Dünən Qənirə xanımın “Addım-addım Türkiyə" sənədli filmi təqdim olundu Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ də onun yoxluğuna inana bilmirik. Daim göz önündə, fəaliyyətdə olan, bu fəallığı və çalışqanlılığı ilə “od-alov insan” epitetinə tuş gələn Qənirə xanım necə ola bilər axı, mövcud olmasın? 

Budur, cismani ölüm varsa da mənəvi yaşayış hələ davam edir, onun ortaya qoyduğu işlər hələ davam edir. 

 

Noyabrın 3-də yenidən hamı onun işığına yığışmışdı, bu dəfə Nizami Kino Mərkəzinə. Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” adlı sənədli filminin təqdimatı idi.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin lentə aldığı filmin rejissoru Elnurə Kazımovadır. Film işlənərkən 64 gün ərzində Türkiyənin 57 vilayətində çəkilişlər aparılmışdı.

Bu təqdimat mərasimində Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, QHT rəhbərləri iştirak edirdilər. 

 

NİZAMİ CƏFƏROV

Təqdimat mərasimini açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov keçmiş həmkarının Vətəninə, xalqına bağlı olduğunu, insanların onu çox sevdiyini və ona inandıqlarını vurğuladı: “Qənirə Paşayeva anadan jurnalist doğulmuşdu. Sonra siyasətdə də uğur qazandı. Ünsiyyəti, səmimiyyəti, insansevərliyi onu həmişə digərlərindən fərqləndirirdi. O, çox yaradıcı insan idi və öz dövlətinə sadiq idi. Qənirə xanımı Türk dünyasında çox sevirdilər. O, bu məhəbbəti əməlləri ilə qazanmışdı”.

 

CAHİT BAĞCI

Qənirə Paşayevanın Türk dünyasını, türkləri çox sevdiyini diqqətə çatdıran Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bildirdi ki, Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunan “Addım-addım Türkiyə” sənədli filmi Türkiyənin tanıdılmasına bir töhfədir. “Qənirə Paşayeva Türk dünyasının cəsur qadını idi. O, az ömür sürsə də, üç insan ömrünə bərabər iş görərək, özündən sonra iz qoyub getdi, - deyə C.Bağçı əlavə etdi.

 

RÖVŞƏN MƏMMƏDOV

Qənirə Paşayevanı milli təfəkkürə malik insan, jurnalist, şəxsiyyət kimi xarakterizə edən, onun təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının övladı olduğunu deyən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onun zəhməti ilə ərsəyə gələn filmin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, Qənirə Paşayeva karyerasına jurnalist kimi başladığı kimi, onun jurnalist kimi son işi də çəkdiyi sənədli film oldu. AzTV-nin sədri Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filmi ilə Qənirə Paşayevanın izləyicilərə mesajlar verdiyini vurğuladı. 

 

DİGƏRLƏRİ

Mərhum deputatın əmisi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, qardaşı Hüseyn Paşayev, Milli Məclisin deputatı Arzu Nağıyev onunla bağlı xatirələrini bölüşdülər. 

Filmin rejissoru Elnurə Kazımova Qənirə Paşayeva ilə birgə ərsəyə gətirdikləri ekran əsərindən danışdı. Filmin çəkilişində mərhum deputatın çox əziyyət çəkdiyini dilə gətirən rejissor Qənirə xanımın xatirəsinə ehtiram olaraq filmi davam etdirəcəyini bildirdi. 

Çıxışlardan sonra sənədli film nümayiş olundu. Və çox bəyənildi. Tanıdığımız Türkiyəni Qənirə xanım bizə yenidən tanıtdı. O həmişə belə idi, ən adi mətləblərin heç də adi olmadığını aşkarlayır, hər mövzuda nikbinliyə köklənir, ən zülmətdə belə ümid çırağı yandırırdı.

Ruhun şad olsun, Qənirə xanım!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)