KİNOTƏHLİL"də "İtən gündəlik" filmi Featured

Rate this item
(7 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Böyük inciklikləri kiçik anlaşılmazlıqlar yaradırmış"

Sədaqət Kərimova 

 

Bir ölənə, bir də olana çarə yoxdur deyirlər... Bəzən kiçik anlaşılmazlıqlardan doğan böyük ittihamlar insan qəlbində dərin və sağalmaz yaralar açırmış.

Bəzənsə kiçik anlaşılmazlıqlar, çox böyük və bərpası olmayan incikliklərə səbəb olurmuş.

 

Bəzən insan əslində nə qədər xoşbəxt olduğunun fərqinə əlindəki xoşbəxtlik əlindən çıxdığı zaman varır. Bəzənsə insan birinin onun üçün nə qədər dəyərli olduğunun, həyatında nə anlam ifadə etdiyinin, hansı boşluğu doldurduğunun fərqinə o insanı qırdığı, itirdiyi zaman varır.

Necə ki, gəncliyin qədrini qocalanda, uşaqlığın qədrini yetkinlikdə, sağlamlığın qədrini sınıxanda, toxluğun qədrini ac olanda, valideynlərinin, sevdiklərinin qədrini onları itirəndə,  zamanın qədrini artıq nələr üçünsə çox gec olanda, eləcə də məktəb həyatının qədrini məzun olanda anlayır.

Sözü çox uzatmayacam, bu gün "Kinotəhlil" rubrikasında Sədaqət Kərimovanın "İtən gündəlik" adlı tammetrajlı bədii filmindən bəhs edəcəyik.

Qatfarfilm istehsalı olan "İtən gündəlik" filmi Sədaqət Kərimovanın eyni adlı romanının motivləri əsasında Ləzgi dilində çəkilmiş, sonradan çoxsaylı tamaşaçı istəyi nəzərə alınaraq Azərbaycan dilinə dublyaj edilmişdir.

Rejissor, prodüser, bəstəkar və ssenari müəllifi Sədaqət Kərimova olan filmin operatoru Elxan Rüstəmovdur.

Çəkilişləri Qusar rayonunda baş tutan filmdə rolları həvəskar aktyorlar ifa edib.

Ekran əsərində ötən əsrin 60-cı illərinin uşaqlarının orta məktəb həyatı təsvir olunub.

Melodram janrında lentə alınmış bu ekran əsərində Azqarın gündəliyinin itməsi fonunda məktəbdə və məktəbdənkənar asudə vaxtlarda uşaqlar arasında cərəyan edən hadisələr, onların sərgüzəştləri, məktəb, şagird, müəllim; valideyn münasibətləri və dövrün ab-havası, mənəvi dünyası əks etdirilmişdir.

Filmin ilk epizodlarından etibarən uşaqların şən və qayğısız kənd həyatına, dövrün ab-havası, insanların bir-birinə olan xoş münasibətinə qibtə etməmək mümkün deyil.

Burada insanların qarşılıqlı xoş münasibəti, səbrli olması, münasibətlərdə güzəştə getməyi bacarması, yardımsevərliyi, doğruçuluğu, haramdan çəkinməsi, müəllim şagird və qonşuluq münasibətlərindəki səmimiyyət, canıyananlıq kimi mənəvi dəyərlər çox gözəl təsvir olunub.

Filmin qəhrəmanı  Azqar 5-ci sinifdə öz gündəliyini itirir. Burada Azqarın gündəliyinin oğurlanması uşaq dəcəlliyi kimi simvolizə edilə bilər. Lakin, Azqar 9-ci sinifdə gündəliyini bir daha itirir. Və Azqarın 5-ci sinifdə gündəliyinin oğurlanması uşaq dəcəlliyi idisə, 9-cu sinifdə oğurlanması artıq başqa bir şeydən xəbər verirdi. 

Burada artıq itən sadəcə gündəlik deyildi. Azqarın gündəliyi ilə  birlikdə həm də saf, təmiz uşaqlıq hissləri də itmiş, yerini yeni duyğular, yeni baxış bucaqları əvəzləməyə başlamış, bəlkə də uşaq qəlbində ilk məhəbbət duyğuları cücərmişdi.

9-cu sinifdə həmçinin uşaqların arasında kiçik anlaşılmazlıqdan doğan böyük bir inciklik yaranır. Və bundan sonra artıq heç nə əvvəlki kimi ola bilmir, nə uşaqlar nə də aralarındakı münasibət. 

Azqarın gündəliyi ilə birlikdə sanki uşaqlar arasındakı əvvəlki xoş və səmimi münasibət də itir.

İlk başda Teymurxanın Mahiyatı yanlış anlaması ilə yaranan inciklik böyüyərək uşaqlar arasında elə bir uçurum yaradır, onları bir-birindən elə uzaqlaşdırır ki, barışmaq olmur. 

Uşaqların bir-birindən uzaqlaşmaları, bir-biri ilə üz-göz olmaları məktəb və kəntdə hamının məyusluğuna səbəb olur. Lakin,  müəllimlər və valideynlər də uşaqlar arasındakı bu buzun əridilməsinə müvəffəq ola bilmirlər.

Uşaqlar sanki düşdükləri bu qəflət yuxusundan yalnız acığa düşən Mahiyatın evlənməsindən sonra  ayılırlar. Və məktəb həyatının da bitməsinə çox az qaldığından duyuq düşdükləri zaman çox peşman olurlar.

Onlar aralarındakı əvvəlki səmimiyyət və mehribanlığın, bir-birlərinin və eləcə də qayğısız məktəb həyatının dəyərini yalnız bu zaman dərk edirlər.

Olanlardan dərs çıxaran Teymurxanın da söylədiyi kimi: "İnsan çox naşükür məxluqdur, nəyisə itirməyincə onun qədrini bilməz..."

Düşünürəm ki, İtən gündəlikdə olduğu kimi hamımız yuxarı siniflərə qalxdıqca uşaqların sanki yavaş-yavaş  parçalandığının, kimlərinsə müxtəlif səbəblərdən təhsildən yayınmasının, sinif yoldaşlarından uzaqlaşmasının, kiçik səbəblərdən ötrü araya düşən uzunmüddətli küslüklərin şahidi olmuşuq.

Həyatla iç-içə olan və özündə həyatın real acı gerçəklərini, çox insanın yaşadığı dramatik hadisələri əks etdirən, tamaşaçıları dərindən düşündürən İtən gündəlik Sədaqət Kərimovanın sayca üçüncü bədii ekran əsəridir.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)