Bu gün görkəmli rejissor Əlisəttar Atakişiyevin doğum günüdür

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kino tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdirƏlisəttar Atakişiyev. O, 1906-cı il dekabr ayının 25-də Bakıda anadan olub. Qəribədir ki, eyni gündə iki görkəmli sənətkar dünyaya gəlib. Az öncə haqqında bəhs etdiyim Əli Sultanlı da 1906-cı il 25 dekabrda dünyaya göz açıb.

Əlisəttar Atakişiyev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini bitirib. “Azərfilm” studiyasına dəvət olunan operator ilkin olaraq “Bakılılar” filmində baş operator işləyib, daha sonra yenə “Mosfilm”də iş alıb, orada ilk rəngli filmlərin yaradılmasında iştirak edib. Əlisəttar Atakişiyev müharibə illərində Bakıya gəlib, burada “Arşın mal alan” və  “Fətəli xan” filmlərində işləyib, 1953-cü ildə Tallinə göndərilib, orada Estoniyanın ilk rəngli (“Axşam düşəndə” ) filmini çəkib. 1956-cı ildə Azərbaycana qayıtdıqdan sonra “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” və bir neçə sənədli filmdə operator kimi fəaliyyət göstərib, rejissor kimi “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi filmləri ilə Azərbaycan uşaq kinosunun əsasını qoyub. Kinorejissor Əlisəttar Atakişiyevin istər operator, istərsə də rejissor kimi çəkdiyi filmlər Azərbaycan kino tarixində ən çox baxılan filmlər kimi öz layiqli yerini tutur.

Görkəmli sənətkar heyran olunacaq dərəcədə sadə insan olub, özünü təkcə operator və rejissor kimi deyil, həm də dekorasiya rəssamı, geyim rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist, dublyaj rejissoru kimi də təsdiqləyib. “Bizim küçə”, “İstintaq davam edir” filmləri ilə Azərbaycan kinosunu zənginləşdirməklə rəssam kimi də fəaliyyətini ortaya qoyub. Onun Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətlərindən biri də dublyaj sənətinin inkişafına təkan verməsi olub, 50-yə yaxın filmi peşəkar səviyyədə Azərbaycan dilinə dublyaj edib. 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən bu böyük insan, mən bildiyim qədəri, başqa heç bir təltif almayıb, 1990-cı il noyabr ayının 7-də Moskvada, Kino Veteranları evində vəfat edib. Ruhu şad olsun qədri layiqincə bilinməyən bu insanın.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)