Azərbaycan kinosu ilk dəfə “Qoyya” mükafatı uğrunda yarışacaq

Rate this item
(0 votes)

İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa Filmi” nominasiyasında nüfuzlu “Qoyya” mükafatı uğrunda müsabiqəyə qatılıb. Bu, Azərbaycan kinosu tarixində bir ilkdir. Filmi müsabiqəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı təqdim edib.

 

Bu barədə Azərbaycan Kinematoqraflar İttifaqı məlumat yayıb.

 

Filmdə baş rolları Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, uşaq aktyorlar Hümbət Əhmədzadə, Paşa Məmmədli ifa ediblər. Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşçu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).

 

Qeyd edək ki, bu mükafat İspaniya Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təsis olunub (Academia de las Artes y las Ciencias Cinematográficas de España (Academy of Motion Picture Arts and Sciences of Spain) və “Oskar”. “BAFTA”, “Sezar”la yanaşı Kino akademiyaları tərəfindən təqdim edilən ən nüfuzlu kino mükafatlarındandır. Alexandra Amnebar, Pedro Almodovar, Karlos Saura kimi nüfuzlu kinorejissorlar bu mükafatın qalibi olublar.

 

Dünya premyerası Busan Beynəlxalq Film Festivalında (Cənubi Koreya) baş tutan Suğra və oğulları” film Hindistan, İsveçrə, ABŞ və Almaniyanın nüfuzlu kino meydanlarında nümayiş olunmuş, “Asiya və Sakit Okean ölkələri Kino Akademiyasının”( Asiya “Oskar”ı) mükafatına “Ən yaxşı ssenari” kateqoriyasında nominant olub.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)