Kral öldü! Yaşasın Kral!

Rate this item
(0 votes)

Gəncə Dövlət Dram Teatrı Ejen İoneskonun “Kral ölür” tamaşası ilə 15 günlük qastrol səfərində olub

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərovun təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrı Türkiyə və Gürcüstanda Ejen İoneskonun “Kral ölür” tamaşası ilə 15 günlük qastrol səfərində olub. 

 

Teatr, həmçinin Avrasiya Teatrlar Birliyinin İstanbulda keçirdiyi V Maltepe Beynəlxalq Teatr Festivalında iştirak edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə teatrın yaydığı açıqlamada deyilir. 

 

Açıqlamada bildirilir ki, festivalda Azərbaycanı Beynəlxalq münsiflər heyətinin tərkibində teatrın direktoru Aqil Bəhramlı təmsil edib. Festivala ümumilikdə 22 ölkə qatılıb.

Festivalın “Ən yaxşı aktyor” nominasiyasına isə teatrın aktyoru Elxan Yunis (Abbasov) layiq görülüb.

Festival müddətində Avrasiya Teatrlar Birliyinin ölkə təmsilçilərinin növbəti toplantısı da keçirilib. Toplantıda Avrasiya Teatrlar Birliyinin qurucularından biri və Azərbaycan təmsilçisi Yusif Cəfərov da iştirak edib.

Teatrın kollektivi, eyni zamanda, Ankarada keçirilən 15-ci ETHOS Beynəlxalq Teatr Festivalında, Türkiyənin Amasiya şəhərində və Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrında çıxış edib.

Amasiya şəhərində Türkiyənin tanınmış xəbər televiziya kanallarından olan “İHA” TV aktyorlardan müsahibə alıb və Türkiyənin bir neçə TV kanalında Gəncə Dövlət Dram Teatrı və “Kral ölür” tamaşası haqqında maraqlı süjet nümayiş olunub. Səhnə əsəri tamaşaçılar tərəfindən yüksək sevgi və alqışlarla qarşılanıb.

Qeyd edək ki, Ozurgeti teatrı ilə Gəncə Dövlət Dram Teatrı arasında 2016-cı ildən yaradıcılıq memorandumu imzalanıb.

E. İoneskonun “Kral ölür” tamaşasının quruluşçu rejissoru Tural Mustafayev, rəssamı Mustafa Mustafayevdir. Rollarda Əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova və Ruslan Hüseynov iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)