Muxtar Maniyevin doğum gününə Featured

Rate this item
(0 votes)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

1960-ci il idi. Kinorejissor Hüseyn Seyidzadə “Koroğlu” filmini çəkməyə hazırlaşırdı. Qəhrəmanlıq eposu, özü də milli. Sovetlər dönəmində kommunist ideologiyasının “milli ayrıseçkilik olmaz” şüarı tüğyan edirdi. Belə bir zamanda “Koroğlu”nu çəkməyə izin almaq əsl şücaət idi. Hüseyn Seyidzadə Koroğlunun dəlilərini oynayacaq aktyorları seçmək üçün institutları gəzirdi. Yolu Neft-Kimya institutuna düşəndə orda hündürboy, enlikürək, əsl qəhrəman obrazına uyğun bir tələbə görür. Həmin tələbə Muxtar Maniyev idi. Özü də o, kinoda özünü sınamışdı da, "Onu bağışlamaq olarmı?" filmində yer almışdı. Hüseyn Seyidzadənin Muxtarı elə ilk baxışdan gözü tutur və onu dəmirçi oğlu Polad rolunda çəkir. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Polad obrazını məharətlə oynayır, haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləyirlər. Deyirlər, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib.

 

Bu gün Azərbaycan kino sənətinin tanınmış simalarından biri olan Xalq artisti Muxtar Maniyevin anadan olmasının 89-cu ildönümü tamam olur.

Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 nömrəli məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsilin ardınca gedib.

Adlarını çəkdiyim filmlərdən sonra Muxtar Maniyev bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində çox uğurlu əsas qəhrəmanlar obrazlarını yaradıb.

"İnsan məskən salır" filmində Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. 

Muxtar Maniyev "Bəyin oğurlanması" filmindəki qonaq rolu da çox sevilir. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar Maniyev müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib. Ona görə də sevilib. 

Xalq artisti 22 dekabr 2016-cı ildə vəfat edib. Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)