“KİNOTƏHLİL"də "Fəryad" filmi Featured

Rate this item
(11 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Heç kimə düşmən evində yaşamağı arzu eləmirəm, hətta düşmənə də..." 

 

"Kinotəhlil" rubrikasında bu gün “İnkişaf” Banklararası Mərkəz Səhmdar Bankı və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Aşkarfilm" şirkətinin istehsalı olan "Fəryad" tammetrajlı bədii filmindən söz açacağıq.

 

Film 1993-cü ildə Ceyhun Mirzəyevin rejissorluğu ilə Vahid Mustafayevin real faktlara əsaslanaraq yazdığı ssenari əsasında ekranlaşdırılmışdır.

Filmin prodüseri Nazim Abdullayev, texniki prodüseri Faiq Əliyev, ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor Ceyhun Mirzəyev, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Cavanşir Quliyev, səs operatoru  Əsəd Əsədov, montaj edən Nailə Dadaşova, filmin direktoru Qasım Səfəroğludur.

Rollarda Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov, Nəcibə Behbudova, Sənubər İsgəndərli və başqaları çəkilib.

Müharibə, faciə, dram janırında çəkilmiş bu filmin sujet xəttinin əsasını Azərbaycan xalqının real Qarabağ dərdi, 1-ci Qarabağ müharibəsi və erməni vəhşiliyi, ermənilərin sadəcə torpaqlarımızı işğal etməklə kifayətlənyib həm də mədəniyyətimizi, hətta dilimizi belə mənimsəməyə çalışmaları o cümlədən ermənilərin  əsirlərlə rəftarı təşkil edir.

“Fəryad” filmi həmçinin Qarabağ haqqında çəkilən ən yaxşı film və rejesoru Ceyhun Mirzəyevin son ekran işidir.

Filmin baş qəhrəmanı "Ögey ana" filmindən hamımıza çox yaxşı tanış olan İsmayıldır.

İsmayıl artıq böyüyüb, ailə qurub, onun kiçik yaşlı bir oğlu var.  Sözü gedən filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir.

Film iki erməni hərbiçisinin vəhşicəsinə qətlə yetirilmiş dinc Xocalı sakinlərinin qar üstünə səpələnmiş cəsədləri arasında dolaşaraq ayağından yaralanmış İsmayılı əsir götürmələri səhnəsi ilə başlayır.

Və filmdə hadisələr İsmayılın əsirliyi fonunda cərəyan edir.

İlk kadırlarda erməni millətçilərinin əsir götürülmüş yaralı hərbiçini vəhşicəsinə və dəfələrlə döyməsi, onu xəstəxanaya yerləşdirmək əvəzinə antisanitar şəraitdə və ac susuz saxlaması, hətta ayaqqabılarının belə ayağından çıxarılaraq mənimsənilməsi erəmilərin əsirlərlə rəftarını əks etdirir.

Növbəti kadrlarda İsmayılın qohumları olduqlarını iddia edə bir ailə gəlib onu zirzəmisində çoxlu erməninin gizləndiyi evə aparırlar. Onların planı  İsmayılı azərbaycanlıların əlində olan Xoren adlı erməni əsirlə dəyişməkdir.

Filmin davamında biz ermənilərin uşaqlara və yeniyetmələrə azərbaycanlılara qarşı nifrət aşılamq cəhdlərini görürük.

Özlərini ən ləyaqətli, ən ali, ən mərhəmətli xalq kimi qələmə verərək, əsərlərində xalqımızı qəddar düşmən, özlərini isə qəhrəman kimi göstərirlər.

Lakin, eyni zamanda bu ermənilər "Aftomat azərbaycanlılara divan tutmaq üçün çox humanist silahdır"-, söyləyirlər

Qəhrəmanımız əsirlikdə olduğu müddət ərzində bəzən qısa müddətlik də olsa xəyal qanadlarında əsirlikdən uçaraq keçmiş xatirələrinin qoynuna sığınır.

Onun xatirələrində uşaqlığı, anası, ata olduğu xəbərini aldığı anlar və  ermənilərdən azyaşlı qızın başına gətirdikləri müsibətin qisasını aldığı anlar canlanır.

Film müddətində ermənilər azərbaycan mahnılarını zümzümə edərək mahnının, hətta azərbaycan dilinin belə ermənilərə məxsus olduğunu iddia edirlər. Onlar hər bir rayonumuzun işğal xəbərini aldıqda İsmayılın gözünün qarşısında bunu fəxrlə duyurur. Azərbayan mahnıları qoşub, rəqs edir, sevinir içki məclisi qururlar.

Belə məclislərin birində Xaçaturyan İsmayıla da tut arağı süzüb ondan sağlıq söyləməsini istəyir. Və İsmayıl: "Heç kimə düşmən evində yaşamağı arzu eləmirəm, hətta düşmənə də...",- söyləyərək arağı başına çəkir.

Xocalıdan sonra Şuşanın da işğal xəbərini eşidəndə Xaçaturyanın cibindən oğurladığı kibritlə evi yandırmağa cəhd göstərsə də, evdə körpə uşağın olması ismayılı fikrindən danışındırıb yanğını söndürməyə məcbur edir.

Deyərdim ki, elə bəlkə də filmin kulminasiya nöqtəsi qəhrəmanın yanğını söndürüb göz yaşlarına boğulduğu həmin səhnədir.

İsmayılın fürsəti varkən evi yandırmamasına təəccüblənən Xaçaturyan evi niyə yandırmadın deyə sual verdikdə İsmayıl: "Sən olsan yandırardın?",- Söyləyir. Xaçaturyanın heç düşünmədən "Hə yandırardım"-, cavabını aldıqda isə "Bəs uşaq ölümünə nə ilə bəraət qazandırardın?",- söyləyir.

Və Xaçaturyan təbii ki, bu sual qarşısında susur.

Nəhayət Laçının da işğal xəbərin eşidən İsmayılın "Ay Allah bəla göndər bu evə, dağılsın bu ev"-, fəryadından sonra düşən artilerya zərbəsi nəticəsində ev dağılır. Xoşbəxtlikdən İsmayıl dağıntılar arasından sağ çıxarılır və filmin son səhnəsində o erməni əsrlərlə dəyişdirilib azadlığa qovuşur.

Fəryad filminin hazırlıq prosesi 1992-ci ilin sonlarına təsadüf edir, çəkilişlər isə 1993-cü ilin yanvar ayından başlamışdır.

Çəkilişlərin hamısı Goranboyda, Murovdağın ətəklərində, Qaraçinar, Zeyvə kəndlərində, “Rus Borisi” və “Erməni Borisi” adlanan ərazilərdə baş tutub.

Filmdəki zirzəmi səhnəsi 5-ci kardioloji xəstəxananın zirzəmisində lentə alınıb. İsmayılın Xankəndində əsir saxlandığı yer isə “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda qurularaq, çəkilib.

Xocalı faciəsi ilə bağlı kadrlarda güllələnmiş, soyuqdan donmuş xocalılar da elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.

Filmin quruluşçu operatoru Kənan Məmmədov müsahibələrin birində bu səhnələr haqqında belə söyləmişdir.

“Çəkiliş üçün bizə 100-150 nəfər adam lazım idi. Deməli 2 ”İkarus” uşaq, böyük hamısı öz geyimində həmin təzə qar düşmüş yerə gəldi. Mən kameraya baxa-baxa insanları qar üstünə hərəsini bir formada “səpələdim”. Əlimdə meqafon qışqırırdım ki, “filankəs belə dön, o yana uzan” və s. Bir də gördüm kimsə hönkürtü ilə ağlayır. Çevriləndə Ceyhunu gördüm. Soruşdum ki, “niyə ağlayırsan?” Dedi: “Bu insanlar xilas olsa da, indi ”Xocalı” dəhşətini yenidən yaşayırlar”.

Kadrlar o qədər real alınır ki, hətta AzTV kanalı filmdəki həmin kadrları döyüş bölgəsindən gedən xəbərlərdə yayımlayır.

Aktyor ifasına gəldikdə əminliklə deyə bilərikki Ceyhun Mirzəyev bu rolu oynamayıb, o, öz rolunu bütün ruhu ilə yaşayıb.

Lidiya xanım danışır ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür, öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan hayıf çıxmaq istəyirdi”.

Ceyhun Mirzəyev filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyir, amma “Fəryad” filminin çəkilişlərindən sonra o, mikroinsult keçirir. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başlayır.

1993-cü il martın 5-də , 47 yaşının tamamına 1 ay qalmış Ceyhun Mirzəyev telestudiyaya gedir. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşir. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımını deyib ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb...”

Bu səbəbdən “Fəryad” filmini bəzən rejesorunu öldürən filmdə adlandırırlar.

Ceyhun Mirzəyev həmin gün studiyadan çıxıb qızına və həyat yoldaşına 8 mart hədiyyəsi almağı planlaşdırıbmış. Lakin, ölüm imkan vermir. Dünyasını dəyişəndən sonra hədiyyələr üçün ayırdığı 250 rubl onun cibindən çıxır.

Filmin operatoru Kənan Məmmədovun sözlərinə görə  filmin çəkişiləri zamanı Ceyhun Mirzəyevə sui-qəsd olunub: “Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik.”

Filmdə Armen Xaçaturyan obrazını ifa edən Məlik Dadaşov da öz obrazının mahir ifasına görə sonradan bir çox çətinliklər yaşayıb.

Hətta aktyor bu obraza görə təqiblərə məruz qalıb.

Deyilənlərə görə bir məcburi köçkün onu görər-görməz üzünə  möhkəm şillə vurub. Digər məcburi köçkün isə onu görən kimi haray-həşir salıb üzərinə qışqırııb. Yaxınlarda olan polis işçisi də Məlik Dadaşovu tanımadığından sənədlərini tələb edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)