanağında donmuş göz yaşını əlinin arxasıyla silə-silə təəccüblə atasının üzünə baxdı. Qızının baxışından anladı ki, daha Allah deyil, özüdür. İstəməsə də, dünyanın axarına düşür. Qəfil ayılan kimi oldu. Əlində tutduğu qutunu qızına uzadıb: – Bunu bir yaxşı yerdə gizlət ki, dünyanın havasına düşməsin! – dedi.

Qızı: – Puldur? – soruşdu.

– Yox, qızım! Dünyadır, – dedi.

 

 “Ədəbiyyat və incəsənət”

(21.06.2024)