Bu gün yeni əhatə dairəsi axtarışı günüdür

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:


2 noyabr. Yeni əhatə dairəsi axtarışı günü
Dost və tanışlar səni qane etmirlər? Onda lütfən bu gün hər şeyə yenidən başla, dostları və tanışları dəyiş. Özünə yeni “kruq” tap. Əslində ilk baxışda bu çox çətin görünür. İllərlə fortmalaşan münasibətləri necə qırasan, başqasıyla təzədən necə münasibət qurasan? Azərbaycanda bir məsəl də var, hər şeyin təzəsi, dostun köhnəsi. Yəni, mental olaraq azərbaycanlılar bu cür gedişlərə hazır deyillər, bizdə ailəni, dost dairəsini dəyişmək istisna hallarda baş verir. Ona görə də 2 noyabrdakı bu təyinat necə olsa da bizə yad görünəcək.


2 noyabr. Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü
Son on ildə 700-dən çox jurnalist cinayətin qurbanı olmuşdur. YUNESKO-nun Baş direktorunun məruzəsinə görə, 2006-2013-cü illərdə jurnalistlərə qarşı cinayətlərin cəmi 6 faizi (593 hal) təhqiqata cəlb edilmişdir. 171 iş üzrə (28 faiz) hələ də müxtəlif instansiyalarda təhqiqatlar dolaşıb qalmışdır, 384 cinayətin isə (68, 8 faiz) üstü sadəcə örtülmüşdür. Bu cür cəzasızlıq jurnalistlərə qarşı cinayətkarlıq hallarını daha geniş miqyasa çatdırmaqdadır. Yeri gəlmişkən, 2005-ci ilin martında güllələnən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də bu qəbildəndir. 2013-cü ildə BMT Baş Assambleyası öz 68-ci sessiyasında 2 noyabrı Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü elan edəndə bu cəzasızlığa tez bir zamanda son qoyulmasına inamını da bildirmişdi.
Bəs niyə məhz 2 noyabr? Çünki 2013-cü ilin 2 noyabrında iki fransız jurnalisti Malidə öldürülmüşdü, yerli hakimiyyət isə hadisəni ört-basdır etməyə çalışırdı.


2 noyabr. Musiqi xadimi Şəhla İbrahimovanın 60 illiyi  
Tanıyaqmı bu musiqi xadimimizi? Şəhla İbrahim qızı İbrahimova 1961-ci il noyabr ayının 2-də Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil alıb. O, 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının Kamera ansamblı və Simli alətlər kafedrasında işləyir. Hazırda Simli alətlər kafedrasının müdiri və professorudur. Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, “Orkestr repertuarı” adlı proqramın, “Skripka üçün orkestr çətinlikləri” adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Respublikanın “Əməkdar artisti”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. Təbrik edirik Şəhla xanımı!


2 noyabr. Koronasiya və ölülər günü
Bu gün şimal qonşumuz İmperator kəlməsini gen-bol işlədəcək. 1721-ci ildə Senat 1-ci Pyotra imperator titulu verib. 1884-cü ildə də imperator 2-ci Nikolay taxta çıxıb.
İrlandiyada Bernard Şounun – dramaturq, publisist, Nobel mükafatı laureatının anım günüdür, kişi 1950-ci ildə haqq dünyasına gedib.
Bu gün əfsanəvi Selassienin koronasiyası günüdür deyə həm Qvatemala, həm Honduras, həm Salvador – üç Mərkəzi Amerika ölkəsi, həm də Boliviya – Cənubi Amerika ölkəsi ölülər gününü qeyd edəcəklər. Şimali Amerika ölkəsi olan Meksikada isə bu gün İkinci ölülər günüdür, çünki birincisi noyabrın 1-nə təsadüf edirdi. Gözünə döndüyüm əsas Amerika ölkəsində - ABŞ-da isə ölü-filan söhbəti yoxdur, növbəti Milli mətbəx bayramıdır, içi marinə edilmiş tərəvəzlə doldurulmuş yumurta günüdür.

 Varisin “Həftənin təqvimi” yazısından seçmələr