Xalqımızın sevimlisi və “düşməni” Featured

Rate this item
(0 votes)

 

BU GÜN ABBAS MİRZƏ ŞƏRİFZADƏNİN 130 İLLİYİDİR

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mən nə teatr-kino aktyoru, rejissoru, …şünasıyam, nə də tənqidçisi. Amma bir təklifim var. Sovetdən çıxsaq, rusdan qopma üzrə olsaq belə yenə də kimi dindirirsən, Stanislavski məktəbindən danışır. Gəlin leksikonumuza Şərifzadə məktəbi terminini daxil edək. 

Bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasının 130-cu ildönümü tamam olur. A.M.Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olub. O, aktrisa Mərziyyə Davudovanın həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın atasıdır. Yeri gəlmişkən, “Eurovision– 2011” mahnı müsabiqəsində Azərbaycana 1-cilik  qazandırmış Eldar Qasımov isə görkəmli səhnə ustasının nəticəsidir.

Abbas Mirzə Şərifzadə Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir istedadlardandır. Və onun faciəli taleyi hamımızın ürəyini ağrıdır. 

1935-ci ildə Xalq artisti adına layiq görülən Azərbaycan teatrının korifeylərindən olan, görkəmli kino və teatr rejissoru iki ildən sonra 1937-ci ildə xalq düşməni kimi ən ağır cəzaya - ölüm hökmünə məhkum edilib. “Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən başqa bir şey bilmirəm, vəssalam!”, - deyən aktyorun son sözləri belə olub. Ömrünün və sənətinin çiçəklənən dövründə - 44 yaşında güllələnən Şərifzadəni Sovet rejimi, rus-erməni cəllad aparatı unutdurmağa, yaddaşlardan silməyə çalışıb, təbii ki, buna nail ola bilməyib. 

İlk gənclik illərindən aktyorluq sənətinə yiyələnmiş, sonralar həm də rejissor kimi püxtələşmişdi. A.M.Şərifzadə orijinal siması olan sənətkarlardan idi. Teatra yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Böyük ideyalarla yaşayırdı. Yaradıcılığında həmişə ciddi məsuliyyət hiss edirdi. Təbii ki, xalqın yüksəlişinə çalışan bir sənətkar dövrün sərt rejimi tərəfindən təqib olunmaya, ədalətsiz hücumlara məruz qalmaya bilməzdi. Bütün bunlara rəğmən isə Şərifzadə yeni ruhlu novatorluq cəbhəsində əzmlə irəliləməyi bacarırdı.

Abbas Mirzənin atası Mirzə Rəsul geniş dünyagörüşünə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid” məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.

1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.

1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın padşah yaradıcısı” adlandırırdı.

A.M.Şərifzadə Azərbaycanın ozamankı teatr həyatının məhvəri sayılırdı. O, mahir aktyor olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı ilə fərqlənirdi.

Şərifzadənin obrazlar qalereyasına ötəri nəzər salaq: Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur Ağa, Səyavuş, Eyvaz, Dəli Knyaz, Hamlet, İblis... Bunlar bir-birindən tam fərqlənən obrazlardır. O, bunların hər birini fərdi yanaşma ilə yaradırdı. Lakin bütün bu müxtəlifliyi birləşdirən yeganə oxşarlıq aktyor oyunundakı təbiilik idi. Başqa sözlə desək, Abbas Mirzə səhnədə özünü unudaraq gah şeyxə, gah ağaya, gah da sevən gəncə çevrilirdi.

A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulmuşdu. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi.

Ümumiyyətlə, C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir.

Abbas Mirzənin yaradıcılıq imkanları çox geniş idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət tarixinə təkcə aktyor deyil, həm də rejissor kimi daxil olub. Görkəmli sənətkar “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah Qacar”, “Qaçaq Kərəm” kimi tamaşalara rejissorluq edib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarına quruluş verib. O, çox ilklərə imza atıb. İlk kino rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkib.

Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə həqiqətən də aktyorluqda və rejissorluqda bir məktəb yaradıb.

Stanislavski məktəbi yox! Şərifzadə məktəbi!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)