“Uğurlar, Baltazar”- Nuri Bilgə Ceylanın sevdiyi 10 filmdən 8-cisi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

8. "Uğurlar, Baltazar" (1966), Robert Bresson

 

Bu film bir eşşəyin hekayəsindən bəhs edir. Həm də onunla böyüyən və şübhəsiz, eyni taleyi paylaşan Maridan. Baltazar hələ qoduq olarkən uşaqların sevgisi ilə böyüyür, lakin hər eşşək kimi onun da taleyi işləməkdir. Müxtəlif adamların əlinin altında, sahiblərinin hər cür işgəncəsinə dözərək işləyir. Çoxlu qamçı, çubuq yarası alır, üzərinə çox yük qoyulur, daha sürətli getməsi üçün, hətta quyruğu da yandırılır. Qarşılaşdığı bütün zülmlərə onun yeganə cavabı anqırmaqdır. Mari isə hələ də saflığını itirməmiş, ancaq bu vəhşi dünyada yaşamaqda çətinlik çəkən gənc qızdır. Əvvəllər varlı olan atasının vəziyyətinin pisləşməsi, uşaqlıq sevgisinin artıq onun üçün heç bir əhəmiyyət kəsb etməməsi, sevgilisinin ona qarşı pis rəftar etməsi onun özünü bədbəxt hiss etməsinə gətirib çıxarır. Onunla eyni taleyi paylaşdığına əmin olduğu Baltazarın yanında əsl rahatlıq tapır...

Kino sənətinin ustad rejissorlarından biri olan Bresson eşşəyin həyatı üzərindən bizə, əslində bəzilərimizin həyatının eşşəyin həyatından çox da fərqlənmədiyini açıq şəkildə göstərir.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(12.03.24)