“AYRIC” – Orxan Fikrətoğlunun povesti (3-cü paylaşım)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

AYRIC

                    

3.                 

 

 

Bununla belə, yenə də içi narahat idi. Xəstəlik düşəndən ömrü sanki yavaşımışdı. Ətraf onun üçün maraqsız olmuşdu. Arzusuz yaşayırdı. Qaranlıqdaydı. Eləcə gününü öhdəlik kimi başa vururdu. Təki xəstələnməsin! Təki ölməsin deyə vardı. Guya xəstəlikdən qurtulsa nə olacaqdı? Dağı dağ üstə qoyacaqdı. Nə çoxdu fələyin göndərəcəyi başqa xəstəliklər, qəzavü- qədər, təsadüflər. Kimin sabaha sağ çıxmaq üçün fərmanı vardı? Bunu anlasa da, yenə də hamı kimi ölümün əsiriydi. Bu gün hamıya təklif olunmuş oyunun şərtləri beləydi. Xəstəlik qovurdu, sən də qaçmalıydın. O, ovçudur, sən isə ovsan. Ən çox öz acizliyindən utanırdı. Sən demə, öz canının belə sahibi deyilmiş.

Hamamdan yenicə çıxmış Mədinənin bədənindən ehtiras axırdı. Otağa haradansa erkək milçəklər uçub gəlmişdilər. Mədinə gecədən qalanmış tonqal kimiydi. Kömürləri közərirdi. Yanağında tər damcıları puçurlamışdı. Saçları mələk saçları kimi qıvırcıq idi. Divardakı şəkillərdən ehtirasla ona baxan qədim yunan kişiləri belə qadının biçimli ombasını görüb dirilmişdilər. Divardan otağa enmək istəyirdilər.

– Daha oteldə şampun qalmadı. Hamısını tökdüm üstümə ki, burnun açılsın! – Mədinə ağ qu quşu kimi çarpayının üstünə qondu. Yaxınlaşıb barmaqlarının ucuyla Mədinənin hamar sinəsinə toxundu. Qadının istisi barmaqlarına keçdi. Barmaqları elə bil isti tavaya dəyib cızıldadı. İçi ilıqlandı. Bədəninin iki illik qırışığı açıldı.

Əvvəl otağın işığını söndürdü ki, divardakı “əntiq kişilər” onların nə etdiyini görməsinlər. Sonra isə usta dalğıc kimi Mədinəyə baş vurdu. Gücü yetdikcə, nəfəsi çatdıqca dərinlərə üzdü. Mədinə dərin idi. Bir də səhər “ondan” çıxa bildi.

Gözlərini açanda Mədinə başının üstündə dayanmışdı. Şıltaq gözləri gülürdü. Hörükləri cizgi filmlərində təsvir edilən günəş obrazının sapsarı süpürgəyə oxşar hörükləri kimi tel-tel hörülmüşdü. Səhnədə şeir deyən məktəbli qız misalı döşlərini qabağa vermişdi. Dediyi sözlərə ifadəli baxışları ilə xüsusi rəng qatırdı ki, daha yaxşı qavranılsın.

– Diqqət, diqqət! BİBİB Azərbaycan xalqına bildirir ki, ağır keçən uzun seks fasiləsindən sonra Mədinənin kişi ilə ilk intim təması şəffaf sanitar şəraitdə, pandemiya qadağalarına uyğun olan gigiyenik şərtlər çərçivəsində həyata keçirildi. Xırda tər damcıları belə bir-bir paketləndi, öpüşlər maskalandı. Əks cinsin, yəni kişinin yataqda fiziki və seksual göstəriciləri qənaətbəxşdir. Mədinə razı qaldı. Tərəflər arasında yoluxma halı qeydə alınmadı. Qapanma dövrü bitdi. Maskalarınızı bütün yerlərinizdən açıb çıxara bilərsiz! Mədinə yeni sevgi erasının başlandığını elan edir! Allah bütün kişilərə qüvvət versin. Bizimki də içində. Operativ sevgi qərargahının rəisi doktor Mədinə!

Çarpayıdan qalxıb Mədinəni qucaqladı. Bütün gərginliyi bir gecədə canından çıxmışdı. Evini, işini, qayğılarını, öhdəliklərini tamamilə unutmuşdu. Karantin sinirliliyi də elə bil heç olmamışdı. Qorxusuz yaşamaq, sən demə, əməlli-başlı dərmanmış. Sadəcə var olmaq və özün olmaq. Bu qədər asan və bəsit. Belə asan yaşamaq var ikən, görəsən, nədən dünya ilə bu qədər yüklənmişdi?

Yuyunandan sonra birlikdə səhər yeməyi yedilər. Göbələkli kömbəni dişləyəndə nədənsə ilk dəfə atası ilə birlikdə restorana getdiyi günü xatırladı. O zaman ata-bala ədəb-ərkanla restorana girib mizin arxasında oturmuşdular. Atası xörəkpaylayandan ədəli-dədəli menyu istəmişdi. Birlikdə oxuyub adama iki şiş kabab sifariş vermişdilər. Kabab çəkilənə qədər isə qəlyanaltı kimi atası hər ikisinə bir qab “göbələk jelesi” sifariş vermişdi. O zaman restoranlarda jeleni müştərilərə kiçik saxsı qablarda verərdilər. Jelenin özü ilə birlikdə qabı da xoşuna gəlmişdi deyə ağlayıb atasına əlli qab jele sifariş verdirmişdi. Həmin gün restoranın müştəriləri konsert əvəzinə onun marçamurçla bu jeleləri bir-bir necə iştahla yeməsinə və sonra da boş jele qablarını hansı məharətlə çantasına yığmasına tamaşa eləmişdilər. Ondan sonra atası onu bir daha restorana aparmadı. Atası ilə birlikdə yediyi ilk və son restoran yeməyi də həmin o “göbələk jelesi” oldu.

Səhər yeməyindən sonra Mədinə ayağa qalxıb yığışmağa başladı. İşə getməliydi. Mədinənin harada işlədiyini bilmirdi. Haraydısa, elmi işlərlə bağlı bir yer idi. Mədinə heç zaman ona harada və nə işlədiyini deməmişdi. Özü də heç zaman qadının işiylə maraqlanmamışdı. Amma eşitmişdi ki, Mədinə universtitet bitirib. Elmi dərəcəsi var. Hətta bir-iki kitab da yazıb.

– Maşınla aparacam da səni, hara tələsirsən? Hələ saat səkkiz olmayıb! – deyib üzünü qırxmaq üçün hamam otağına keçdi.

Su kranının puçunu buranda qapının bərkdən döyüldüyünü eşitdi.

Qapını Mədinə açdı.

İçəri salamsız-kəlamsız, əyinlərində sarı rəngli xüsusi qoruyucu geyim olan iki şüşə maskalı sanitar, ağ xalatlı laboratoriya işçisi və bir polis serjantı daxil oldular. Marsdan gələnlərə oxşayırdılar.

Sanitarlardan biri Mədinəyə: – Hər ikiniz təcili şəkildə KOVİD üçün test verməlisiz! – dedi.

Mədinə çaşqın halda: – Məcburidir? – soruşdu.

Polis serjantı kobud tonda: – Bəli, xanım, məcburidir. Bu səhər hotelimizdə istirahət edən altı Yunanıstan vətəndaşında KOVİD-19 virusu aşkar edilib. Onlardan ikisi xəstəxanaya çatdırılmamış rəhmətə gedib. Bu səbəbdən də “Sirat” hoteli karantinə bağlanıb. Birinci mərtəbədə operativ qərargah yaradılıb. Ərazimizdə olan hər bir kəs məcburi qaydada test verməlidir. Biz özümüz də vermişik. Cavab neqativ çıxsa belə, siz və əriniz azı yeddi gün ərzində hoteldə qapalı şəraitdə qalmalı olacaqsınız. Narahatlığa görə sizdən üzr istəyirik. Qaldığınız günlər ərzində yeyəcəyiniz yeməyin və tibbi müayinənizin hesabını hotel ödəyəcək! – dedi.

Mədinənin üzündə qəribə bir ifadə yarandı. Sevincə də oxşayırdı, istehzaya da, əlacsızlığa da, qorxuya da, tale ilə barışığa da!

– Əriniz çimir? – Laboratoriya işçisi Mədinənin burnundan yaxma götürdüyü zaman soruşdu.

Mədinə: – Ərim üzünü qırxır, indi deyərəm, çıxar! – dedi və gözlənilmədən şaqqanaq çəkib güldü.

Polis serjantı: – Burda gülməli nə var ki, ay xanım? – soruşdu.

Mədinə: – Ərimin üzünü görəndə biləcəksiz, cənab serjant! –  dedi.

Hər ikisindən yaxma götürüldükdən sonra polis serjantı onlara otağı tərk etmək qadağasının çox ciddi olduğunu bir daha xatırlatdı. Və yalnız bundan sonra kiçik “sanitar heyət” otağı tərk etdi.

Divana oturub bir xeyli susdular. Nəhayət, Mədinə sükutun ağırlığına dözməyib gülü-gülə: – Görürsən də, yazıdan qaçmaq olmur. Nəhayət ki, səni ərim kimi təqdim etdim! Bizi KOVİD evləndirdi. Otelin qeydiyyatında da ər-arvadıq. Daha bəxtindən qaça bilməzsən! İndi keç bu Siratdan, görüm, necə keçirsən? Mənim boyda günah da çiynində! – dedi.

– Boş-boş çərənləmə! – deyib ayağa qalxdı. Yeyin addımlarla qapıya sarı getdi. Açmaq istədiyi zaman bəlli oldu ki, qapı çöldən kilidlidir.

Heç nədən işə düşmək buna deyirlər e... Həyatda ən çox sevmədiyi iş adının haradasa çəkilməsi, hallanmasıydı. Dilə-dişə düşməkdən həmişə qorxmuşdu. Tutduğu iş yaşına, başına uyğun deyildi. Burada onu hələ bir neçə gün saxlaya bilərdilər. İndi oğluna zəng edib necə desin ki, bura bircə gecəlik dincəlməyə gəlmişdim, azı yeddi günlük qalmalı oldum. Özü də kiminlə? Mədinəylə. Mədinəni oğlundan necə gizlədəcəkdi? Aşağıda, qeydiyyatda onu öz əliylə qızıl-qırmızı arvadı kimi qeyd etdirmişdi. Bunun da zibili gec-tez çıxacaqdı. Nikahını gec-tez yoxlayacaqdılar da. Yaxşı, tutaq ki, birtəhər evdə duyuq düşmədilər. Bəs adamlara nə deyəcəkdi? Onlar çörəyi qulaqlarına yemirlər ki... Soruşmayacaqdılar ki, sən boyda kişinin xəstələyin şıdırğı vaxtında yol kənarında əyləncə üçün tikilmiş oteldə yad qadınla nə işin vardı? Məsələ yoğunlasa, oğlunu işdən çıxara da bilərdilər. Məişət düşkününün oğlu. Nə bilmisən. Sonra pul ver, yenidən uşağa iş tap. Fikirlər başında sürətlə sağa-sola qaçsalar da, biri də onu bu işdən qurtaracaq qədər doğru əmələ çevrilmirdi. Burada hozuluq da etmək olmazdı. Məsələ incəydi. İşə hökumət qarışmışdı. Ortada iki ölüm halı vardı. Zarafat deyildi. Hoteldəki adamların hər biri rəsmi ölüm daşıyıcısıydı!

Mədinə gülə-gülə çiyninə toxunub: – Bəlkə eyvandan hoppanaq? – dedi.

Eyvanın qapısını açıb gülə-gülə çölə çıxdılar. Deyəsən, hotel rəhbərliyi belə bir addım atılacağını hər ehtimala qarşı nəzərə almışdı. Hər eyvanın altında əli silahlı iki polis serjantı keşik çəkirdi. Bir də dördüncü mərtəbədən aşağı hoppanmaq o qədər də asan iş deyildi. Bunun karantində qalmaqdan daha betər fəsadları ola bilərdi.

– Bəlkə bikinimdən sənə paraşut düzəldim? – Mədinə gülə-gülə dedi.

Mədinənin qolundan tutub hirslə içəri saldı. Divana oturub susdu.

– Ancaq qapıdan çölə çıxa bilərik. Başqa yolumuz yoxdur! Dur bir bəxtini sına!

Mədinənin üzündə şıltaqlıq işartıları sezilsə də, bu dəfə verdiyi təklif daha ağlabatan görünürdü.

Bununla belə, yerindən tərpənmədi.

Mədinə özü ayağa qalxıb qapını içəridən taqqıldatmalı oldu. Məhəl qoyan yox idi.

Mədinə öz ağlasığmaz təklifləri ilə əslində onu lağa qoyurdu. Qadının otaqdan çıxmaq istəmədiyi açıq-aydın bəlliydi. O, düşdüyü vəziyyəti taleyin hədiyyəsi kimi qəbul etmişdi. Bununla belə, “karantindən xilas olunma” oyununu axıra qədər bütün xırdalıqları ilə düzgün “oynayırdı”.

Divandan ayağa qalxıb: – Sənin poxuna düşdüm də! – dedi. Və qapını hirslə təpikləməyə başladı.

Hotelin dördüncü mərtəbəsində keşik çəkən polis onun bu hərəkətindən sinirlənib qapını öz açarıyla açdı. Əlindəki polis qalxanı ilə onu sinəsindən geri itələyib: – Qapını niyə sındırırsan, dəlisən? – qışqırdı.

– Evimə getmək istəyirəm! – O da sakit danışmırdı.

Özünü zorla sakitləşdirməyə çalışan polis əzbərlədiyi mətni qarışdıra-qarışdıra: – Vətəndaş, sizin də qapınız, digər qapılar kimi, tətbiq edilən müvafiq karantin tədbirləri çərçivəsində çöldən bağlanıb. Bu qapı özü açılmayana qədər sizin onu açmaq hüququnuz yoxdur. Siz cəmiyyətdən müvəqqəti olaraq təcrid olunmusunuz. Karantin qadağalarına tabe olun. Sizin ancaq hotelin işçi personalı ilə qapı arxasından təmas qurmaq ixtiyarınız var. Karantin bitənə qədər qəbul edilmiş qaydalara, rica edirəm, əməl edəsiz. Siz ölümcül virus daşıyıcıları ola bilərsiz. Özbaşına çölə çıxmağınız cəmiyyət üçün olduqca təhlükəlidir. Qanuna tabe olun! Əks halda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq sizə qarşı çox ciddi cəza tədbirləri tətbiq ediləcəkdir, – dedi.

Mədinə hirslə qapını polisin üzünə bağlayıb: – Yaxşı, yaxşı, bildik! – dedi.

Polis qapının arxasından: – Evinə belə bağlıydınsa, burda nə itin azmışdı? – qışqırdı.

 

 “Ədəbiyyat və incəsənət”

(31.05.2024)