Bu gün böyük Atatürkün anım günüdür

 

Türk dünyasının böyük oğlu, sərkərdəsi, dövlət xadimi Mustafa Kamal Atatürk 1881-ci ildə Salonikidə anadan olub, osmanlı türk paşası, marşal, islahatçı, siyasətçi, dövlət xadimi kimi Türkiyə tarixində əvəzsiz yer tutub. O, Türkiyədə monarxiyanı ləğv edərək respublika qurub, 1923-cü ildən ta ki ömrünün sonunadək – 1938-ci ilədək prezidentlik edib. Birinci dünya müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala Cəbhəsində polkovnikliyə, Sina-Fələstin Cəbhəsində isə İldırım Orduları generallığına təyin edilib. Antanta dövlətləri tərəfindən Türkiyə tam işğal təhlükəsi ilə üz-üzə gələndə Atatürk Türkiyə İstiqlaliyyət Müharibəsinin ön sıralarında görünüb, Türk Milli Hərəkatına öndərlik edib.  Qurtuluş döyüşü müddətində o, Ankara hökumətini qurub, Antanta tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğradıb, türk millətini zəfərə aparıb. Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir və dünyəvi bir dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlara başlayıb. Liderliyi altında minlərlə yeni məktəb inşa edilib, ibtidai təhsil pulsuz və zəruri hala gətirilib. Qadınlara bərabərlik və siyasi hüquqlar verilib, kəndlilərin kürəyinə yüklənən ağır vergilər azaldılıb. Ümumxalq sevgisinə tuş gələn Atatürk vəfatına qədər ard-arda 4 dəfə prezident seçilib. Tarixdə oynadığı əhəmiyyətli rol onu əbədiləşdirib, haqqında 379 əsər yazılıb. Həmçinin o, dünyada siyasətçi kimi ilk dəfə və tək nümunə olmaq üzrə YUNESKO təşkilatı tərəfindən 100-cü doğum ilinin bütün dünyada 1981-ci il "Atatürk ili" olaraq qəbul edilməsi şərəfini qazanıb. Ruhun şad olsun, böyük öndər!