Tanınmış balet ustası Tamilla Şirəliyevanın doğum günüdür Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Nə olsun ki, içimizdə baletsevən çox azdır. Gəlin tanınmış balet ustası – öncə balerina, daha sonra baletmeyster olan Tamilla Şirəliyevanı doğum günü münasibəti iləsəmimi qəlbdən təbrik edək.

Baxın, müğənniləri hamı tanıyıq, media yalnız onlardan yazır, amma balerinalar həmişə kölgədə qalırlar. Çünki balet kütləvi yox, özəl, məxsusi mədəniyyət sahəsidir. Amma həm də elitar sahədir, incəsənətin ən zövqlü, kübar sahələrindəndir.

Tamilla Şirəliyeva da bu sahə üçün ömrünü, gününü qoyub. 1946-cı ilin 8 dekabrında Bakıda doğulan Tamilla xanım uşaqlıqdan bu sahəyə hədsiz maraq göstərib. Fiziki ölçüləri ona əla bir balerina karyerası vəd edirmiş.

1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbində görkəmli balet ustası Qəmər Almaszadənin sinfini bitirən Tamilla xanım həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, Moskvada Xoreoqrafiya Məktəbində təkmilləşmə kursu keçib. 1978-ci ildən Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xoreoqrafiya incəsənəti kafedrasında da dərs deyir. 1998-ci ildən kafedranın dosentidir. O, Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənə banu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Aişə, Fuyetta (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şəhrizad (“1001 gecə”, Fikrət Əmirov), eləcə də Maşa, Odetta-Odiliya, Şahzadə Florina (“Şelkunçik”, “Sonalar gölü” və “Yatmış gözəl”, Pyotr Çaykovski) rollarını məharətlə ifa edib. Eyni zamanda Qara Qarayevin “Leyli və Məcnun”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə quruluş verib. Tamilla Şirəliyeva “1001 gecə” baletində Şəhrizadın partiyasının ifasına görə 1981-ci ildə SSRİ Dövlət mükafatı alıb. O, 21 may 1970-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 10 yanvar 1978-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Allah ömür versin!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)