UNESCO-nun Baş Konfransının 41-ci sessiyası işə başlayıb

UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası işə başlayıb.
AzərTAC xəbər verir ki, Azərbaycan sessiyada xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sessiyanın ilk günündə 40-cı sessiyanın prezidenti, Türkiyənin qurumdakı daimi nümayəndəsi, səfir Altay Cengizer, İcra Şurasının prezidenti və UNESCO-nun Baş direktoru Odre Azule çıxış ediblər. 41-ci sessiyada qeyri-hökumət beynəlxalq təşkilatların müşahidəçi qismində qəbul edilməsi, eləcə də qurumla rəsmi tərəfdaşlıq məsələlərinə baxılacaq.
Sonra Baş Konfransın yeni prezident və vitse-prezidentləri seçiləcək. Baş direktorun 2018-2020-ci illər üzrə hesabatı dinləniləcək.
Konfransın 41-ci sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti sahələr üzrə təmsil olunacaq.
Baş Konfransın 41-ci sessiyası noyabrın 24-dək davam edəcək.