Bu gün Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi - Qarabağ” sərgisi açılacaq

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Mədəniyyətimizin incisi - Qarabağ” adlı sərgi açılacaq.
Bu sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi və Niyazinin xatirə muzeyinin fondlarına məxsus eksponatlar nümayiş olunacaq.
İştirakçılar sərgidə Qarabağ bəstəkarlarının, ifaçılarının və musiqiçilərinin Azərbaycanın mədəni irsinə verdiyi böyük töhfələrə canlı şahid olacaq.
Sərginin ekspozisiyasında Qarabağ xalça və xalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları nümayiş olunacaq. Sərgidə Xurşidbanu Natəvanın əlyazmaları, Usta Qəmbər Qarabaği və Mir Möhsün Nəvvabın rəsmləri, M.M.Nəvvabın “Dəvazdəh bənd” əlyazma kitabı, Üzeyir Hacıbəylinin, Bülbülün, Niyazinin şəxsi əşyaları və bu sənətkarların həyat və yaradıcılıqlarını əks etdirən çoxsaylı fotoşəkillər yer almaqdadır. İzləyicilər vernisajda 250-yə yaxın Qarabağ incisi ilə tanış ola biləcəklər.