Dünən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Noyabrın 2-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, əvvəlcə İctimai Şuranın sədri Gəray Əlibəyov görülən işlər barədə məlumat verib. Şura sədri nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətdən söz açıb.
Sonra QHT Forumunun prezidenti Rauf Zeyni İctimai Şuranın yaranma zərurəti, funksiyaları, görüləcək işlər və fəaliyyət prinsipi barədə ətraflı məlumat verib.
İclasda İctimai Şuranın üzvlərinin sahələr üzrə təhkim olunması qərara alınıb. Həmçinin iclas çərçivəsində Mədəniyyət Nazirliyinin saytında “İctimai Şura” bölməsinin yaradılmasının təqdimatı olub.
İctimai Şuranın ekspertləri qismində iclasa dəvət alanlardan Firuz Mustafa, Qəşəm Nəcəfzadə, Varis Yolçiyev, Şahbaz Xuduoğlu çıxış edərək bu və ya digər məsələlərə münasibətlərini bildiriblər.
Həvəskar teatr festivalının keçirilməsi, bəzi rayon mədəniyyət evlərinin problemləri, gənc rəssam və heykəltaraşların icra olunan layihələrdən kənarda qalması kimi məsələlər müzakorə mövzusu olunub.
Sonra İctimai Şuraya ünvanlanan məktublar müzakirə edilib.
İclasın yekununda İctimai Şuranın teatr, kino, fondlar, nəşriyyat və kitab işi, incəsənət sahəsi, beynəlxalq əməkdaşlıq, habelə muzey işi və mədəni sərvətlər üzrə işçi qrupları yaradılıb.
Eyni zamanda İctimai Şuranın səmərəli fəaliyyəti üçün ofisə ehtiyacı olması zərurəti vurğulanıb.