“AYRIC” – Orxan Fikrətoğlunun povesti (4-cü paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

AYRIC

                    

4.                 

 

 

Mədinə əli ilə ağzını tutub onu cavab verməyə qoymadı. Hotelin qeydiyyat şöbəsində sənədlərini yoxlasaydılar, məsələ əməlli-başlı şişəcəkdi. Əlac ancaq susub deyilənlərə tabe olmaq idi.

Polis otaqdan daha səs çıxmayacağına əmin olduqdan sonra qapını yenə arxadan açarla bağladı. Bir qədər sonra isə dəhlizdən onun uzaqlaşan ayaq səsləri eşidildi.

Yaman yerdə axşamladı. Hoteldən çıxmaq daha mümkün olmayacaqdı. Ən azı vəziyyət durulana qədər gözləmək lazım idi. Bəlkə kimi isə tapıb ovcuna pul bassın? Ağlına gələn ilk fikir bu oldu. Pul açan qapını qanun da açmır. Dünəndən söndürdüyü əl telefonunu şəbəkəyə qoşub oğluna zəng etdi. Həqiqəti ona olduğu kimi danışmalıydı. Başqa çarə qalmamışdı.

Oğlunun səsi küskün idi. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Səsini eşidən kimi ağlamsınıb: – Ay ata, hardasan? Ürək-göbək qoymadın məndə! Dünəndən səndən nigaranam. Anam da bu gecə gözünü yummayıb. Bilmirik ölmüsən, qalmısan. Telefonunu da söndürmüsən. Qəzaya-zada düşməmisən ki? Şəhərin bütün xəstəxanalarını, morqlarını gəzmişəm. Yağlı əppək olub çəkilmisən göyə. Adam belə eləyər? Hardasan indi? Gəlirsən? – dedi.

– Ay bala, bir mafar ver də danışım. Yox, gələ bilmirəm. Məni karantinə salıblar!

– Necə yəni karantinə salıblar? Harda salıblar? Kim salıb? Xəstələnmisən bəyəm? Hardasan indi? Xəstəxanadasan? Bu dəqiqə yerini de, gəlim ora! – oğlu sualı suala calamışdı.

– “Sirat” otelinə gəl. Mərdəkan yolundan Şağana burulan döngənin üstündədir. Hündür, dördkünc binadır. Qabağında da cürbəcür bayraqlar asılıb. Qırx altıncı otaqdayam. Aşağıdan soruşsan, sənə deyəcəklər. Burda kimisə KOVİD tutub deyə hamımızı basıblar karantinə. Bir xeyli təzə yoluxan da var. İkisi gecəynən ölüb. Hələ anana bir söz demə ha. Bura gəl. Səninlə işim var. Özünlə pul da götür gələndə. Burda kimisə tap, onunla əməlli-başlı danış, ovcuna pul bas. Bir sözlə, neynirsən elə, məni burdan qurtar!

Yarım saatdan sonra oğlu hotelin foyesindən zəng etdi.

– Burdayam. Məni də içəri buraxmırlar. Çıx eyvana, heç olmasa üzünü görüm. Sənin oteldə nə işin vardı axı?

Eyvana çıxdı. Oğlu çarəsiz görünürdü. Onunla da sına-sına danışırdı: – Özün həmişə deyirdin ki, tülkünün bazarda nə ölümü var ki, dərisinə qiymət qoysunlar. Təzyiqin-zadın qalxmayıb ki? Təksən orda?

– Gic köpəyoğlu... o məsəlin yeridir indi mənimçün çəkirsən?! Kiminlə olacam? Əlbəttə təkəm. Təzyiqim də qalxacaq! İki yüzə qalxacaq. Keç içəri, otelin müdiriynən, həkimlərnən, nə bilim, kiminlə istəyirsən, dil tap, danış da. Mənə misal nöş çəkirsən? Polis deyilsən? Bunlar da polisdilər də. Curların deyil? Məni burda niyə saxlayıblar? Xəstə-zadam mən? – deyib hirslə içəri keçdi.

Mədinə yorğanı başına çəkib yatmışdı.

Bir azdan oğlu bir də zəng edib: – Otelin içindən heç nə etmək mümkün deyil. Burda ancaq icraçılardır. Sən bir az döz, görüm hardansa yuxarıdan oteldəki qərargaha təziyq elətdirə bilirəmmi? Anama deyim sənə yemək-zad hazırlasın? – soruşdu.

– Oğlum, hələ heç kəsə heç nə demə. Bir dəfə də kişi kimi hərəkət elə. Anana de ki, Filippinə-zada məzuniyyətə gedib. Denən, bilmirəm haçan qayıdacaq. Çox soruşsa, denən ölüb. Nə bilim, özün bir şey uydur de də. Amma məni bu gün burdan çıxart. Qoyma burda qalım. Biabır olmayaq da hər ikimiz. Bir dəfə oğulluq elə də mənə heç olmasa, – deyib əlini bərkdən eyvanın məhəccərinə vurdu.

Oğlunun sonda “Yaxşı” deyib söhbəti bitirməsi də heç xoşuna gəlmədi. Oğlu “Yaxşı” sözünü də heç yaxşı-yaxşı demədi. Axtardığı adamları da belə axtarsa, heç nə! İşləri yaxşı olmayacaqdı.

İçəri keçib sakitcə Mədinənin yanına uzandı. Əlini onun yumru döşlərinin üstünə qoyan kimi hər şeyi unutdu. Qadını arxadan qucaqlayıb bir hovurluq gözünü yumdu. Gözlərinin çimirini alıb çarpayıdan qalxmaq istədiyi zaman telefonuna TƏBİB-dən KOVİD-ə yoluxması ilə bağlı mesaj gəldi. Əvvəlcə mesajın ona göndərildiyinə inanmadı. Elektron mətni bir neçə dəfə oxudu. Ad da, soyad da onun idi. Ədəli-dədəli KOVİD-ə yoluxmuşdu. Bu səbəbdən də o və onunla bir otaqda olan Mədinə Verdiyeva daha ciddi karantinə alınırdılar. Onlar bu gündən hotel otağından on dörd gün ərzində çölə çıxa bilməzdilər və bu qadağa artıq Cinayət Məcəlləsinə düşən qanunlarla tənzimlənirdi. Bu isə o demək idi ki, əgər onlar özbaşına otaqdan çıxsalar, artıq həbs də oluna bilərdilər. Yenə də öz gözüylə oxuduqlarına inanmadı. Mesajı təkrar-təkrar bir neçə dəfə də bərkdən oxudu. Sonra Mədinəni yuxudan oyadıb ona da oxutdurdu. Ancaq bundan sonra əmin oldu ki, bəli, mesaj ona gəlib və vəziyyət çox ciddidir. İşin ağırlığını dərk edəndə isə əməlli-başlı qorxdu. Ayağa qalxıb otaqda var gəl edə edə: – Əgər doğurdan da xəstələnmişəmsə, mənə oteldə kim baxacaq? Öləcəm? – qışqırdı. Əslinə qalsa, ucadan olsa da, daha çox özünə verdiyi bu suala Mədinə gülə-gülə cavab verdi: – Kim baxacaq? On dörd günlük halal karantin arvadın xanım Mədinə!

Eyvana çıxıb dalbadal iki siqaret çəkdi.

İçəri keçəndə Mədinənin güzgü qarşısında dayanıb sakit-sakit bəzəndiyini gördü. Mədinə həyatın bir parçası kimiydi. Heç nəyə münasibəti yox idi. Olanları olmalı olan olacaq kimi qəbul edirdi. Bununla belə, o həm də qadın idi. Qadın kimi də bütün hallarda və vəziyyətlərdə sığallanırdı. Mədinənin sakit davranışı içində yaranmış qəfil həyəcanını bircə anda ovutsa da, hələ də axıra qədər sakitləşə bilmirdi. Uşaqlıqdan xəstəlikdən qorxurdu. Məsələ heç də xəstə kimi yataqda keçirəcək günlərdə, ona vurulacaq iynələrdə və ya içəcəyi dava-dərmanda deyildi. Dar otaqda qalmaq, özünü xəstə kimi hiss etmək də onun üçün daha böyük işgəncəydi. Adını biləndən, özünü tanıyandan qapalı yerlərdə ürəyi sıxılırdı. Hələ bu günə qədər liftə, metroya minməmişdi. Dar otaqda heç vaxt tək oturmamışdı. Otaq nədir? Əyninə dar köynək belə geyinməmişdi. Dar dəhlizlərdə də ürəyi ağzına gəlirdi. Hamamda çiməndə belə qapını açıq qoyurdu. Həbsxanadan da daha çox bağlı qapılarına görə qorxurdu. İndi onun üçün ən çətini bu havasız otaqda on dörd gün sərasər xəstə kimi qalması idi. Buna dözə biləcəkdimi? Adının bədnam olması bir yana qalsın, bu darıxmaq işi, sıxılmaq halı ona xəstəlikdən çox əziyyət verəcəkdi. Ən qəribəsi də bu idi ki, xəstələndiyini təsdiqləyən xəbər gələndən özünü daha yaxşı hiss etməyə başlamışdı. Nə qızdırması vardı, nə öskürürdü, nə tərləyirdi, nə də ki başqa bir xəstəlik əlaməti duyulurdu. Bəlkə həkimlər səhv edib ona başqa bir adamın yaxmasının cavabını göndərmişdilər?

Qapıya yaxınlaşıb içəridən astaca döydü.

Bir müddət sonra tanış polis qapının arxasından: – Yenə nə istəyirsən? – soruşdu.

– Tələb edirəm ki, test üçün məndən təzədən yaxma götürsünlər! Mənə göndərilən mesaj səhvdir. Mən xəstə deyiləm. Özümü çox yaxşı hiss edirəm! Heç zaman olmadığı kimi də gümraham! – dedi.

Polis qapının arxasından: – Qeydlərinizi qərargaha çatdıraram! – söylədi.

Mədinə yatıb yuxusunu almışdı. İndi də masanın arxasında oturub gözlərini geniş açaraq maraqla tavandan asılmış çilçırağın şüşə şamdanlarına baxırdı. Qəfildən qadın nə sənə, nə mənə, pişik kimi divandan mizin üstünə hoppandı. Əli çatsın deyə ayaq barmaqlarının ucunda dikəlib çilçırağın şüşə şamdanlarını bir-bir çıxarıb divanın üstünə atdı. Sonra yenə aşağı enib otağın qalın qış pərdələrinin üzünə çəkilmiş ağ tülü rəzələrindən çıxartdı. Və dinməzcə divana əyləşib səbirlə şüşə şamdanları tül pərdənin kənarlarına bərkitməyə başladı. Ayaq üstündə dayanıb Mədinənin cani-dildən nə etdiyini anlamaq istəyirdi. Ağlına hələ heç nə gəlməmişdi. Ona sual verməyə də həvəsi yox idi. Sadəcə, başının üstündə dayanıb təmkinlə qadının əllərinə tamaşa edirdi.

Mədinə karnizin bəzi plastik tutacaqlarının hələ də üstündə qaldığı tül pərdəni son dəfə əliylə hamarladıqdan sonra ayağa qalxıb dedi: – Bilirsən səninlə eyni damın altında yaşamaq üçün nə qədər dualar edib, şam yandırmışam? Bu gün dualarım müstəcəb olub. Qorxma. Arvadın duyuq düşsə, deyərsən ki, otaq təmizləyənəm. Onun artıq özünü aldadan vaxtıdır, inanacaq! Nə desən, özünü inandıracaq. Bundan sonra səni atıb gedəsi deyil ha. Sən artıq dövlətin qarantı ilə mənim on dörd günlük ərimsən. Bizi tale bir otağa salıb, özü də qoruyacaq ki, qaçmayasan. Gəl səninlə iki həftə ideal ailə həyatı yaşayaq. Bir azdan toy edəcəyik. Qoy gəlinliyimi hazırlayım. Dizayn özümündür ha. Eksklüziv Mədinə brendi, – Mədinə qəzəl deyirmiş kimi əruzda danışırdı.

– İdeal ailə necə olur ki? – beynini yoran suallardan yorulub Mədinənin oyununa sığındı.

– Gör kim məndən nə soruşur. Mən hardan bilim, adə, ailə necə olur? Mən ailə görmüşəm? Mən ancaq uzaqdan-uzağa səni sevmişəm. Və sən yanımda olmayanda darıxmamağı öyrənmişəm. Geyin pencəyini, gəl bəy kimi otur böyrümdə. Sonra görək başımıza nə gələcək! – deyib Mədinə üzündən öpdü.

Sonra divardakı şəkildə Dionisə baş əyən ağ qırçın donlu yunan qadını kimi qarşısında baş əyib: – Tanrım, mən bu gündən sənin qulunam, istəsən məni Allah yolunda qurban kimi kəsə də bilərsən, istəsən sevə də bilərsən! – pıçıldadı və tül pərdədən hazırladığı ətəyi şamdanlı toy paltarını gülə-gülə əyninə geyindi. Paltar, həqiqətən də, gözəl alınmışdı. Bahalı butiklərdə satılan gəlinlikləri xatırladırdı.

Hər ikisi qəribə bir sevinclə miz arxasında oturmuşdular.

Mədinə süfrəyə haradansa yemək də tapıb düzmüşdü. Bir kənarda mini barın içkiləri sıraya düzülmüş əsgər taqımı kimi farağat durmuşdular. Sanki bu dəqiqə çiyinlərindəki silahlardan öldürülmüş dostlarının şərəfinə göyə yaylım atəşləri açacaqdılar.

Oturub sevgiylə bir-birinin üzünə baxırdılar. Mədinənin ürəyi, onun da üzü gülürdü.

Nəhayət, Mədinə mizin arxasından ayağa qalxıb: – Sənə üç sualım olacaq. Amma əvvəlcədən söz ver ki, nə qədər burdayıq, cavab verəndən sonra keçmişə qayıtmayacaqsan! – pıçıldadı.

– Buyur, Dədə Qorqud! – dedi.

– Bütün günü pul dalınca qaçırsan. Pul səni xoşbəxt edib? – Mədinənin birinci sualı onun üçün gözlənilməz oldu.

– Canavarı ayaqları doyurur. Ora-bura qaçmasam, nə yiyərəm? Dünyanın açarı puldur! – dedi.

– Arzuladığım bu on döpd günü səninlə birgə yaşamağım üçün mənim karıma pul gəldi? – Mədinə demək istədiyini indi dedi.

– Əlbəttə yox! – deyib razılaşdı.

– Mən səni pulla heç zaman ala bilməzdim. Ancaq arzulaya bilərdim. İndi gördün arzu puldan necə üstündür! – Mədinənin üzü də sözü qədər gülürdü.

– Gördüm! – dedi.

– Sən hələ də gerçəyi anlamırsan. Pul heç nəyi həll etmir! Düzünü de, toy günündə məni xatırladın? – qadının səsi titrədi.

– Yox! – pıçıldadı.

– Yalan deyirsən! Sən məni unudasan deyə evlənirdin! –  Mədinənin gözləri doldu.

 

 “Ədəbiyyat və incəsənət”

(03.06.2024)