“AYRIC” – Orxan Fikrətoğlunun povesti (Son paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

AYRIC

                    

6

 

Necə olur ki, sən o iranlını öldürəndən sonra beş il həyətə-bacaya çıxmadığım halda bütün məhlə mənə qəhbə dedi, hər gün onların gözlərinin qabağında elə özləriylə də qəhbəlik eləyən Zibanın qızlarına isə bacı?! Sən mənə bunu izah edə bilərsən? Yox! Mən isə sənə izah eləyə bilərəm. İnsanlar kölədir. Puluna minnət, ödə, sənə qul olsunlar. Sənə allah desinlər. Beyət etsinlər. Mənim dünyada bircə arzum vardı. Allah haqqı, burdasan deyə demirəm. Bircə arzum vardı. Səninlə bir uçuq daxmada yaşayıb üç oğlan uşağı doğmaq. Yaşaya bildim? Hanı o uşaqlar? Sən hardasan bəs? Kim buna mane oldu? Mən? Mənim öz həqiqətim var. Sən? Sənin də burda günahın yoxdur. Sən məni sevirdin deyə o oğraşı öldürdün. Bəs onda kim? Bilirsən bu KOVİD nədir? KOVİD səninlə mənim sevgimi məhv etmiş taleyin bu dəfə başqa bir görkəmdə şəkillənmiş xəstəlik variantıdır. Mən taleyin acığına iki həftəlik karantin zamanı özümə toy etdim. O isə cildini dəyişib indi də xəstəlik şəklində bizə toy tutmaq istəyir. Nə dəyişib? Heç nə. Zibanın qızları bilirsən niyə bizim kimi belə karantin tələlərinə düşmürlər? Çünkü qəhbədirlər deyə bu qəhbə dünyanın çəmini, dilini bizdən yaxşı bilirlər. Qəhbə qəhbənin dilini bilir axı. Görürsən necə işlər var, qədeş! Sən mənə bunun niyə belə olduğunu izah edə bilərdin?

– Sən bu xatirələrlə necə yaşayırsan?

– Səndən soruşuram, izah edə bilərdin? – Mədinə sualında israrlıydı.

– Yox, eləyə bilməzdim. Ona görə ki, mənim də həyatımda baş verənlərin heç bir zaman izahı olmayıb.

Mədinə nə qədər özünü şən göstərməyə çalışsa da, mirvari kimi saf göz yaşları iri yaşıl gözlərindən yanağına doğru süzülürdü. Qəribədir, Mədinə ağlamırdı, di gəl, göz yaşları damcı-damcı gözünün qaynağından süzülməkdəydi.

– Daha olan olub, keçən keçib. Mənim tır sürücülərinin yanına getdiyimi sənə o zaman kim demişdi?

– Ziba!

Mədinə bir müddət yerində donub qaldı. Göz yaşları da gözlərindən yanağına doğru süzüldüyü nöqtədə qırov kimi salxımlandı.

Sonra aram-aram eyvandan otağa keçib “tuman tökdü” hərəkətliliklə musiqisiz rəqs etməyə başladı.

Eyvandan otağa girəndə Mədinənin üzünə tökülmüş sarı buruq saçlarının altından eşidilən hıçqırıq səslərindən anladı ki, qadın ağlayır. Yaxına gəlib onu qucaqladı. Mədinə sinəsinə sığınıb:  – Məni daha heç zaman tək qoyma! İnsanlardan qorxuram! – pıçıldadı.

Bir qədər birlikdə rəqs etdikdən sonra divana əyləşdilər.

Səhər yuxudan qalxan kimi Mədinə yenə ona dərmanlarını içirtdi. Qızdırması olsa da, özünü narahat hiss etmirdi. Son günlər öskürəyi artmışdı. Ən çətini ciyərlərinə yığılan bəlğəmi boğazından çölə çıxartmaq idi. Səhərlər saatlarla əlüzyuyanın qarşısında dayanıb ögüyürdü. Xeyri yox idi. Gecələr onu boğan da həmin bu sinəsinə yığılıb daşlaşmış bəlğəm idi. Canından çıxmırdı ki, çıxmırdı.

– Gəl bu gecə divanda yataq! – Mədinə on dörd günün dadını axıra qədər çıxarmaq istəyirdi.

– Yataq da. Mən səninlə yatıram. Çarpayı ilə yatmıram ki... –dedi.

– Divanda sənə divan tutacam, – Mədinənin səsi ehtirasdan dalğalandı.

Həmin gecə divanda yatdılar.

Səhər Mədinə gözünə daha qıvraq göründü. Sanki qadın yenidən doğulmuşdu. On beş yaşlı qıza bənzəyirdi. Saçlarını hörüb kürəyinə atmışdı. Onun yuxudan oyanmasını gözləyirmiş kimi divandan döşəməyə hoppandı. Bir göz qırpımında jurnal mizinin üstünə qoyulmuş əl telefonunu götürüb otağın açıq nəfəsliyindən çölə atdı.

Mədinənin nə etdiyini axıra qədər anlamağa macal tapmamış dodaqlarında dodaqlarının tamını hiss etdi. Mədinə onu ehtirasla öpdükcə içinə tamam fərqli bir rahatlıq axırdı. Nəfəsəni dərmək üçün bircə anlıq dodaqlarını dodağından ayıran Mədinə: – Bizə daha heç kim və heç nə mane ola bilməz. Otağıma daha heç kəsi buraxmayacam! Sənin ailəni də! – qışqırdı.

Mədinə özüylə birgə sanki onu da yenidən doğurdu.

– Rədd olsun telefon! – Mədinədən geri qalmamağa çalışdı.

Mədinə həmin səhər otağa brend dükanlardan hədiyyəlik paltarlar, bahalı ətirlər, dəbdə olan restoranlardan cürbəcür yeməklər sifariş verdi. Və həmin günü onlar gecəyə qədər sevişdilər. Şam yeməyindən sonra isə yenə birlikdə rəqs etdilər. Amma xəstəlik də otaqdaydı. Heç hara getməmişdi. Son günlər hər ikisi xırıltıyla öskürürdü. Mədinə bütün dərmanları ona vaxtlı-vaxtında içirtsə də, özü deyiənlərə əməl etmirdi. Bütün günü şıltaq qız uşağı kimi özünə bir məşğuliyyət tapır, sonra da səhərə qədər onunla doya-doya çarpayıda sevgi yaşayırdı.

Karantinin altıncı günü sübh tezdən xüsusi səyyar xəstəxananın baş həkimi onları bir daha müayinə etmək üçün otağa gəldi. Baş həkim əvvəllər hərbi həkim olmuşdu deyə davranışı sərt və qabaydı. O, diqqətlə hər ikisinin ağciyərlərinə qulaq asdıqdan sonra saturasiyalarını da yoxladı. Mədinənin xışıltılı ciyərləri və normadan çox aşağı enmiş saturasiyası həkimi əməlli-başlı özündən çıxartdı. Mədinəyə elə bu dəqiqə, gecikmədən xəstəxənaya getməli olduğunu dedi. Mədinə razılaşmadı. Baş həkim Mədinəyə bir xeyli dərman təyin etdikdən sonra söylənə-söylənə otaqdan çıxdı.

Həkimin ağzı fal imiş-nədi? Həmin günün axşamı qadının qızdırması gözlənilmədən qalxdı. Bütün gecəni qızdırmasalan dərmanlar içsə də, düşmədi. Səhərə yaxın isə birdən-birə ayaqları tutuldu. Qadının gizli şəkəri olduğundan xəstəlik ən əvvəl zədələnmiş ayaq əzələlərini iflic etdi. Bütün gecəni Mədinəni qucağına alıb uşaq kimi otaqda gəzdirdi. Yalnız o, bircə anlıq yuxuya gedəndə növbətçi həkimi köməyə çağırdı. Həkim Mədinəyə qızdırmasalan iynələr vurduqdan sonra saturasiyasının aşırı aşağı düşdüyünü görüb otağa oksigen balonu gətizdirdi.

Mədinənin başının üstündən heç hara çəkilmirdi. Hər nəfəsini güdürdü. Bu, nə axmaq xəstəlik imiş. Dünənə qədər gözlərində həyat qaynayan top kimi sağlam qadın bircə günün içində ağır yataq xəstəsinə çevrilib xırıldaya-xırıldaya oksigen balonuna möhtac olmuşdu. Dinib-danışmırdı. Bütün günü boğula-boğula yatırdı. Ancaq hərdənbir gözlərini geniş açıb məəttəl-məəttəl otağın tavanında yağlı boya ilə çəkilmiş buludsuz, aydın göy üzünə baxırdı.

Özünü artıq unutmuşdu. Dərmanlarını da içmirdi. Fikri ancaq Mədinədəydi. Təki o, ayağa qalxsın. Arxasınca danışılanlar da onun üçün artıq əhəmiyyətini itirmişdi. Nə deyirlər qoy desinlər, danışsınlar. Təki Mədinə sağ qalsın, ölməsin. Hər gecə baş həkimin məsləhəti ilə Mədinənin kürəyini döyəcləyirdi ki, ciyərləri açılsın. Onu durmadan, dayanmadan danışdırıb həyata qaytarmaq istəyirdi. Faydasızdı. Mədinə özünə gəlmirdi. Əksinə, gündən-günə xəstəliyi daha da şiddətlənirdi. Artıq hər gecə qan qusurdu. Qadının bu hala düşməsində günahkar idi. Hotelə gəlmək təklifini də Mədinəyə o vermişdi. Görünür, Mədinənin canı onun canı qədər sağlam deyilmiş. Yoluxduğu ilk gündən qadının hərarəti qırxı keçmişdi və ciyərlərində buzlu şüşələr əmələ gəlmişdi. Baş həkim necə gün idi ki, Mədinənin ciyərlərinin altmış faizinin tutulduğunu və mütləq xəstəxanaya getməli olduğunu deyirdi. O, razı olmurdu. Xəstəxanaya getsə, Mədinə öləcəkdi. Bunu hiss edirdi.

Oksigen balonunun monitorunda dəfələrlə qadının saturasiyasının və nəbzinin sıfra düşdüyünü görmüşdü. Bununla belə, yenə də canı soyumaqda olan Mədinəyə dərmanlar içizdirməkdəydi. Sulu dərmanlar onun kip bağlanmış dodaqlarından artıq keçmirdi. Ağzından geri qayıdıb sinəsinə süzülürdü. Mədinənin yaşamadığını beyni ilə dərk etsə də, ürəyi ilə buna inanmırdı. Qadının daşa dönmüş ciyərlərini var gücüylə yumruqlayıb “buzlu şüşələri” sındırmağa çalışırdı. Həkimlər otağa girsəydilər, Mədinəni aparacaqdılar. Ona görə də heç birini otağa buraxmırdı. Qapının arxasından həkimlərə onun yaxşı olduğunu deyirdi. Artıq günlərin sayını da itirmişdi. Günlər onun üçün əhəmiyyətini itirmişdi. Nə fərqi vardı necə gündü burdadı. Bu gün neçənci gündür? Harda yaşayır? Kimdir? Neçənci ildir? Mədinəsiz bunların nə əhəmiyyəti var idi ki?

Və bir gün Allah elə bil səsini eşitdi. Mədinə bircə anlıq özünə gəlib tük basmış üzünü titrəyən barmaqları ilə sığalladıqdan sonra: – Görürsən birlikdə yaşamaq necə gözəldir! – pıçıldadı.

Qadının əllərini öpüb: – Biz daha heç zaman ayrılmayacağıq! – dedi.

Mədinə çətinliklə olsa da, çarpayıda dikəlib: – Həyatım boyu qıl kimi nazik körpüdən sağa-sola baxa-baxa keçməli oldum. Yolun sonunda məni nə gözləyəcəyini bilmirdim deyə qorxurdum. Əllərindən tutmaq istəyirdim. Hamı kimi, sən də əlini heç zaman mənə doğru uzatmadın! – dedi və taqəti olmadığından yenidən çarpayıya çökdü.

Bir müddət hər ikisi susdu.

Dizi üstə döşəməyə çöküb gözlərindən otağa nur daman Mədinənin alnından öpdü. Qadının alnı bumbuz idi. Əlinin istisi də əllərinin içində get-gedə soyuyurdu.

Qorxa-qorxa:  – Mədinə! – qışqırdı.

Qadın cavab vermədi.

Səsi qırıla-qırıla bir dəfə də: – Mədinə! – çağırdı.

Mədinə ölmüşdü.

Amma yenə də gözəlliyi üstündəydi və geniş açılmış gözlərində bir zamanlar kiçik dəmir yolu stansiyasında “dərgaha yüksəlmiş” rus qarısının gözlərində olan xoşbəxtlik işığı vardı.

Hələ də əllərinin içində olan Mədinənin artıq soyumuş əlini öpüb sinəsi üstünə qoyduqdan sonra ayağa qalxıb yeyin addımlarla qapıya sarı getdi.

Əlini qapının dəstəyinə sarı uzadanda qulağına qağayı qışqırığına bənzər bir səs gəldi.

Çevrilib çarpayıya tərəf baxdı.

Mədinənin əli ona doğru uzanmışdı...

 

 “Ədəbiyyat və incəsənət”

(05.06.2024)