“Dəccal” (4-cü paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.

Sarışın gələndən sonra baş verən hadisələr onun iradəsindən kənar baş verirdi? Elə bil gözə görünməyən bir əl həyatını təzədən yazırdı. O da bu yazıya istədi-istəmədi, cınqırını belə çıxar­ma­dan mütiliklə tabe olurdu. Sən demə, yaşayarkən atdığın ən kiçik addımın belə izi qalırmış. Həyatda nə etmisənsə, gec-tez cavabını verirsən. Gülər atası evindən qayıtmasa, canından çox sevdiyi qızları necə olacaqdı, görəsən? Ayişə ilə Sənubər də Gülərlə birgə babalarının topdağıtmaz evinə getsə, Molla Qafar havalanardı. O, bu illərini ancaq qızları üçün yaşamışdı. Nə etmişdisə, onlar üçün etmişdi. Ayişə təmkinli, Sənubər şıltaqdı. İkisi bir yerdə olanda tamamlanırdılar. Onları bircə gün görməsə, rahat yata bilmirdi. Güləri dədəsi evinə buraxmaq ol­mazdı. Gülər getsə, qızlar da gedəcəkdilər.

Molla Qafar axşam evə dönəndə gözlərinə inanmadı. Gülər qayıtmışdı. Sarışınla şüşəli eyvanda oturub nə haq­dasa şirin-şirin söhbət edirdilər. Onu görən təki ayağa qalxıb yataq otağına keçdi. Molla Qafar da sarışının verdiyi salamı dilucu alıb arvadının arxasınca açıq qapıdan içəri adladı. Gülər taxta döşəmənin üstündə bardaş qurub oturmuşdu. Gözləri alov-alov yanırdı. Molla Qafarın içəri girdiyini görüb əli ilə ona “Aşağı otur” işarəsini verdi. Molla Qafar arvadına qulaq asıb itaətlə döşə­məyə çökdü.

Gülər:

– Danış. Ürəyin boşalsın. Səni eşi­di­rəm, – dedi.

Molla Qafar:

– Nəyi danışım? – soruşdu.

Gülər:

– Sarışın mənə bəzi xatirələr danışdı. Sənin bu işdə günahın yox imiş. Ona görə qayıtdım. Gerisini özün de ki, başqasından eşitməyim, – dedi.

Və Molla Qafar hər şeyi olduğu kimi açıb Gülərə söylədi. Gülər onu səbirlə dinləyib döşəmədə dizi üstə dikəldi. Bir neçə dəqiqə Molla Qafarın gözünün içinə baxandan sonra ondan:

– İndi sən özünü kişi sayırsan? – soruşdu. Molla Qafar dinmədi. Gülər: – Sənin o atası bəlli olmayan oğlun mənə də, qızlarına da başqa gözlə baxır e, xəbərin var? – soruşdu.

Molla Qafar:

– Mən onu evdən necə qovum, axı o, Allah qonağıdır, – dedi.

Gülər daha heç nə danışmayıb yataq otağını yığışdırmağa başladı. Və Molla Qafar başa düşdü ki, Gülər atası evinə getməyəcək. Şükür edib Gülərə “Çox sağ ol” dedi. Gülər əlindəki üçkünc balıncı çarpayının üstünə tolamaz­layıb:

– Sən mənimçün bir kişi kimi artıq ölmüsən. Bundan sonra ancaq qızlarıma baxacam, – qışqırdı.

 Molla Qafar bir söz deməyib otaqdan çölə çıxdı. Sarışın şüşəli eyvanda çoban Alının quduz olmuş itini qucaqlayıb “selfi” edirdi. Molla Qafar gözlərinə inanmadı. Bütün kəndin canavar qədər qorxduğu vəhşi it sarışına qısılıb əl iti kimi ağzından su axıda-axıda ləhləyirdi. Gözlərində sevgi əmələ gəlmişdi. Yazıq-yazıq zingildəyirdi. Molla Qafar itdən qorxa-qorxa salavat çevirib sarışını yanına çağırdı. Sarışın iti küçəyə ötürdü. Eşikdən içəri qaça-qaça gəlib Molla Qafarın boynuna sarıldı. Sarışın hər dəfə adamın gözünə bir cür dəyirdi. Bu gün arıq və zərifdi.

– Oğlum olmağına oğlumsan. Buna inandım. Amma de görüm, planların nədir? Bundan sonra nə etmək fikrindəsən? Sovet dövləti artıq dağılıb, bilirsən. Sən başqa bir ölkənin vətəndaşısan. Burda qalmaqdan ötrü gərək vətəndaşlığı qəbul edəsən. Bu da sənə asan gəlməsin. Bunun əsgərliyi var. Qeydiyyatı var. Səni gərək Gülər də qəbul edə. Məni başa düşürsən? Belə işlər asan həll olunmur.

Sarışın sevinə-sevinə:

– Mən orda qeydiyyatdan çıxmışam. Burda sənlikdir. Bələdiyyə deyilsən? Məni üstünə yazdıra­caq­san, vəssəlam. Qanunları bilirəm, ürəyini sıxma, – dedi.

Molla Qafar sarışının köynəyinin boynundan tutub yaxına çəkdi ki, dediyi sözləri Gülər eşitməsin:

– Anan məndən nə danışırdı?

Sarışın da pıçıltıyla:

– O, ancaq səni sevib. Səndən sonra bircə kişiyə belə gözünün ucuyla baxmayıb, – dedi.

Molla Qafarın üzündə qəribə bir istehza əmələ gəldi. Bu istehzanı hara istəsən, yoza bilərdin. Sarışın onu necəsə sevgiyə yozdu. Və Molla Qafarın tüklü üzündən öpüb ucadan: 

– Ata, bilirsən ən böyük arzum nədir? Mən də sənin kimi molla olum. Sənin yolunu davam edim. Ənənə ilə yaşayım, – dedi.

Molla Qafarın qəfil qulaqları tutuldu. Sarışının gur səsinə qızlar da dəhlizə yüyürdülər. Sənubər gülə-gülə sarışından:

– Sən rəngdə molla olar? – soruşdu.

 Sarışın:

– Rəngim xoşunuza gəlməz, rənglərsiniz. Əsas imandır, – söylədi.

Molla Qafar sarışının sözünü ağzında qoyub yenidən yataq otağına qayıtdı. Buxara papağını başına qoyub məscidə getmək üçün küçəyə çıxdı. Götür-qoy edib fikirləşməliydi. Məsələ qəlizləşirdi. Sarışın həyatına ömürlük gəlibmiş. O buna hazır idimi?

Bu vaxt məsciddə adam olmurdu. Özüylə baş-başa qala biləcəkdi, təkliyi uşaqlıqdan sevirdi. Özüylə danışmaqdan həzz alırdı. Sakitləşirdi. Məscid, doğrudan da, boşdu.

 “Nə qədər xətrin istəyir, öz-özünlə danış, Molla Qafar. Görüm bu müşkü­lün həllini tapa biləcəksənmi?”

 Son düşüncələrini boşluqdu deyə ucadan dedi. Minbərin yanında çöməlib kürəyini divara söykədi. Elə ağzını açıb ölənlərin ruhuna bir siftə “Fatihə”si vermək istəyirdi ki, Sarı Həmidin gülər gözləri məscid qapıla­rından içəri zilləndi.

– Gəlmək olar? – Sarı Həmidin səsi kinayəliydi.

– Məscidə girməkdən ötrü icazə almırlar, – bunu sükutu pozulduğundan sinirlənən Molla Qafar dedi.

Sarı Həmid məscidə girib ədəblə “Salam” verdi.

Ayağını çəkə-çəkə yaxınlaşıb Molla Qafarın yanında yerə çöməldi.

Üzünü Molla Qafara tutub:

– Sənə bir sual verəcəm, – dedi.

– Yenə yuxu görmüsən?

Sarı Həmid:

– Yox. Yuxu deyil, – dedi.

Molla Qafar:

– Buyur, ver sualını, – pıçıldadı.

– Molla Qafar, düz deyirlər ki, Məryəm ana İsa peyğəmbəri bakirə ikən doğub? – deyən Sarı Həmidin gözlərində şeytan­cıqlar oynaşdı.

Molla Qafar:

– Uzaqdangəlmişlik eləmə. Sözünün musta­fasını de, – dedi.

– Bu sarışın ancaq bir yolla sənin oğlun ola bilər. Sən bunun anasına nəsə eləsən. Eləmisənsə, heç. Eləmə­misənsə, deməli, sən Məryəm ana kimi müqəddəssən?..

Molla Qafarı gülmək tutdu:

– Eləmişəm. Sakit ol, – dedi.

Sarı Həmid elə bil yüngülləşdi: 

– Deyirəm axı... Adam lap təmiz adamdan qorxur. Yaxşı ki, o qədər təmiz deyilsən. Bizlərdənsən, doğmasan. Yoxsa sən hara, Məryəm ana hara?

Molla Qafar:

– Cavanlıq səhvidi də, Həmid. Cahil ol­mu­­şam. Bilməmişəm. And olsun Allaha, o sarışının anasından başqa daha heç bir günahım olmayıb, – pıçıldadı.

– İnanıram. Arvad mənə deyir ki, Molla Qafar heç vədə günah iş tutmaz. O, pak adamdır. Uşaq onun deyil. Həkimlər çaşıb... Amma sənə oxşayır e, Qafar.

Molla Qafar köksünü ötürüb:

– Oxşamağı başına dəysin. İndi də molla olmaq fikrinə düşüb, – dedi. Və əliylə döşəməyə dayaq verib ayağa qalxdı. İşin qəribə­liyindən Sarı Həmid də yerindən hövlnak dikəlib:

  Sarılardan molla ola bilər bəyəm? – soruşdu.

Molla Qafar Sarı Həmidə cavab verməyib məsciddən çölə çıxdı.

 

***

 

Sarışın kəndə də, kəndlilərə də çox tez alışdı. Elə bil burda doğulmuşdu. Buranın havasına təndi. Elə bil Armavir dediyin yer elə buraydı. Bir ayın içində təmiz kənd ləhcəsiylə danışmağa başladı. Kəndin adamı kimi itini də, atını da özünə öyrəşdirdi. Onsuz nə yas oldu, nə toy. Bir gün onu görməyəndə kənd adamları darıxdılar. Gülərin dədəsi belə hər dəfə görü­şəndə sarışının alnından öpüb ona: “Belə oğulu Allah saxlasın”, – dedi. Sarı Həmidin sarışınla bağlı dediyi “son nəticə” isə kəndə teleqram kimi gəldi. “Molla Qafar Armavirdə Burati­nonun dədəsi kimi sarışını taxtadan qayırıb. Onun anası-zadı yoxdur. Molla Qafar müqəddəs adamdır. Sarışın da əllamədir”. Burnunu deyə bilmərəm. Adamın Allahı var, sarışının burnu Buratino kimi bir o qədər də uzun alınmamışdı. Amma onun da, deyəsən, uzun yerləri vardı. Kəndin qadını, qızı sarışını görən kimi nədənsə ağıllarını itirirdi. Nə danışdığını, nə dedi­yi­ni unudurdu. Onun şəhvani haləsi altında məst olub huşa gedirdi. Bütün kənd ona qız soraqlayırdı. Molla Qafarı görən qadınların elliyi birağızdan: “Qafar qardaş, bu sarışını evləndir getsin. Gözü-başı qaynayır. Bir iş çıxaracaq”, – deyir­di. Axır­da evlənmək məsələsini sarışının özü həll etdi. Dul qalmış Səkinə arvadın xırda qızı Nazlı ilə harda danışdı, nə danışdı, heç kəs görmədi. Əvəzində bir gün hamı onu gördü ki, Nazlı sarışından hamilədi. Və məsələ Nazlının qarnı kimi şişib. Molla Qafar bu şişkinlikdən sonra məcbur olub məktəbin qarşısındakı yaşıllıqda sarışına tələsik toy elədi. Və elə bil ki, o toydan sonra sarışın bir az da qaralıb kəndlilərə qarışdı. Oğlanın sarışınlığı elə bil bir az avazıdı. Daha onu kəndlilərdən ayırmaq olmurdu. Deyirdin, onu anası Valentina yox, Gülər doğub. İçində paslı mıx kimi ilişib qalmış keçmişinə nifrət edə-edə Gülərin qədimi üzüyünü sarışın üçün Nazlının qalın barmağına taxan Molla Qafardan savayı hamı sarışını sevirdi. Elə bil onun üzündə şeytan tükü vardı. Görən gədəyə vurulurdu...

 

 

Davamı var

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)