Kino Agentliyinin elan etdiyi müsabiqə nəticələrinə sözardı Featured

Rate this item
(0 votes)

Xəbəriniz oldu əlbəttə, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsinin nəticələri açıqlandı. 

“Ədəbiyyat və incəsənət” portalı bu nəticələri dərhal sizlərə əlçatan etdi. 

 

Mədəniyyət Nazirliyi elan etmişdi ki, müsabiqəni keçirməkdə məqsəd ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi idi. 

Buna nə dərəcədə nail olundu?

Əvvəla qeyd edək ki, kinematoqrafiya  sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif, debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqənin Seçim komissiyasının qiymətləndirməsinə əsasən, dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılmışdı. 

Müsabiqənin müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının iştirakı ilə noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdən öncə Ekspert şurası Seçim komissiyasının təqdim etdiyi layihələrin ssenariləri və digər zəruri sənədləri ilə yaxından tanış oldu. Pitçinqdə müəlliflər layihələrini açıq şəkildə müdafiə etdilər.

Noyabrın 28-də isə Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirildi. 

İclasda pitçinqin nəticələrinə əsasən, istehsalına dəstək göstərilməsi təklif olunan dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsi, eləcə də Ekspert şurasının mövzu və ideyasını nəzərə alaraq təklif etdiyi “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarıldı. 

Nəticədə 4 tammetrajlı bədii, 3 tammetrajlı sənədli, 2 qısametrajlı bədii, 1 qısametrajlı sənədli, 1 qısametrajlı animasiya film layihələri, habelə  16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi Mədəniyyət Nazirliyi və ARKA-nın hər hansı müdaxiləsi olmadan Seçim komissiyası və Ekspert şurası tərəfindən açıq səsvermə yolu ilə təsdiq edildi. 

Maliyyə ayrılacaq layihələr bunlar oldu:

 

1-tammetrajlı bədii filmlər:

 

“Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), 

“Borc” (“Bakı Media Mərkəzi” MMC), 

“Arılar və qəbirlər” (“SFN Production” MMC)

 

2- tammetrajlı sənədli filmlər:

 

Nargin” (“Karvan Production” MMC), 

“Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), 

“Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC)

 

3-qısametrajlı bədii filmlər

 

“Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC)

 

4- qısametrajlı sənədli filmlər:

 

“Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC)

 

5-qısametrajlı animasiya filmləri:

 

“Narqız” (“Peri Film” MMC)

 

6- Və 16 qısametrajlı bədii və sənədli tələbə filmləri.

 

Mədəniyyət Nazirliyi həmçinin istehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunmasını da təklif etdi və artıq bu prosesə start verilibdir. 

Keçirdiyi müsabiqənin tam demokratikliyinə və şəffaflığına əmin olan nazirlik Apellyasiya komissiyası da yaradaraq nəticədən narazı qalanların bu komissiyaya müraciət edə bilməsinin qayğısına qaldı.

Dekabrın 2-də isə Nizami Kino Mərkəzində müsabiqə yekunlarına aid brifinq keçirildi və müsabiqənin seçim komissiyasının üzvləri - kinodramaturq İlqar Fəhmi, teatrşünas Aydın Talıbzadə və rejissor Fehruz Şamiyev bir daha müsabiqənin obyektiv keçməsini gətirdikləri dəlillərlə sübuta yetirdilər. 

(Brifinq barədə geniş yazını təqdim edəcəyik)

Müsabiqə öncəsi suyu bulandırmaq, kino tariximizdə ilk dəfə rast gəlinən, hər bir istedadlıya şans yaradan bu müsabiqəyə ləkə yaxmaq istəyənlər sosial mediada paylaşımlar edirdilər ki, “nəticələr öncədən bəllidir və nazirlik öz adamları olan filankəslərə maliyyə ayrıracaq”. Və bu proqnozların heç biri özünü doğrultmadı. 

Yalnız ən yaxşılar seçildilər. Demək ki, kinomuz ölü nöqtədən qalxmaqda, tamaşaçılar şit və bayağı komediya filmləri əsarətindən azad olunmaqdadır. 

Belə də olmalı idi. Axı Mədəniyyət Nazirliyinin hazırkı komandası “qaranlıq bir künc-bucaq qalmasın” strategiyası ilə işləyir. Bu strategiya əvvəlki dönəmlərin zülmətini aydınlığa çıxarmaqdadır. Nə deyirik, həmişə işıqlıqda! 

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)