Bu gün “Hədis” animasiya filmi İzmirdə keçirilən beynəlxalq festivalda nümayiş olunacaq

Rate this item
(0 votes)

“Hədis” qısametrajlı animasiya filmi Türkiyədə keçirilən, “Oscar” mükafatı kvalifikasiyalı 24-cü İzmir Beynəlxalq Qısa Filmlər Festivalının “Panorama” proqramına seçilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı filmin yaradıcı heyətinə istinadən xəbər verir. 

 

Bu gün- noyabrın 14-də başlayan festival noyabrın 19-dək keçiriləcək.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub. Eyni zamanda, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

Ekran əsərinin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir. Filmin partiturasında Sevda Ələkbərzadənin musiqisi səslənir.

“ANİMAFİLM Studio”nun istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

Qeyd edək ki, filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)