Tovuzdakı Qala düzü ərazisində son orta əsrlər yaşayış məskəni aşkarlanıb

Rate this item
(0 votes)

Son zamanlar Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində tarixi abidələrin qeydiyyatı ilə bağlı görülən işlərin təkmilləşdirilməsi məqsədilə vacib sayılan bir sıra ərazilərdə arxeoloji tədqiqat işləri həyata keçirilir. Bu işlərdən ən sonu bu günlərdə yekunlaşıb: Nazirlik yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müraciəti əsasında Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz bölgəsində çalışan arxeoloji ekspedisiyası vacib bir missiyanı yerinə yetirib - rayonun Vahidli kəndi ərazisində yerləşən Son Orta əsrlər dövrünə aid Məscid və Türbə kompleksinin ətraf ərazilərində ilkin arxeoloji qazıntı işləri aparıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumata verir ki, sözügedən arxeolji  tədqiqat işləri Qala düzü adı ilə tanınan ərazidə həyata keçirilib. Qazıntı işləri zamanı Qala düzü ərazisində Orta əsrlər dövrünə aid yaşayış yerinin mövcudluğunu sübut edən mədəni təbəqə aşkar edilib. XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqlarının aşkar olunması ərazidə yaşayış olduğunu sübuta yetirib. Bununla da Məscid və Türbə kompleksinin və əsasən karvan yolları üçün nəzərdə tutulmuş körpünün burada olması ərazidə zəngin yaşayış yerinin mövcudluğunu təsdiqlənmiş olub.
Ümumilikdə 2 hektardan çox ərazini əhatə edən abidələr Son Orta əsrlər dövrünə aid Tovuzda qədim yaşayış yerinin kompleks şəkildə qorunmasını və tədqiqinin vacibliyini ortaya qoyur.