Ramiz Məlikə rekviyem Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu səhəri çox acı xəbərlə açdıq. Xəbər Akademik Milli Dram Teatrının mətbuat xidmətindən idi və məzmunu beləydi:

“Azərbaycan kino və teatr sənətinə ağır itki üz verib. Azərbaycanın görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də vəfat edib.

Mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək”.

 

Bu il onun 80 illik yubileyini təntənə ilə qeyd etmişdik. Rejissorlara, dramaturqlara deyirdi: “Ahıl insan obrazı yaradın, biz də sevə-sevə oynayaq”.

Amma qismət olmadı. 

Tərcümeyi-halı qısadır, amma açası olsan uzandıqca uzanar:

Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil), Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb, 1982-ci ildə Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Çox təəssüf ki, bundan o yanası olmayacaq. Son nöqtəni bu səhərki xəbər qoydu: Azərbaycanın görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məlik dekabrın 14-də vəfat edib.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)