Həyatda yalnız özünü oynayan aktyor Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 Səhnədə müxtəlif rollara girib hər tip adam obrazı yarada bilsə də, həyatda yalnız özü olan və daim yaxşı adam olmağa çalışan, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev növbəti ad gününü qeyd etdi...

 

Rauf 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirərək, təyinatını Hüseyn  Ərəblinski  adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrına alıb. 1998-ci ildə isə Mədəniyyət Nazirliyi tərəfindən Dağıstan Respublikasının Dərbənd şəhərində yeni açılmaqda olan Azərbaycan Dövlət Dram Teatrına göndərilib. İki il orada çalışdıqdan sonra doğma Sumqayıt teatrına qayıdıb. Hazırda həmin teatrda çalışır. Gözəl səs tembiri var. Məharətli aktyor, mədəni-kütləvi tədbirlərin əvəzsiz aparıcısıdır...

 

Deyir ki,- “Teatrımız yarım milyondan çox əhalisi olan Sumqayıtın yeganə peşəkar teatrıdır. Təəssüf edirəm ki, hazırda aşağı kateqoriya ilə işləyirik. Arzu edirəm ki, teatrımız Ağalar İdrisoğlunun rəhbərliyi dövründəki əvvəlki şöhrətini özünə qaytara bilsin, bütün aktyorarın maddi vəziyyəti yaxşılaşdırılsın və hər bir layiqli aktyor öz dəyərini,q iymətini alsın. Axı teatr aktyorlar üçün yeganə iş yeri və ikinci evdir...”

 

Onunla ilk dəfə 2009-cu ildə çox istedadlı mədəniyyət işçisi Hafiz Ataxanlının vasitəsi ilə tanış olmuşuq. Həmin il mərhum kimyaçı alim Nərçə Ağayevin 70 illik yubileyini şəhər səviyyəsində keçirməyi qərara almışdıq. Tədbirdə şəhər rəhbərliyi, mərhumun məmur yoldaşları, həmyerliləri də iştirak edəcəkdi deyə, gözəl səsli peşəkar aparıcıya ehtiyac var idi. Bu işi məhz Rauf Ağakişiyevə etibar etməkdə yanılmadıq. O, bu tədbiri çox yüksək səviyyədə apararaq, yaddaqalan edə bildi...

2004-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2014-ci ildən “Respublikanın Əməkdar artisti”dir. İnanıram ki, onun daha böyük uğurları hələ irəlidədir...

Bəli, Əməkdar artist Rauf Ağakişiyevin 52 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm san sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)