“Dəccal” (3-cü paylanış) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.

 

Valentina ilə şəkil çəkdirməyini isə nə illah eləyirdi, xatırlaya bilmirdi. Belə bir iş olmamışdı. Ol­saydı, yadına düşərdi. Namaz bildir ölmüşdü deyə, on­dan daha heç nə soruşa bilməyə­cəkdi. Yəni deyirsən, əlli min kişi görmüş qadın ondan uşaq doğub? Səkinənin atdığı o qara daş nə bəd daş imiş. Bütün ömrünü alt-üst etdi. Görəcək günləri hələ qabaqdaymış.

Qafar hövl­lənib içəri otağa keçdi. Sarışın kiçik qızı Sənubərlə di­van­da oturub dinməzcə televizora baxırdı. Elə bil bir almay­dılar, ikiyə bölmüşdün. Baxışları da, oturuşları da doğmaydı. Boyları, gözlərinin rəngi eyniydi. Sənubər sarışına nəsə deyirdi. O da qızın sözlərinə ürəkdən gülür­dü. Molla Qafar nədənsə bu oxşarlıqdan sinirlənib mətbə­xə keçdi. Gülər bir küncdə oturub ağlayırdı. Onu görən təki dəsmalının ucuyla gözünün yaşını sildi.

Qafar:

– O, mənim oğlum deyil, – dedi.

Gülər:

– Özümə, sənə həsr etdiyim ömrümə, günlə­rimə yazığım gəlir. Bilsəydim məni aldadırsan, gedərdim atamın xarabasına. O qədər istəyənim vardı ki... Kül ol­sun mənim başıma. Nə deyib səndə oturdum?

Qafar danışmağın yersiz olduğunu anlayıb qazandan özünə bir çömçə şorba çəkdi. Mizin arxasında oturub so­yumuş şorbanı dinməzcə qaşıqlamağa başladı. Gülər bir az da səssizcə ağlayıb kiridi. Ayağa qalxıb Molla Qafarın qarşısına gəldi. Ağla­maqdan boşalmış, lal gözləriylə onu bir xeyli süzdü. Sonra əlini yuxarı qaldırıb pıçıltıyla:

– Yaxşı, mən heç. Deyək ki, məni aldatdın. Bəs o kişiyə necə cavab verəcəksən? – soruşdu.

Molla Qafar ağzın­dakı çörək tikəsini güclə udub:

– Elə mən də bayaqdan onu düşünürəm. O olmasaydı, sarışını çoxdan evdən qovmuşdum, – dedi.

Gülər ayağa qalxıb mətbəxdən çıxanda içəri otaqdan sarışının şaqqıltısı eşidildi. Molla Qafar ayağa qalxıb bu şit gülüşün arxasınca otağa keçdi. Sarışın indi də böyük qızı Ayişə ilə söhbətləşirdi. Qızların sarışından açıq-aydın xoşları gəlmişdi. Adətən hərəyə bir mız qoyan qızlar bayaqdan bəri ataları tərəfə heç baxmamışdılar da. Sarışın Molla Qafarı görüb ayağa qalxdı. Cibindən çıxartdığı qızıl qol saatını ona uzadıb:

– Az qala unutmuşdum. Sənə hədiyyə gətirmişəm, ata, – dedi.   Molla Qafar saatı sarışından alıb qulağına tutdu. Saatın əqrəbi elə bil ki, başqa saat əqrəblərindən daha tez tərpənirdi. Sarışının gəlişi Molla Qafarı tamam başqa bir zamana kökləmişdi. Ona hədiyyə olunan saat da, yəqin, bu zamanın vaxtı ilə işləyəcəkdi. Molla Qafar ürəyində qor­xa-qorxa: “Bu sarışın şeytandan olmaya”, – düşündü. Və düşün­cə­si­nin arxasınca çevrilib diqqətlə bir də sarışının üzünə baxdı. Sarışın çox yaraşıqlı idi. Cazibədardı. Özünü adama sevdirirdi. Qəfil Gülərin səsi eşidilməsəydi, Molla Qafar sarışını başqa tərəflərdən də tanıyacaqdı. Qızlar səsə yüyürdülər. Sonra Sənu­bər hamamdan geri qayıdıb: “Ana isti sudan yanıb”, – dedi. Molla Qafar çatana qədər sarışın Güləri hamam­dan çıxarıb yelpikləyirdi. Gülərin ətli əndamı açıqda qalsa da, sarışından “yaşmaqlanmağı” düşünmürdü. Ağrısını unudub şəhvani ehtirasla sarışına baxırdı. Sarışının özü də Gülərə oğul gözüylə baxmırdı. Molla Qafara bu baxışlar Gülərin yanma­ğından daha ağır təsir etdi.

– Naməhrəm qadın olan yerdə kişi hərlənməz, – qışqırdı.

Sarışın sadəlövh gözləri ilə Molla Qafara baxıb iç ota­ğa keçdi. Ordan: – Qorxmayın, yanıq elə də qorxulu deyil, – dedi.

Molla Qafar Güləri qucağına alıb ayağa qalxdı. Ərinin səsindən “özünə gəlmiş” Gülər bayaqkı baxışlarından utan­ırdı. Qafar onu yataq otağına qədər qucağında aparıb çarpayıya uzatdı. Gülərin bədəni həyə­candan əsirdi. Üzündə cavanlıq işartıları əmələ gəlmişdi. Molla Qafar qızları çağırıb otaqdan eşiyə çıxdı.

 

***

 

Molla Qafarın müdiri olduğu kənd məktəbi altı otaqlı qədim tikiliydi. Qafar bu qədim mülkü abad etmək üçün suvatsa da, köhnə rəng suvaq altından görünürdü. Bina axırıncı dəfə sovet vaxtı rənglənmişdi. Sovet hö­kuməti rəngdən bol idi. Xüsusilə də yaşıl rəngdən. Haranı rəngləyir-rəngləsin, o hökumət mütləq ora bir yaşıl çalar əlavə etməliydi. Molla Qafarın özü də yaşıl çalarlıydı. Başına qoyduğu yaşıl fəs onu da məktəbin bir parçası edirdi. Deyirdin, onun da başını haçansa “sovet” rəng­ləyib. Kişi başına yaşıl fəs qoyub, yaşıl məktəbin qən­şərində sovetlərdən qabaq əkilmiş yamyaşıl tut ağacının altında oturub qəfil başına gələn işləri düşünürdü. Sə­hər yenicə açılmışdı. Xoruzlar hələ kal-kal banlayırdılar. Qara toyuq səsinin nəmini açırdı. Uşaqlar iki-bir, üç-bir əsnəyə-əsnəyə məktəbə gəlirdilər. Görünən nə vardısa, yuxudan oya­nır­dı, dəyişirdi. Dirilirdi. Özündən oyan­mayan təkcə Molla Qafar­dı. Fikirləri onu olanların əksinə, gecəyə aparıb təzədən yatı­rır­dı. Sarışın onun oğlu deyildi. Ola da bilməzdi. Düzdür, Qafar o zaman Valentina ilə “əlaqədə” olmuş­du. Amma bu, heç nə demək deyildi. Onun qədər Namaz da Valentina ilə yatmışdı. Uşaq onun da ola bilərdi. Bir də Valentina ancaq Qafarla Namazı toruna salmamışdı ki. Onun o qədər Qafarı, Namazı olmuşdu ki. Bəs niyə sarışın onun qapısına gəlib? Ona kim deyib ki, Qafar sənin atandır? Axı Valentina fahişə idi. Əlli min kişi ilə yatmış zinakar idi. Fahişə? Bəlkə sarışın Allah tərəfindən ona göndərilən bir sınaqdır? Bəlkə Allah onu bu sarışın oğlanla sınağa çəkir? İmanını yoxlayır. Görəsən, Qafar fahişənin doğduğu sarışını öz oğlu kimi qəbul etməyə qadir­dir­mi? Buna onun imanı çatarmı? Axı Allah hamımızı bərabər yaratdı. Tövbə qəbulolunandır. Fahişənin də tövbəsi qəbul olunur. Qafarın buna iradəsi, gücü yetəcəkmi? İnsanların içində gülünc olmaqdan qorxmayacaq ki? Molla Qafar olanları və olacaqları düşündükcə qırx arşın quyunun dibinə düşdüyünü hiss edirdi. Zarafat-zarafat məsələ qəlizləş­mişdi. Qayıdıb o sarışını evdən qovmaq o qədər də çətin iş deyildi. Bunu etsə, yenə əvvəlki təki sakitcə yaşa­yacaqdı. Gülər uzağı bir-iki gün deyinib sakitləşəcəkdi. Amma Qafar nədənsə bunu edə bilmirdi. Nəsə ona mane olurdu. Düşüncəsində şübhələr yara­dırdı. Allahın işidir də. Oldu oldu. Bəlkə o sarışın, doğrudan da, öz oğludur? Bəs onda necə olacaq? O zaman nə edəcək?

Molla Qafar o qədər fikirliydi ki, Sarı Həmidin haçan gəlib başının üstündə dayandığını görməmişdi. Ancaq Həmid danışan­da diksinib üzünə baxdı. Həmid səhər dumanını qovmağa qadir gur səsiylə:

– Sən onun bir qanını yoxlatdır. Qafar, bəlkə elə doğurdan oğlundur?! – dedi. Sarı Həmid öm­ründə birinci dəfəy­di ki, ağıllı söz deyirdi. Qanın yoxlanılması Qafarı şübhələrdən qurtarardı. Bu, heç onun ağlına gəlməmişdi. Molla Qafar Həmidə bir söz demədi. Ayağa qalxıb dinməzcə evinə tərəf getdi. Söz ağlına batmışdı. Həmin gün məktəbdə dərs keçilmədi. Uşaqlar Sarı Həmidin atasının goruna rəhmət oxudular. Bütün kənd Armavirdən gəlmiş sarışın oğlanın Molla Qafarın oğlu olub-olmaması xəbərini gözlədi. Xəbər bir aydan sonra, Sankt-Peterburqdan gəldi. Sən demə, sarışın, həqiqətən də, Molla Qafarın oğluymuş. Xəbərin üstündən üç saat keçməmiş Gülər sarışın oğlanı köynəyindən keçirdi. Və pal-paltarlarını yığıb dədəsi evinə qayıtdı. Bütün kəndi Gülərin dədəsinə minnətçi salan Molla Qafara o evdən qəti söz dedilər: “Ya Gülər, ya oğlun sarışın. İkisindən birini seç”. Qafar Allahdan da qorxurdu, arvadını da sevirdi. Başını itirmişdi. Qapısına pənah gətirmiş oğlunu Allahdan qorxduğu üçün qova bilmirdi. Başına daha pis işlərin gələcəyindən çəkinib sarışının xətrinə dəymirdi. Valentina nə yuvanın quşu olur-olsun, sarışın oğlu imiş. Bunun özü də bir möcü­zəydi. İlahi müdaxiləydi. Yüzlərlə kişinin içindən Valen­tina Qafardan uşaq doğduğunu, görəsən, necə bilmişdi?

Kənd adamlarına Armavirdə olanları hec cür danışa bilməzdi. Danışsa, onların gözündə bir qəpiklik olardı. Onlar bilsəydilər ki, ölülərini əmanət etdikləri molla fahişədən uşaq əmələ gətirib, bir də onun qapısına gələr­di­lərmi? Ətövbə, gəlməzdilər. Valentinanın küçə fahişəsi oldu­ğu­nu əgər Gülər bilsəydi, Qafara daha çox nifrət edərdi. O, yəqin, Valentinanın ədəbli qadın olduğunu düşünür. Bəlkə elə sarışın Allahın sınaq üçün qapısına göndərdiyi Nuh peyğəm­bər­dir? Qiyafəsini dəyişib? Nə bilmək olar? Qafar hər əmələ görə cavab verilə­cəyini bilirdi. Amma Gülərsiz də yaşaya bilmirdi. Güləri də ona Allah göndərmişdi. Ömrünü Molla Qafara qurban vermiş Gülər onun üçün hər şey demək idi. Evlənəndən sonra Gülərdən savayı heç bir qadına kişi gözü ilə baxmamışdı. Qafar üçün bu müvəqqəti dünya evində rahatlıq deyilən nə vardısa, ancaq Gülərin adıyla bağlıydı. Hər şey bir kənara qalsın, corablarının yerini belə onsuz tapa bilməzdi. Bir yandan borc, Allah kəlamı, digər tərəfdən namus və sevgi Qafarı dar məngə­nəyə salıb boğurdu. O, nə edəcəyini, bu nəyi necə edəcəyini bilmirdi. İlk dəfəydi Qafar sabahını qurmaqda acizdi. Sarışının qəfil gəlişi bütün ömrünü alt-üst eləmişdi. Cavan­lığında düşünmə­dən etdiyi bir səhv bu gün dirilib qapısına qədər gəlmişdi. Bu səhv ondan cavab tələb edirdi. Həyatının dəyişil­mə­sini istəyirdi. O, buna hazır idimi? Dinc ömür nizamının qəfil pozulmasına öyrəşə biləcəkdimi?

 

Davamı var

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)